46e96494-8350-4fed-9351-ca50b2159b00..jpg

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

Baxış sayı: 962 dəfə baxılıb.

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi 24 mart 1872-ci ildə dünyaya göz açıb.

Cixisyolu.com xəbər verir ki, Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb.

Azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd
Səid Ordubadi “Qılınc və qələm” (1946-1948), “Dumanlı Təbriz” (1933-1948),
“Gizli Bakı” (1940), “Döyüşən şəhər” (1938) kimi tarixi romanlarının
müəllifidir.

Fəqirin ailəsi həmişə çətinliklə dolanıb. Sonralar gözləri tutulmuş şairin
ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçib. Atasının ölümündən
sonra yeddi yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlayıblar, lakin
onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olub.

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin
məktəbində alıb. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin
istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət
verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsl təhsilini Ordubadi dövrünün
qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni
tipli məktəbdə — üsuli-cədid məktəbində alır. Öz dövrünə görə geniş məlumat və
dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına
yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə
tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında
mühüm rol oynayıb.

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə
qarşı şübhələri də artırdı. Nəhayət, 1914-cü ilin yanvarında ədib həbsə
alınaraq Tsaritsın şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır
keçir. Qışın ən şiddətli soyuqlarında etapla uzaq yol getməsi,
həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini
pozur. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi Vətəndəki dostları ilə əlaqə
yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.

1914-cü ildə Bakıda ədibin “Bədbəxt milyonçu” və “Əndəlüsün son günləri, yaxud
Qrenadanın təslimi” əsərləri çapdan çıxır, daha sonra “Babayi-Əmir”, “Tuti”,
“Qardaş köməyi” və sairə jurnal və qəzetlərin səhifələrində şeir və
felyetonları dərc olunur.

M.S.Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211
nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri
dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Source link