Gövhər Həsənzadə: “Hazırda yazılan bəzi musiqilər insan zehninə mənfi təsir
göstərir” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mən gücünə güvənib, amma haqsız olanın o gücündən istifadə edib haqlı olanı
əzən proseslərdə özümə nəzarəti itirə bilərəm”.
Bu sözləri Cixisyolu.com-a müsahibəsində bəstəkar, Azərbaycanın Əməkdar incəsənət
xadimiGövhər Həsənzadə bildirib. Onunla müsahibəni təqdim edirik.
– Bir zamanlar, daha dəqiq desək, 2000-ci illərin əvvəllərində bir mahnı bumu
yaşanırdı Azərbaycan musiqisində. Amma o dövr sanki bir dalğa kimi keçdi və
indi yaxşı musiqinin böyük bir boşluğu görünür. Sizcə, bunun səbəbi nədir?
– O dövrdə sağlam rəqabət var idi. Və sağlam rəqabət üçün də şərait var idi.
Həmin şəraiti yaradanlar isə musiqiyə aidiyyəti olan peşəkarlar idi. Eyni
zamanda, musiqiçi də, rejissor da, şair də, klipmeykerlər də peşəkar idilər. O
vaxt “mən klip çəkirəmsə, kinorejissorluğa ehtiyac yoxdur”, “mən mahnı
yazıramsa, klassik musiqini bilməyimə ehtiyac yoxdur” kimi absurd anlayışlar
yox idi. Yəni sənətkarlar hər şeyin bünövrəsini mükəmməl biləndən sonra
işləyəcəkləri janrı seçirdilər.
Bundan başqa, o dövrlərdə radio və televiziyalarda çalışan musiqi redaktorları
və konsert təşkilatçıları da peşəkar idilər. İncəsənətə, mədəniyyətə aidiyyəti
olan insanlar idi. Və onlar efir üçün düzgün, zövqlü musiqi seçmək bacarığına
malik idilər.
– Deyirlər, indi zövqlər korlanıb.
– Bəli, indi zövqlər korlanıb. Əlbəttə ki, söhbət əksəriyyətdən gedir, hamıdan
yox. Biz o zaman zövqləri formalaşdıran bir komanda idik. Mən musiqi yazırdım,
aranjimançı aranjiman edir və bu proses zamanı ehtiyac olan melodiyanı əldə
etmək üçün instrumental ifaçılardan da istifadə olunurdu. Beləliklə, bir
musiqidə yeddi-səkkiz musiqi alətindən biri sintezator olurdu. Əfsuslar olsun
ki, bu gün əksər musiqilərdə heç bir canlı musiqi alətindən istifadə olunmur.
Mahnı ancaq sintezatorda aranjiman olunur və onun beynində hər bir canlı alətin
ancaq bir manerada ifa olunmuş səs düzümü məhdudiyyəti var. Düşünürlər ki, əgər
texnologiya inkişaf edibsə və həmin alətlərin səsini bir alətə yazıblarsa, daha
niyə ifaçıları çağıraq? Elə sintezatordan istifadə edək, vəssalam.
Amma mən bir pianoçu kimi skripka partiyasını düzgün və əsl skripkaçı kimi ifa
edə bilmərəm. Əlimin altında fortepiano formasında olan alətin dilləri skripka
səsi versə də, mən bunu edə bilmərəm. Hər bir alətin öz diapazonu, real
ifaçılıq texnikası var. Onlara riayət etmək lazımdır. Başqa halda hər nə cür
olsa da, bu səslənmə qeyri-peşəkarlığı büruzə verir. Bu gün ona görə bu cür
yazılan musiqilər insan zehninə, beyninə mənfi təsir göstərir. Çünki o
instrumentallar süni səslənmə ilə ərsəyə gəlir. Və elektron səslənmənin
nəticəsində insan beyni yorulur. Beyin bir neçə saniyədən sonra onu qavramaqdan
imtina edir. Elə bu cür yanaşma nəticəsində bu gün janrların müəyyənləşməsi və
musiqi səslənmələrində texniki baxımdan çox böyük boşluqlar var.
– Hazırda sanki aranjimançı həm bəstəkardır, həm musiqiçidir, həm səsyazandır.
Buna münasibətiniz necədir?
