Ötən gün Çempionlar Liqasının 2017/2018 mövsümünə yekun vurulub.
ÇıxışYolu.Com-ın məlumatına görə, Kiyevin Olimpiya stadionunda keçirilən final oyununda İspaniyanın “Real” komandası İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gəlib.
Qarşılaşma kral klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matç yaddaşlarda İngiltərənin təmsilçisinin qapıçısı Loris Kariusun iki kobud səhvi, Realın hücumçusu Qaret Beylin möhtəşəm qolu və hazırda dünyanın ən güclü futbolçusu misirli Məhəmməd Salahın zədələnməsi ilə yadda qalıb.
Liverpul komandası oyuna yaxşı başlasa da, matçın 29-cu dəqiqəsində Serxio Ramosla mübarizədə ciddi zədə alıb.
Realın müdafiəçisi Salahın qolundan tutaraq ona yerə uzadaraq “parter”ə salıb. Misirli futbolçu çiynindən tutaraq həkimlərin köməyinə ehtiyacı olduğunu bildirib.
Bir neçə dəqiqədən sonra Salah meydançaya qayıdıb, lakin oyunu davam etdirə bilməyib. Göz yaşları içində qazona uzanan Salah üçün qitənin ən nüfuzlu turniri başa çatıb. Salahla birgə “Liverpul” azarkeşləri də göz yaşlarını saxlaya bilməyiblər.
Həmin an onlar bunun baş verməməsi üçün çox şeydən vaz keçməyə hazır idilər.
Göz yaşları ümumilikdə birinci hissənin əsas trendi oldu. İlk 45 dəqiqənin sonunda “Real”ın müdafiəçisi Dani Karvahal da zədə alaraq göz yaşları içində meydançanı tərk edib.
İkinci hissə dörd qol və “Liverpul”un qapıçısının iki kobud səhvi ilə yadda qalıb. Almaniyalı qapıçı 51-ci dəqiqədə unudulmaz səhvə yol verərək Benzemanın hesabı açmağına şərait yaradıb.
Dörd dəqiqə sonra Sadio Mane ingilis azarkeşləri ümüdləndirib.
Lakin Zinəddin Zidanın İskonun yerinə oyuna Qaret Beyli buraxması matçın taleyini həll edib.
61-ci dəqiqədə oyuna daxil olan uelsli futbolçu üç dəqiqə sonra möhtəşəm qol vurub. Bu qol Ronaldunun “Yuventus”a vurduğu qolu xatırladıb.
Bundan sonra oyun bütövlüklə “Real”ın nəzarəti altına keçib. Yorğun görünən mersesaydlılar oyunda tarazlığı bərpa etmək üçün güclərini son dəqiqələrə saxlamışdılar. Lakin Karuisun daha bir kobud səhvi bütün ümidlərin üzərindən xətt çəkib.
83-cü dəqiqədə Beylin uzaq məsafədən vurduğu zərbə düz qapıçının üzərinə gəlib. Lakin Karius bununla da bacarmayıb. Çempionlar Liqası kimi turnirin final oyununda isə belə səhvlər bağışlanılmır.
Madrid təmsilçisi tarixdə Çempionlar Liqasının üç dəfə ardıcıl qazanan ilk klub olub. Ümumilikdə isə kral klubu bu mötəbər turnirdə 13-cü qələbəsini qazanıb.
Seymur Baxşev
www.ÇıxışYolu.Com