e603ec58-c08f-4f81-b96d-9a59d6501abe..jpg

Gülşad Baxşıyeva: “Tələbələrimdən qat-qat zəif aktyorlar “Azdrama”da səhnə alırlar” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 660 dəfə baxılıb.

Gülşad Baxşıyeva: “Tələbələrimdən qat-qat zəif aktyorlar “Azdrama”da səhnə
alırlar” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hüseyn Cavid parkına düz vaxtında çatdıq. Uzaqdan tanıdım onu. Skamyada
oturmuşdu – hərəkətsiz. Müsahibəni açıq havada etməyi qərarlaşdırmışdıq.
Demişdi ki, belə havaları sevir…

– Gözlədiyimizdən daha soyuq oldu hava, – yaxınlaşıb salamlaşırıq.

– Eybi yoxdur, mən dekabrda doğulmuşam (gülümsəyir), mənim üçün xoşdur.

Qalxıb parkın içərisində yerləşən məkanların birinə üz tuturuq və elə açıq
havada da otururuq.

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
rejissor və aktyor sənəti kafedrasının professoru Gülşad Baxşıyevanın APA-ya
müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Gülşad xanım, sizi küçədə görəndə tanıyırlar?

– Köhnə nəsil tanıyır.

– Bəs indikilər?

– Tək-tük.

– Sizcə, bizə indi çay gətirəcək ofisiant da sizi tanıdı?

– Məncə, yox. İstəsəniz, soruşa bilərsiniz. Bu, mənim üçün problem deyil.

– Yaxşı, bəs bu köhnə nəsil sizi tanıyanda nə edir, nə soruşur?

– İnanın ki, əksəriyyəti eyni sualla gəlir: Siz o vaxt o bəxt üzüyünü
neylədiniz? Deyirəm ki, vallah, o filmdə mənim üzüyüm olmayıb. Diqqətli olmaq
lazımdır sadəcə. Burada itən qadının bəxtinin özüdür, taleyinin özüdür. Yaxud
elə olur, avtobusda görürlər, təəccüb edirlər. Məsələn, bu yaxınlarda avtobusda
xırda bir konflikt oldu, avtobusdakıların heç biri haqlı olan sərnişini müdafiə
etmədi. Amma mən müdaxilə etdim, onun haqqını müdafiə etdim. Onda avtobusdakı
reaksiya eynilə belə oldu: “Ay Gülşad xanım, sizi səsinizdən tanıdım! Siz eynən
mənim kimisiniz, haqsızlığa göz yuma bilmirsiniz”. Maraqlıdır ki, bunu
deyənlərin heç biri səsini çıxarmamışdı.

Bilirsən, haqsızlığa susmaq, göz yummaq… sadəcə dəhşət. Belə şey olmaz, ola
bilməz. Əslində, bizim millət həssas millətdir, amma bəzən elə olur ki, bu cür
situasiyalar da yaranır, susan adamları da görürük. Sanki onlara bir siqnal
lazımdır. Xatirinizdədir, yəqin, müharibə vaxtı… Biz millət olaraq nə etdik,
necə etdik. Hamının üzündə, gözündə eyni sual vardı: Ay Allah, görəsən, necə
olacaq? Cəbhədə indi vəziyyət necədir? Yaxud Türkiyədəki zəlzələ vaxtı. Heç
uzağa getmirəm, öz universitetimizdə vəziyyət elə idi ki… Hamı narahat idi,
hamı nigaran idi. Yəni bizim millətdəki həssaslığın keyfiyyəti, demək olar ki,
bütün millətlərdən üstündür.

– Mən bilirəm, “Bəxt üzüyü” ilə bağlı suallar sizi yorub. Amma Gülşad
Baxşıyeva ilə müsahibə edəsən, bu mövzuda sual verməyəsən, bir az qəribədir.
Odur ki, məni üzrlü sayın: sizcə, Sara obrazını sizdən başqa kimsə sırf sizinki
kimi canlandıra, obraza nəfəs verə bilərdimi?

– Oynaya bilərdi. Niyə də olmasın ki? Mən öz yanaşmamı göstərmişəm. Sara
adında qadını elə görmüşəm, elə hiss etmişəm və canlandırmışam. Bilirsən,
aktyor, aktrisa obrazı görmədisə, oynaya bilməz. Mən o qadının prototipini
görmüşəm: bizim qonşuluqda yaşayırdı. Gecə-gendüz işləyir, əri isə içir-çəkir,
küçədə yatır, amma bütün bu zülmə dözürdü. Niyə? Uşaqlarının atasıdır deyə.