– Bu gün ifaçılarımız böyük sənət yolu keçib, bəstəkarla səsyazma
studiyalarında əziyyət çəkib, instrumental ifaçıların dediklərini eşitmədən,
onlarla ayaqlaşmaq istəmədən, “mən belə oxumaq istəyirəm” deyib, üz tutdular
qeyri-peşəkar aranjimançılara. Peşəkar aranjimançılar onlara izah edəndə ki bu
səs bu alətdə yoxdur, bunu belə aranjiman etmək olmaz, bu cür ifa etmək böyük
bir səhv olar, ifaçılar onları eşitməyib, üz tutdular “hər şey olar” deyən
qeyri-peşəkar aranjimançılara. Nəticədə zehnə mənfi təsir edən, psixoloji
qavrama sistemini sıradan çıxaran bir musiqi dalğası, daha doğrusu, səs dalğası
meydana gəlir. Burada tək müğənni deyil, ümumiyyətlə kim nə istədi, etdi və
keçdilər bazar sisteminə. Sponsoru olanlar efir vaxtını pulla alıb, orada
istədiyini xalqa təqdim etməyə başladılar. Az qala, hər iki-üç mahnıdan bir
onların ifası səsləndirildi və nəticədə biri nəfərdən yüz oldular, yüzdən iki
yüz, min, minlərlə olub efiri zəbt etdilər. Nəticədə o peşəkar musiqiçiləri,
peşəkar ifaçıları, peşəkar bəstəkarları, peşəkar şairləri sıxışdırıb çıxardılar
və bütün şou-biznesi də zəbt etdilər. Təsəvvür edirsinizmi, bu gün peşəkar
bəstəkarların efirdə səslənən musiqiləri 100 faizdən cəmi bir faizdir. Peşəkar
musiqilər indi ancaq dövlət kanallarında səslənir. Bəzi özəl kanallarda da
zövqlü redaktorlar var, bizim dövrün adamlarıdır, tanıyırlar, bilirlər,
musiqidən anlayışları var, onlar da ancaq tək-tük müəllif verilişlərində bu
imkanlarından istifadə edə bilirlər. Amma əksər efirlərdən səslənən Azərbaycan
musiqi təbliği sistemində peşəkar musiqi yoxdur.
– Necə oldu ki, sponsorlu qeyri-peşəkar müğənnilər belə vüsət ala bildilər?
– O dövrdə Bakı Şəhər Mədəniyyət Mərkəzinin (ovaxtkı Şəhriyar adına Mədəniyyət
Mərkəzi) direktoru idim, əlimdə səlahiyyət var idi. Belə deyək də, böyük bir
inzibati bina Azərbaycan mədəniyyətinə xidmət etmək üçün bizə həvalə edilmişdi.
Orada özfəaliyyət kollektivləri, müğənni və ümumiyyətlə yaradıcı insanların
inkişafı üçün çox gözəl şərait vardı, Qafqazda ən yüksək səviyyədə akustikası
olan və illərlə məşhur “Melodiya” səsyazma şirkətinin bütün vallar üçün
səsyazmaları həyata keçirdiyi konsert salonu məhz bu binada yerləşirdi.
Həftənin yeddi günü hər zövqə, hər yaş həddinə uyğun 8-10 tədbir keçirilirdi.
Mübariz Tağıyev, Nisə Qasımova, Sərxan Sərxan, Nazpəri Dostəliyeva, Zülfiyyə
Xanbabayeva, Faiq Ağayev, Aygün Kazımova və demək olar ki, bütün sənətkarların
konsert proqramları və eləcə də Eyyub Yaqubovun, Ədalət Şükürovun, Namiq
Qaraçuxurlunun, “Bu şəhərdə”nin ilk solo konsertləri orada baş tutmuşdu. Ondan
başqa, tez-tez xeyriyyə konsertləri keçirilirdi, müğənnilər canla-başla iştirak
edirdilər orada. Bir sözlə, əsl sənət ocağı idi.
