e689f7d6-ebc5-4dd0-9eec-e7091106888d..jpg

“Göyçədə 13-14-cü əsrlərin məzar daşlarından da burada azərbaycanlıların yaşadığı məlum olur” – FOTO

Baxış sayı: 936 dəfə baxılıb.

“Göyçədə 13-14-cü əsrlərin məzar daşlarından da burada azərbaycanlıların
yaşadığı məlum olur” – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın
sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Sovet hakimiyyətinin
köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Bu zaman
ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliam, soyqırımı, köçə
məcburetmə, ata-baba yurdundan didərgin salınması kimi bir çox faktlar var.

Tanınmış jurnalist Tapdıq Fərhadoğlu “Report”a ailəsinin Qərbi Azərbaycandan
didərgin salınması, kəndlərinə edilən erməni basqınlarından və kəndlərində
törədilən etnik təmizləmədən danışıb.

Əslən Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndindən olan Tapdıq
Fərhadoğlu deyir ki, atası və babaları, ən azı ailəsinin 30 nəsil nümayəndələri
Qaraqoyunlu kəndində yaşayıblar:

“Ötən əsrin 80-ci illərinin sonlarından ermənilər tez-tez kəndimizə hücum
edirdi, ona görə kənddə fövqəladə vəziyyət elan edilmişdi. Onlar sovet
hərbçilərinin dəstəyi ilə Azərbaycan kəndlərində azərbaycanlılara qarşı
hücumlar təşkil edirdilər. Əslində sovet hərbçiləri Azərbaycan kəndlərini
erməni təhdidlərindən qorumaq üçün orada idilər. Lakin bunun əksi müşahidə
olunurdu. Ermənilər rahatlıqla kəndlərə soxulur, kənd əhalisini təhdid
edirdilər. Kəndlilər isə sadəcə ov tüfəngləri ilə özlərini, ailələrini,
kəndlərini qorumağa çalışırdılar. 1905, 1918-1919-cu illərdə Azərbaycan
kəndlərinə mütəmadi olaraq daşnak basqınları olub. Kənd sakinlərinin müqaviməti
zamanı xeyli qan tökülüb. Kəndimizdə bir yer var idi, həmin yeri “sümük
tökülən” dərəsi adlandırırdılar. Həmin dərədə o qədər adam həlak olmuşdu ki,
torpağı bir qarış, təxminən 20 santimetr qazanda insan skeletləri üzə çıxırdı.
Buradan kənddə baş verən qırğınların miqyasını təsəvvür etmək mümkündür”.

Elə bu səbəbdən o, 1988-ci il noyabr ayının 27-də valideynlərini Qərbi
Azərbaycandan – Qaraqoyunlu kəndindən çıxarmaq üçün evlərinə yollanmaq qərarına
gəlib:

“Tərtər rayonundan çox çətinliklə bir yük maşını tapıb oradan Kəlbəcər yolu
ilə Zod aşırımından kəndimizə üz tutdum. Sovet hərbçiləri bir BMP və bir BTR
hərbi texnikaları ilə kəndin girişində dayanmışdılar. Bu zaman öz kəndimizə
girə bilmək üçün sovet hərbçilərinə rüşvət verdim. Valideynlərimin yükünü yük
maşını ilə Goranboy rayonuna apardıq. İkinci dəfə qalan əşyalarımızı da
götürmək üçün evimizə qayıdanda kənddə artıq heç kimin qalmadığını gördüm. Köç
zamanı Aşıq Ələsgərin kəndi kimi də bilinən Ağkilsə kəndində yük maşınımız
palçığa bataraq yolda ilişib qalmışdı. Bu zaman bir nəfər də olsa, kömək üçün
adam tapa bilmədik”.

O bildirib ki, həmin ərazilərdə heç bir zaman erməni yaşamayıb:

“Göyçə mahalında kəndlərin qəbiristanlıqlarında 13-14-cü əsrlərdən qalmış
məzar daşlarından da burada azərbaycanlıların yaşadığı məlum olur.

Valideynlərim – atam Fərhad Quliyev, anam Kubra Quliyeva bu dünyadan
kəndimizin, öz dədə-baba yurdlarının həsrəti ilə köçdü və ölənədək bu nisgil
onların geridə qalan bütün həyatına, yaşayışına öz təsirini göstərdi”.

T.Fərhadoğlu deyib ki, hərdən “Google Map”də öz kəndinə baxır, evlərinin
yerini axtarır:

“Evimizin yerini tapsam da, özü yer üzündən bir dəfəlik silinib”.

Source link