Göyçayda icra başçısı haqqında iddialar səsləndirən şəxs cəzalandırıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə
barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, artıq həmin müraciət araşdırılıb.
Məlum olub ki, “Facebook”da “Fərid M” adlı profillə icra başçısı haqqında
müxtəlif iddialar yazan şəxs 1990-cı il təvəllüdlü Məhəmmədəli S. imiş.
İcra başçısı rayonun kəndlərindən birinin sakini olan Məhəmmədəli S. barəsində
xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, gəncin Cinayət
Məcəlləsinin 148-ci (böhtan) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
Məhkəmə prosesində Məhəmmədəli S. “Facebook” səhifəsində Göyçay Rayon İcra
Hakimiyyəti başçısının bəzi şadlıq evlərindən 10 min manat tələb etməsi ilə
bağlı yazdığı fikirləri rayon sakinlərindən eşitdiyini deyib. O, icra
başçısının Göyçay çayının sahilində yerləşən, vətəndaşlara məxsus torpaq
sahələrində ev tikmələrinə imkan vermədiyini iddia edib. Eyni zamanda tikilmiş
evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə narazı
qaldığını və bu səbəbdən belə bir addım atdığını qeyd edib.
Məhkəmə Məhəmmədəli S.-nin gənc olmasını, birinci qrup əlilliyini, ilk dəfə
cinayət törətməsini və digər halları nəzərə alaraq ona iki min manat cərimə
cəzası verib.