Oradakı studiyamızda “Şeron”, “W-trio”, “Unformal” və daha altı rok qrupu
formalaşıb araya-ərsəyə gəlib. Bir binada həm məşq otaqları, həm səsyazma
studiyaları, həm klipmeykerlərin iş otağı (burada Kənan M.M., Emin
Mirabdullayev, Fuad Əlişov və s. kimi klipmeykerlər çalışırdılar), eyni zamanda
da səhnə vardı. Yaradıcı adam bu ortamda həm məşqini edir, həm səsini yazdırır,
həm klipini çəkdirir, həm də peşəkar səhnədə konsertini verirdi. Yəni müğənni
üçün lazım olan hər bir şey sistem şəklində orada vardı. Müğənni orada tam bir
sənət yolu keçirdi. Mədəniyyət Mərkəzimiz bir tramplin kimi idi. Orada konsert
verən adam sanki imtahandan uğurla keçir, ölkənin bir nömrəli konsert salonu
olan Heydər Əliyev Sarayında konsert verməyə hazır olurdu. Bax, bu sistem
yaradıcı adamı gözəl bir yaradıcı sexdən keçirərək inkişaf etdirir,
yetişdirirdi. Rəqabət də bu cür sağlam formalaşırdı. Amma indi hərə bir otaq
ayırıb, deyir ki, bura mənim şəxsi studiyamdır. Özü söz yazır, özü musiqi
bəstələyir, özü oxuyur. Belə olmaz axı. Hamı bir yerdə olmalı,
qaynayıb-qarışmalıdır. Necə ki yazıçılar üçün Yazıçılar Birliyi, bəstəkarlar
üçün Bəstəkarlar İttifaqı, rəssamlar üçün Rəssamlar İttifaqı var, bu da o
cürdür. Yəni yaradıcı insanların toplaşdığı, görüşdüyü, müəyyən layihələr
işlədiyi, fikir mübadiləsi apardığı bir yer, bir qurum olmalıdır. Heyf ki,
bizim bir canlı orqanizm kimi işləyən sistem dağıldı.
– “Day after day” mahnısı “Avroviziya” müsabiqəsində ən yaddaqalan mahnı oldu.
– O mahnıda bizim xarakterimiz var. Orada tənqid, üsyan, qürur, Azərbaycanın
odlar yurdu olması var, muğamlarımızın Allahın, səmaların musiqisi olması var,
çağırış var, təslim olmamaq – mübarizlik var. Bütün bunlar biz azərbaycanlılara
xas olan şeylərdir. Birinci il “Avroviziya”ya gedəndə bizə verilən əsas
tapşırıq Azərbaycanı Avropaya təqdim etmək idi. Biz mahnı səslənən həmin o üç
dəqiqədə özümüzü tanıtmalıydıq. Bəli, kompozisiyamız əla rezonans yaratdı. Amma
əslində, biz qeyri-adi heç nə etməmişdik. Nəyimiz vardısa, hərəsindən bir
az-bir az götürdük və onu yaratdıq. Klassik musiqimizi, vokal məktəbimizi,
rokumuzu, müasirliyimizi, beynəlmiləlliyimizi, tolerantlığımızı göstərdik.
Mahnı beynəlxalq dildə – ingilis dilində ifa olunsa da, muğam parçası əlavə
edərək “aman-amanla” öz dilimizi də göstərdik. Və nəhayət, biz orada necə
mərhəmətli xalq olduğumuzu göstərdik. Var-dövlətin içərisində çaşıb qalan
bədbəxt şeytanın əlindən tutduq, paltarını cırdıq, qara mələyi ağ mələyə
çevirdik. Biz yenə də əl tutduq, biz yenə də bağışladıq, mərhəmət göstərdik.
Çünki biz öldürən, asan-kəsən, zəbt edən xalq deyilik. Biz həmişə ehtiyacı olan
adama qapı açmışıq, süfrəmizin yuxarı başında oturtmuşuq, nemətlərimizin ən
yaxşısına onları qonaq etmişik. Sabah o bizə nankorluq etsə də, üzümüzə ağ olsa
da, öz aləmində bizi aldatmış olsa da, biz beləyik. Amma onlar heç nə edə
bilmirlər, riyakar istəklərinə çata bilmirlər. İlahi vəhy bizi qoruyur. Biz
dəyişib pis olmuruq, əksinə, daha da yaxşı olmağa və pisləri də yaxşıya
çevirməyə çalışırıq.
– Sizcə, “Avroviziya”da uğurlu nömrə üçün nə lazımdır?
– Mən ilk və ən mükəmməl hazırlıq dönəmində iştirak edən, Allahın xoşbəxt bir
bəndəsi kimi deyə bilərəm ki, ən gözəl və ən mükəmməl hazırlıq bizdə olub. Bu
etimadı mənə göstərdiyinə görə dönə-dönə dövlətimizə minnətdarlıq edirəm.
