Güləşçilərimizdən Avropa Oyunlarına uğurlu start

Baxış sayı: 2. 483 dəfə baxılıb.

Güləşçilərimizdən Avropa Oyunlarına uğurlu start

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, bu gün güləş yarışlarına start verilib.

Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.

Mahir Əmiraslanov (-57 kq) ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Onun yarımfinaldakı rəqibi rusiyalı Zaur Uquyev olacaq.

Hacımurad Hacıyev (-74 kq) debütdə üçqat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı Soner Dəmirtaş növbəti mərhələyə yüksəlib. 

Aleksandr Qostiyev (-86 kq) yarışa inamlı qələbə ilə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Onun da yarımfinaldakı rəqibi rusiyalıdır. O, finala çıxmaq üçün Dauren Kuruqliyevlə güləşəcək.

Camaləddin Məhəmmədov (-125 kq) 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisi ilə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Onun rəqibi gürcüstanlı Qivi Matçaraşvili olacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Səbuhi Musayev