Güləşçimiz Avropa çempionatında medal qazanıb

Baxış sayı: 2. 400 dəfə baxılıb.

Güləşçimiz Avropa çempionatında medal qazanıb

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, çempionatda gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb.

Güləşçilərimizdən yalnız biri qitə çempionatını medalla başa vurub. 53 kq-da mübarizə aparan Tatyana Vorontsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib.

Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana finala yüksəlib. Dünən o, həlledici görüşdə Türkiyə idmançısı Zeynəp Yetgilə 0:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Dünən həmçinin 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində kişi sərbəst güləşçilər mübarizəyə qoşulub.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

97 kq-da mübarizə aparan Əliməhəmməd Alixmoyev də bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Rusiya idmançısı olacaq. 

57 kq çəkidə yarışan Əliabbas Rzazadənin bürünc medal qazanmaq şansı var. 

Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com