“Avroviziya” üzrə ən təcrübəli bir adam kimi isə deyə bilərəm ki, bu işdə
müğənninin 20 faiz qatqısı var. Qalanı 80 faizi yaradıcı heyətdir. Çünki
səhnədə olan ifaçı ancaq ona deyilənləri edir. Özündən heç nə əlavə edə bilməz,
əlavə də etmir. Ona o hüquq verilmir. Hansı saniyədə gözünü qırpmalıdır, əlini
qaldırmalıdır, onu edir. Buna görə biz ifaçını heç vaxt müzakirəyə
çıxartmamalıyıq. İfaçı istedadlıdır. İstedadlı olmasa, oraya göndərməzlər. Əsas
məsələ – yaradıcı heyətdir. Kompozisiya, yaradıcı heyət nə qədər çox ruhən
azərbaycanlıdırsa, o qədər uğurludur. Mən milliyyətdən danışmıram, ruhdan
danışıram. Dönə-dönə deyirəm, yaradıcı heyət nə qədər azərbaycanlı ruhdadırsa,
çıxış bir o qədər uğurlu olacaq. Ola bilməz ki, Azərbaycan məhsulu, Azərbaycan
yaradıcılığı, Azərbaycan heyətinin hazırladığı musiqi növü Avropada uğursuz
olsun. Bu, mümkün deyil!
– Bizim musiqimizin ruhu, canı nədir?
– Biz sevgi xalqıyıq. Bizim ruhumuzda sevgi, mərhəmət və qürur birləşərək azad
təfəkkürə tabe olur. Bizi çərçivəyə salmaq olmaz. Bizim musiqimiz azad
təfəkkürdür. Biz hər şeyə sevgi qatırıq. Hətta xörək bişirəndə belə onu sevgi
ilə edirik. Sevərək evimizi bəzəyirik, qonağı sevgiylə qarşılayırıq, rəsmi
sənədi belə, sevgi ilə hazırlayırıq. Baxırıq ki, o da estetik cəhətdən gözəl
olsun. Hətta sənədi imzalayacağımız qələmə də diqqət edirik. Onun da gözəl
olmağını istəyirik. Bizim ruhumuz ancaq gözəlliyi tərənnüm edir.
– Yeddi notdan sonra nə gəlir?
– Yeddi notdan sonra yeni oktava gəlir. Və orada notun adı eyni olsa da, bu
artıq başqa diapazon, başqa oktavadır. Deməli, səslənməsi də başqadır. Deyirlər
ki, yeddi not var, yeddi rəng var. Bəs rəngdən-rəngə keçən çalarlara biz nə
deyirik? Göy ilə sarı arasında dəyişən rənglərin adı nədir? Göy yaşıla doğru
sarılaşa-sarılaşa gedir və nəticədə yaşıl olur. Bəs o arada qalan rənglərə nə
deyirik? Bilirsinizmi, notlar da elədir. Məsələn, do ilə re arasında yüzlərlə
səs var. Bu, bemol, bekar, diyez deyil, onlar, sadəcə, tonu dəyişir. Mən
dediyim səs xırdalıqlarıdır. Muğamda səs titrəmə dalğaları var. O qədər
xırdadırlar ki, not kimi tutmaq mümkün deyil, o notun adı yoxdur.
– Bəs həyatda yeddi notdan o yana nə var?
– Əfsuslar olsun ki, həyat mənim üçün yeddi notdan ibarət deyil. İki laddan,
iki xarakterdən – major və minordan ibarətdir. Bunlar duyğu səslənmələridir –
şən və qəmli.
– Major Gövhər Həsənzadə hansıdır, minor hansı?
– Vəzifəsi, tutduğu mövqeyi, sənəti, üzərində olan məsuliyyətləri olmayanda
ancaq özü olan Gövhər majordur. Amma ciddi olmaq üçün mütləq minor olmalıyam.
Bəzən səmimiyyət çərçivələrini aşıram. Amma biz “olmaz”lar olan bir dünyada
yaşayırıq. Ciddi işlərlə məşğul olursansa, hər hansı bir vəzifədəsənsə, demək,
“olmaz”ların “olar”larından daha çoxdur. Sən mütləq çərçivənin içərisində
olmalısan. Və qanunlara tabe hərəkət etməlisən. Hisslərlə çalışmaq olmaz. Mən
yaradıcılıqda olanda da tam rahat deyiləm, hər istədiyimi etmirəm. Bu, aldığım
təhsildən irəli gəlir. Musiqinin də qanunları, “olmazları” var. Onları adlaya
bilmərəm.
