Bayraq üzərində bir ölkənin, təşkilatın, fərqlənmə nişanı, rəmzi olan, bəzək nəqş edilən və ağac dəstəyə sancılan qumaş parçadır. “Bayraq” sözünün mənası da “batraq”, yəni “sancılan” anlamına gəlir. Tarixdə ilk bayrağın minlilər tərəfindən istifadə edildiyi haqqında fikirlər var. Qoşun və ordu başçıları hərbi yürüşlərində və ya hökmdarların səfərləri zamanı sivri ağacın ucuna sancılmış bayraqdan istifadə etmişlər. Bu bayraqlar həmin dövlət və qoşunları tanıtmaqla bərabər, onların qüdrətindən də xəbər verirdi.
Tarixdə ilk qırmızı bayrağı isə Xürrəmilər qaldırmışdır(VIII əsr). Zaman keçdikcə bayraq dövlət rəmzinə, məxsus olduğu dövlətin ərazisində yaşayanların milli varlığına çevrilmişdir.
Onun qiyməti təmsil etdiyi millətin varlığı qədər deməkdir. Bayraq, məxsus olduğu dövlətin müstəqilliyini və şərəfini təmsil edir və bu səbəbdən uğrunda can fəda etmək qəhrəmanlıq kimi qəbul edilir:
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq əgər ugrunda ölən varsa, Vətəndir.
Tarixdə ən şərəfli bayraqlardan biri də Türk bayraqlarıdır. Bu bayraqların içində hər birimizin hər an qurban getməyə hazır olduğumuz yeganə bayraq Azərbaycan bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan, rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı, alt zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir;düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik(eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir;böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək olub. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1/2 -dir.
Mavi rəng – Azərbaycan xalğının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız abidələr də tikilib və bu abidələrin əksəriyyəti mavi rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng – Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək istəyini ifadə edir.
Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içindı yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu gün torpaqlarımızın 20%-i murdar ayaqları altında qaldığından, Azərbaycan bayrağının ictimai-siyasi mənası daha şərəfli mahiyyət daşıyır. Azərbaycan oğullarının bu zər qumaşlı bayrağı Qarabağımız üzərində dalğalandıracaqlarına ürəkdən inanıram:
Sənsən Azadlıq eşqim,sənsən Hürr -deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı,
Azərbaycan bayrağı!
Bu gün 8 noyabr tarixində Göyçay rayonunda Bayraq bayramı münasibətilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli Bayraq yürüşü keçirildi.
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Göyçayda keçirilən ümumşəhər yürüşündə minlərlə rayon sakini iştirak edib.
Yürüşdə Göyçay İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.
Rayon ictimiaiyyətinin nümayəndələri, o cümlədən gənclər, idmançılar və ümumtəhsil məktəblilərinin şagirdləri, tələbələr, milli geyimdə olan qız, oğlanlar, zəngi sədalarının ağuşunda Heydər Əliyev prospektindən və müxtəlif istiqamətlərindən Bayraq Meydanına doğru yürüş ediblər. Heydər parkında Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xəlil Orucov çıxış edərək dövlət bayrağının rəmzi mənalarına toxunulub, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Üç rəngli bayrağımız barədə geniş məlumat verdi. X. Orucov qeyd etdi ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi dövlət səviyyəsində hər il qeyd olunur. Bildirilib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvənc yeridir.
Qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib.
Aytac Səmədova Bayraq şerini söylədi yürüş iştirakçıları tərəfindən alqışlandı.
Tədbirdə rayon Mədəniyyət şöbəsinin kolektivinin Milli geyimdə olan uşaqları Bayraq rəqsini nümayiş etdirdilər.Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
2009-cu ildə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan olunub. Bu gün həmçinin qeyri-iş günüdür.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda 162 metr yüksəklikdə Azərbaycan bayrağı ucaldılıb və Dövlət Bayrağı Muzeyi yaradılıb. Azərbaycanın dövlət bayrağı mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.
«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Məqaləni hazırladı – Nazim Quliyev