– Gülşad xanım, filmdə sizin tərəf müqabiliniz Ayşad Məmmədov da sizin kimi
eyni taleyi yaşadı. Həm o, həm də siz eyni filmdən bir obrazla yadda qaldınız.
Teatr fəaliyyətiniz, digər filmlərdə olan rollarınız sırf bu filmdəki obrazın
kölgəsində itdi.

– Bilirsən, televiziya, yəni görüntü anlayışı özü bir təbliğat maşınıdır. Bir
filmə milyonlar baxır. Bəs teatr tamaşasına? Bunlar müqayisə olunmaz şeylərdir.
Amma mən teatrla tanınmışam.

– Şəki Teatrının yaradıcılarından birisiniz.

– Bəli. Orada insanlar teatra axın edirdilər, axın. Elə bir maraq
göstərirdilər ki… Bu həm də ona görə idi ki, getməyə başqa yerləri yox idi.
Deyirdilər, Gülşad xanım ki səhnəyə ayağını basdı ha! Rolu ki, iştahala oynadı
ha! Onun səsi ki var ha!

Bir qədər dayanır… Bu vaxt ofisiant çaylarımızı gətirir.

…Onda “Bəxt üzüyü” yox idi. Onda Sara yox idi. “Bəxt üzüyü” mənim Bakıya
gəlişimdən sonra olub. Və filmin təbliğat gücü teatrdan çoxdur, bu normaldır. O
vaxt aktyorları teatrdan, oradakı rollarından tanıyırdılar. Adamlar teatra
getmək üçün xüsusi paltar tikdirirdilər, elə bil ziyafətə gedirdilər.

– İndi necədir vəziyyət? Teatrlara maraq həmənkidir?

– Maraq olmağına var. Amma dediyimiz kimi məxsusi deyil.

– Bəs Şəki Teatrının indiki vəziyyətindən xəbəriniz varmı? Orada vəziyyət
necədir?

– Təbii ki, əvvəlki maraq yoxdur. Teatr həmişə teatrdır və hər zaman maraq
var. Sadəcə məsələ odur ki, teatrlardakı ümumi vəziyyətə görə müəyyən axsamalar
ola bilər. Yaradıcı heyət işləyir, çalışır – mən Şəki Teatrından danışıram,
amma nədənsə camaat gəlmir, əvvəlki kimi maraqlı deyillər.

– Gülşad xanım, “Nədənsə” deyirsiniz. Bu suala cavab verəcək adamlardan biri
də, məncə, sizsiniz axı.

– Mən, vallah, sıravi adamlara sual verirəm: niyə getmirsiniz? Cavab
bilirsiniz, nə olur? Əvvəlki dadı yoxdur.

– Bax yenə də bu cavabdan sizə uyğun sual yaranır: doğrudanmı, gənc nəsil
əvvəlki dadı verə bilmir?

– Yox, gəlin gənclər haqqında ümidsiz danışmayaq. O bəzi ağzıgöyçəklər onlar
haqqında nə gəldi, necə gəldi danışırlar. Siz adicə bizim diplom işlərimizə
gəlin, baxın. Görün orada gənclər nələr edir, nələr göstərir. Bilirsiniz,
burada ən həssas nöqtə nədir: həmin o gənclərin məzun olduqdan sonrakı halı. Bu
gənclər gedib teatr tapacaqmı? Teatrlarda o gənclərə yer veriləcəkmi?
Rejissorlar həmin gənclər üçün, onların yetişdirilməsi üçün repertuar
quracaqlarmı?

– Şəki Teatrında bütün bunlar nəzərə alınırdı. Və ona görə də uğurlu idi,
nəticədə, aktyor yetişirdi, püxtələşirdi.

– Baxın, indiki seriallarla aktyor püxtələşə bilər? Qətiyyən! Mümkün deyil!
Bir aktyor nəsə bir neqativ rol oynayır, vəssalam. Ondan sonra silsilə bütün
seriallarda həmin adamı görürük, eyni obrazı görürük. Nə qədər olar axı?
Mövzular nədir? Evin içi, qaynana-gəlin, ana-kürəkən, qayınata-quda… Biz
məişət mövzularından nə vaxt çıxacağıq? Bu mövzular nə qədər olacaq? Nə vaxta
qədər olacaq?

– Elə olur, növbəti serialın ssenarisi elə çəkiliş meydançasında yazılır.

– Bəli, bəli. Çünki mövzular budur. Bəsitdir. Bayağıdır. Bəs deyil?

Hazırda mən birinci kurslarla tələbələrin fantaziyalarının inkişafı üçün
sərbəst mövzu işləyirəm. Parkda bir heykəl dayanıb.

Susur və bir müddət həmin heykəl kimi dayanır.