– Kənardan olduqca təmkinli, səbirli görünürsünüz. Təmkinli Gövhər Həsənzadəni
özündən nə çıxara bilər?
– Haqsızlıq! Məni özümdən ancaq haqsızlıq çıxara bilər. Bu, mənim ən zəif
tərəfimdir. Mən gücünə güvənib, amma haqsız olanın o gücündən istifadə edib
haqlı olanı əzən proseslərdə özümə nəzarəti itirə bilərəm. Məndən buna etiraz
olaraq başqa bir Gövhər ortaya çıxa bilər. Heyf ki, dəstək olmağa bir çox
hallarda gücüm yetərli olmur. Amma ədalətin bərpası üçün lap şəxsi
maraqlarımdan keçməli olsam, tərəddüd etmədən keçərəm və keçmişəm də. Buna görə
həyatda həddindən artıq zərbə almışam. Amma heç vaxt duruşumu dəyişməmişəm və
dəyişmərəm də. Özümə bunu yaraşdırmaram. Mən şəxsi maraqlarıma görə heç vaxt
haqsızın yanında olmaram, gözümü ədalətsizliyə yummaram.
– Bu gün yaradıcılıqla yanaşı, yaradıcıların müəllif hüquqlarını da
qoruyursunuz.
– “Müəllif hüquqları” İctimai Birliyinin İdarə Heyətinin sədri kimi mən
Azərbaycan sənəti, musiqisi, incəsənətinin qorunması üçün işlərin məsuliyyətini
üzərimə götürmüşəm. Hazırda biz musiqilərimizin müəlliflərinin
müəyyənləşdirilməsi, onların beynəlxalq statuslarının alınması, beynəlxalq
layihələrdə səslənməsi, anonimlikdən çıxarılması, müəllifin adının təqdimatı
üçün çalışırıq. Dünyasını dəyişən müəlliflərin vərəsələrinin müəyyənləşməsi
üzrə də işlər gedir. Yəni hər bir yaradıcı insanın öz yaratdığı əsərin rəsmi
müəllifi olsun deyə səylər göstəririk. Bu işdə böyük dəyəri və dəstəyi olan
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin əməyini və diqqətini
xüsusilə qeyd etmək istəyirəm. Bu yaxınlarda Benilüks ölkələrində səfərdə
olduq. Lüksemburq, Brüssel, Amsterdam, İstanbul kimi şəhərlərdə, həmçinin,
Avropanın digər şəhərlərində işgüzar səfərdə olduq. Həm ölkəmizi, həm də bir
azərbaycanlı kimi bizi tanımaqları vətəndaş olaraq məni çox sevindirdi. Mən
bunu qələbə hesab edirəm. Əvvəllər də xaricdə rəsmi səfərlərdə çox olmuşam.
Amma indi Azərbaycanın imicinin bu qədər yüksək olması, tanınması mənə çox
qürurverici oldu. Deməli, dövlətimizin illərlə apardığı siyasət, gördüyümüz
işlər uğurlu olub. Əlbəttə, bunun bünövrəsində 30 ildən sonra torpaqlarımızı
azad etməyimiz, suverenliyimizi bərpa etməyimiz kimi şərəfli bir işimiz dayanır.
– Heç əlçatmaz arzunuz olub?
– Ən böyük arzum və sevgim baletdir! Lap balaca yaşlarımda baletlə məşğul
olsam da, sonra davam etməmişəm. Mənim üçün balet, səhnədəki balerina həyatda
istədiyim, amma həyata keçməyən yeganə arzumdur. Ondan başqa nəyi istəmişəmsə,
Allah mənə yetirib. Heç nəyin arzusunda nakam qalmamışam. Bircə balet
alınmayıb. Mənə elə gəlir ki, doğulanda o arzu ilə doğulmuşam. Bu günə qədər
balet mövzusuna çox həssasam. Balet izləyəndə mənə elə gəlir ki, hər şey həmin
dövrdə – mənim uşaqlıq illərimdə baş verir. Elə bilirəm ki, bu gün heç kim
balet yazmır, heç kim balet oynamır. Hamısı o zamanda baş verir. Mən orada
dayanmışam hələ də…
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın