Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

Baxış sayı: 2. 579 dəfə baxılıb.

Rusiyanın Moskva şəhərində hərbçilər arasında güləş üzrə keçirilən 33-cü dünya çempionatı davam edir.

ÇıxışYolu.Com “Reporta” istinadən xəbər verir ki,  bu gün güləşin yunan-Roma növü üzrə 60 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub.

Qızıl medal uğrunda keçirilən görüşdə təmsilçimiz Murad Məmmədov Rusiya güləşçisi Canpolad Lokayevə məğlub olaraq gümüş medalla kifayətlənib.

72 kiloqram çəki dərəcəsində isə digər idmançımız Ülvi Qənizadə də finalda Rusiya güləşçisi Adam Kurakla görüşüb. Gərgin keçən mübarizədə Ü.Qənizadə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

77 kiloqram çəki dərəcəsində MOİK nümayəndəsi Həsən Əliyev ardıcıl olaraq macar idmançı D.Tollar (5-3), iranlı S.Afifi (10-1) və Finlandiya güləşçisi T.Halmesmyaki (5-0) üzərində inamlı qələbə qazanaraq finala çıxıb.

82 kiloqram çəki dərəcəsində təmsilçimiz Rafiq Hüseynov İsveçrəli F.Dietsşe üzərində təmiz qələbə qazandıqdan sonra belaruslu A.Saxnonu 8-0 hesabı ilə məğlub edərək onu yarışlardan kənarlaşdırıb.

Yarımfinal görüşündə isə R.Hüseynov rusiyalı idmançı E.Şarafuddinova (2-1) məğlub olaraq yarışlarda mübarizəni 3-cü yer uğrunda davam etdirəcək.

87 kiloqram çəki dərəcəsində güləşçimiz İslam Abbasov əvvəlcə Braziliya idmançısı R.Santyaqoya 9-0 hesabı, sonra isə Çin təmsilçisi X.Yaona 13-4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə rusiyalı rəqibi S.Kodzokova 5-2 hesabı ilə məğlub olan həmyerlimiz mübarizəni 3-cü yer uğrunda davam etdirəcək.

Beləliklə, hərbçilər arasında keçirilən güləş çempionatında komandamız bir qızıl, üç gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə, 8 medal qazanıb.

Qeyd edək ki, çempionat mayın 20-də başa çatır.

www.ÇıxışYolu.Com