7b081724-a2b5-4963-b6d3-97f1676a7a62..jpg

Gözəlliyin gətirdiyi risklər: İnsanlar nəyə diqqət etməlidirlər? – FOTO

Baxış sayı: 893 dəfə baxılıb.

Gözəlliyin gətirdiyi risklər: İnsanlar nəyə diqqət etməlidirlər? – FOTO

Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların
marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha
gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır. İstənilən
xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif
formalı və ölçülü zinət əşyaları var. İndiyə qədər daha çox qızıl və gümüş
məmulatlara üstünlük verilsə də, son zamanlarda bijuteriyadan daha çox istifadə
olunduğunu görürük. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Məsələn,
bijuteriyanın daha ucuz, əlçatan və rəngarəng olması və s.

Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin
əhvala təsiri necədir?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu məsələ insanları həmişə düşündürüb və araşdırmalar aparılıb. Bir çox
alimlər bu təsirin hər bir insanın orqanizminə özəl olaraq təsir etdiyini
bildirirlər. Kimi qızıl, kimi gümüş, kimi isə adicə bijuteriyanı heç bir
problem olmadan taxır.

Dünya psixoloqlarının fikrincə isə, bijuteriyanın müalicəvi əhəmiyyəti var.
Necə? Çox asan! Təzə aksesuarların alınması əhval-ruhiyyəni yüksəldir, alanı
stressdən azad edir. Zinət əşyalarını taxıb baxmaq insanı məişət
problemlərindən fikrən uzaqlaşdırır. Hətta bu cür stressatmanın əsəb sistemi
üçün 8 saatlıq yuxudan daha üstün olduğu barədə düşüncələr də var. Bərq vuran
gözəlliklər insan beynini rahatlamaq gücünə malikdir.

Dünyada məşhur olan rəng terapiyasını da bijuteriyalarla həyata keçirmək olar.
Axı rənglər insan orqanizminə, psixologiyasına, əhvalına təsir edir. Bunun üçün
xüsusi həkimlərə getməyə ehtiyac da yoxdur. Bir balaca sirrini bilib, özümüz də
edə bilərik. Məsələn, qəhvəyi rəng sakitləşdirir, narıncı rəng həyəcan gətirir,
mavi rəng iştahanı zəiflədir, sarı rəng işləmək həvəsi yaradır, qırmızı rəng
güc-qüvvə verir. Bu rəngli daş-qaşdan istifadə etməklə öz əhvalımızı özümüz
təyin edə bilərik.

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı,
dermatoveneroloq Elşad Novruzov deyir ki, müxtəlif bəzək əşyaları dəridə
allergik reaksiyalar yarada bilər:

“Buna tibdə kontakt allergik dermatiti və ya təmas allergik dermatiti
deyirlər. Bu cür allergik dermatitlər istənilən toxunma nəticəsində (həmçinin
də bijuteriyaya) yaranır. Fərdi olaraq məmulatın hazırlandığı maddəyə qarşı
həssaslıq ola da bilər, olmaya da. Hər hansı bir zinət əşyasını, bijuteriyanı
taxandan sonra mütləq dəriyə nəzər yetirmək lazımdır. Əgər dəridə heç bir
reaksiya olmadısa, bu, normaldır. Yox, əgər qaşınma, qızarma və yüngül quruma
varsa, deməli, istifadəçi narahat olmalıdır. Bu, allergiyanın ilkin əlamətidir.
Demək, bədəndə taxılan bijuteriyaya qıcıq var. Belə hallarda həmin məmulatdan
istifadə olunmamasını məsləhət görürük. Əgər həmin insan bu qıcığa fikir
vermirsə, istifadəni davam edirsə, qıcıq mütəmadi olaraq bədənə daxil olur və
ekzema xəstəliyinə çevrilir. Həmin insan müalicə almalı olur, amma qış fəslinə
keçəndə yenidən xəstəlik baş qaldırır. Payızda, qışda havalar soyuyanda dəri
quruyur, ekzema da quru dərini sevir. Əlamətləri də dəridə qızarmanın,
qaşınmanın çox olması, quruluğun artması, hətta bunun nəticəsində dəridə
çatların əmələ gəlməsidir. Bu xəstəlik hər il payız və qış aylarında təkrarlana
bilir. Ona görə də məsləhət görürük ki, yeni taxılan bəzək əşyasından sonra
dəridə yüngül qızartı, qaşınma, quruluq olduğu halda, ondan təkrar istifadə
etməsinlər. Qıcıq daxil olanda insan orqanizmi qıcıqla mübarizə aparır və qalib
gəlir. Təkrar qıcıq gəlmirsə, özü-özünə sağalır. Amma davamlı gəlirsə, keçir
digər xəstəliyə”.

Həkim qeyd etdi ki, insan orqanizminin qızıl və gümüşə qarşı həssaslığı azdır:

“Ona görə də həmin metallardan hazırlanmış bəzək məmulatları çox nadir
hallarda reaksiya verir. Məsələn, əvvəllər qızıldan (bəzən gümüşdən də) dişlər
qoyurdular. Ona görə ki, insan orqanizmi həmin maddəni qəbul edə bilir, ona
qarşı allergik reaksiya vermir”.

Kosmetoloq Nuriyə Adıgözəlova deyir ki, bir çoxlarımız zinət əşyalarımızı
taxandan sonra dərimizdə qaralma görürük:

“Buna müxtəlif səbəblər gətirirlər. Amma elm sübut edir ki, bu, oksidləşmənin
güclənməsinin nəticəsidir. Yəni dəri məmulatın hazırlandığı maddələrə görə
qarala bilər. Məsələn, hazırlanan məmulatın tərkibində mis ola bilər ki, onun
da oksidləşmə xüsusiyyəti var. İstifadə olunan kosmetik vasitələrlə taxılan
zinət əşyasının bir-birinə reaksiyası da dəriyə təsir edə bilər. Belə olduğu
halda, mütləq kosmetik vasitənin tərkibini oxumaq lazımdır. Bundan başqa,
gündəlik qida rasionumuzun da önəmi çoxdur. Ola bilər ki, bəzilərində sual
yaranar: qidamızın taxdığımız zinət əşyasına nə dəxli var? Baxın, alimlər
araşdırıblar ki, ət yeməyi sevən insanlar tərləyəndə bədənlərindən azot da
ayrılır ki, o da bəzək əşyasının tərkibində olan mis və nikellə reaksiyaya
girib dəridə qaralma verə bilər. Bu, qızıldan hazırlanmış məmulatlara da
aiddir. Çünki heç bir qızıl bəzək əşyasının tərkibi yüz faiz qızıl olmur.
Mütləq onlara mis, nikel və s. qatılır. Əlavə olaraq deyə bilərəm ki, qəbul
etdiyimiz dərmanlar, hava şəraiti, nəmişlik və s. də bəzək əşyalarımızın
dərimizdə müxtəlif reaksiyasına təsir edə bilər”.

Source link