Deməli, sual budur: bu heykəl niyə bu formada dayanıb? Bu sualın ətrafında
düşünürük. Parka, həmin heykəlin yanına müxtəlif təyinatlı adamları gətiririk
və bu adamları tələbələr öz başa düşdükləri kimi oynayırlar. Hər şeydə bir
məntiq olmalıdır. Məntiq əsasdır. Tələbələrə bunu izah edirəm. Məntiq.
Bilirsən, birinci kursda tələbəyə yol göstərmək lazımdır, özü tapmalıdır,
axtarışda olmalıdır, doğrudur, amma bəs müəllim nə üçündür? İstiqamət
verməlidir. Bizim işimiz budur.

Çox-çox istedadlı uşaqlar var, çox. Mənim keçənilki qrupum necə fərqli idi,
necə bir qrup idi. Bilirsən, onları nə Azərbaycan Dövlət Dram Teatrına
(Azdrama), nə Gənc Tamaşaçılar Teatrına buraxdılar. Yaxın qoymadılar. Mən
bunları deyirəm, deməkdən çəkinmirəm. Aktyora deyiblər ki, sənin nə boyda boyun
var? “Azdrama”lıq aktyor üçün deyilən sözdür e bu. Beləcə, aktyorlar məhv olur,
gənclər məhv olur. Mən sizi qəti şəkildə əmin edirəm, Əliağa Ağayev
səviyyəsində tələbəm olub, adı Əbülfəz. İndi bilirsən haradadır? Orada-burada,
harada iş var, ora gedir. Belə şey olar? Olmaz. Belə aktyor yetişər? Yetişməz.
Aktyor birinci teatrda olmalıdır, teatrda bişməlidir. Orada-burada yox. Yəni
demək istədiyim odur ki, potensiallı uşaqlar it-bat olur, heç kəs dəyər vermir.
Çünki indiki rejissorlar üçün teatrlara gələn aktyorlar maraqlı deyil. Mən bu
qənaətə boşuna gəlməmişəm e. Maraqlı olsa, bilirsən, nə edərdilər? Gəlib diplom
tamaşalarında oturardılar, aktyor kəşfinə çıxardılar. E-dil-mir!

Mənim tələbələrimdən qat-qat zəif olan aktyorlar “Azdrama”dadır, orada səhnə
alırlar. Sual verirəm: niyə? Bilmirəm.

– Gülşad xanım, müəllim kimi çox tələbkar olduğunuzu deyirlər. Bu
tələbkarlığınız barədə bəzən giley-güzar edənlər də olur.

– Bilirsən, məsələ nədir? Mən hər il birinci kurs tələbələrinə deyirəm: siz
buraya necə gəlmisiniz, necə qəbul olmusunuz, mənə maraqlı deyil – bəzən elə
olur ki, elə balları düşür deyə, oranı seçirlər. Amma fakt bu gün, bu dəqiqə
mənim tələbəmsiniz, ona görə də bu 4 il ərzində mən nə çalsam, ona da
oynayacaqsınız (Bir az dayanır – red.). Səhv deyirəm?

– Yox.

– Vəssalam.

– Sonuncu teatr tamaşanız hansı olub?

– Vallah, dəqiq xatirimdə deyil, 2000-ci illər idi, amma bu dəqiqdir (gülür).

– Bəs niyə bu qədər zaman? Dəvətlər gəlirmi?

– Bu, mənim qürurumdan asılı məsələdir. Mən Şəkidən Bakıya gəldim, Gənclər
Teatrında 3-4 rol oynadım. Sonra ailə vəziyyətimlə əlaqədar “Azdrama”ya getdim,
3 il orada işlədim və bu 3 il ərzində cəmisi bir rol verdilər. Nəticədə,
yenidən Gənclər Teatrına getməli oldum və orada 3 ciddi rol oynadım. Elçinin
“Ölüm hökmü”, məsələn. Amma yenə də elə oldu ki, orada da daha rol verilmədi
mənə, bir növ, təxirə salındım. Bilirsən, mənim xarakterim belədir ki, kimsə
məni bəyənmirsə, görmürsə, mən zorla onun qolunu tutub demirəm ki, mənə bax,
məni gör. Xeyr! O adam mənə qapını bağlayırsa, mən içəridən qapını ümumiyyətlə
kilidləyirəm. Öz-özümə düşündüm: bu nə deməkdir? “Azdrama”da məni təxirə
salırlar, nə bilim, hansısa aktrisanın xoşuna gəlməmişəm və guya o mənim
taleyimi həll edir? Yox! Mən imkan verə bilməzdim, bu şansı onlara verə
bilməzdim. Onlar kimdir ki? Dedilər ki, üç ay sonra gələrsən, dedim, mən bir
daha bu qapını açmayacağam. Və getdim Gənclər Teatrına. Orada da gördüm ki,
vəziyyət ürəkaçan deyil, gərək hansısa qruplaşmanın üzvü olasan. Mən həyatı
boyunca heç bir qruplaşmanın üzvü olmamışam. Nəticədə, oranın rəhbərliyinə də
ürəyimdən keçən yağlı sözlərimi dedim və qapını çırpdım. Və yenə də öz-özümə
hesabat verdim: Gülşad, sən dramatik aktrisasan, sən bundan sonra meylini
kinoya yönəltməlisən. İndiyə kimi teatrda, xüsusilə Şəki Teatrında etdiyini
etmisən. Hansı ki Rusiya teatr tənqidçiləri haqqımda qalaq-qalaq yazılar
yazmış, fikirlər söyləmişlər. Yaxşı, bu qədər rol, bu qədər obraz, hanı? Hansı
qalıb? Hansı var əldə? Heç biri. Ona görə də kino.

– Nəticə?

– Nəticə odur ki, hər dəvət olunan filmə getmirəm. Ssenari özümün xoşuma
gəlməlidir. Məsələn, hazırda telekanalların birində “Sara“ adlı serial var.
Orada mən tamamilə ayrı temperamentdə bir obraz canlandırmışam. Mən indiyə kimi
elə bir rol oynamamışam. O obraza baxan, mənim oyunuma baxan deməlidir ki, bu
aktrisa, bunu oynayan aktrisa necə bir aktrisadır. Bizimkilər deyirmi? Demir. O
serialın rejissoru yerli deyil. Mən hər dəfə ağır bir səhnədən çıxandan sonra
məni izləyir, gözü üzərimdə olur. Niyə? Çünki ona maraqlıdır ki, bu adam
girdiyi obrazdan necə çıxır, tez çıxırmı, gec çıxırmı, obraza ürəklə yanaşır,
yoxsa texniki? Bunların tədrisini edirəm mən.

Söhbətimizin bu yerində ofisiant çayları təzələmək üçün yaxınlaşır. Gülşad
xanım, onu görər-görməz irad tutur.

– Bu çayda kəklikotu yoxdur, məni aldatma!

Ofisiant çaynikin qapağını götürür və kəklikotunu göstərir.

– Onda bu dağ kəklikotusu deyil, dadı hiss edilmir…

…o rejissor mənim haqqımda deyirdi ki, mən Amerikada, Hindistanda,
Pakistanda da filmlər çəkmişəm, belə bir aktrisa görməmişəm. Amma burada bu
etirafı edən var? Yoxdur. Bizdə yaxşı aktyora, aktrisaya qiymət verən yoxdur.

– Danışdığımız serialdan aldığınız qonorar necə, sizi qane etdi?

– Vallah, mən davamlı seriala çəkilməmişəm deyə, bilmirəm, yəni müqayisə edə
bilmərəm. Məsələn, başqa bir televiziya kanalında “Qayınana” serialında da
çəkilmişdim, sonra elə oldu, universitetlə onu çatdıra bilmədim. Amma
xatirimdədir ki, o vaxt hər çəkilişimə 100 manat verirdilər. İndi mən bilmirəm,
başqalarına nə qədər veriblər? Amma bilirdim ki, məndən çox alanlar da var idi.

Bu seriala çəkilmək təklifi gələndə soruşdular ki, nə qədər istəyirsiniz?
Cavabım bu oldu ki, bir milyon.

Əllərini yana açıb gözləyir.

Bilirsən, hər şeyin üstündən xətt çəkmək olmaz. Kimsə komandadan geri qalıbsa,
deyə bilməz ki, proses yoxdur. İndi deyirlər e, kino yoxdur, film yoxdur, bunu
deyən adamlar həmin prosesdən kənar qalanlardır.

– Gülşad xanım, ötən il iki film çəkilib cəmi.

– Film üçün yaxşı pul lazımdır. Kino həm də biznesdir. Filmi çəkmək üçün
maliyyə lazımdır. Var? Yoxdur. Niyə yoxdur? Bax onu artıq bilmirəm. Və bunun
səbəbini araşdırmaq mənim işim deyil. Bax sizə deyim, mənim tələbələrimdən biri
qısa bir film çəkmişdi, məni də dəvət etmişdi, Ayşad Məmmədovu da. O qısa filmi
apardı, hansısa festivalda yer tutdu, mükafat aldı. Amma indi xirtdəyə qədər
borcun içindədir.

Mən çəkilsəm də, çəkilməsəm də, proses gedir. Bu dəqiqdir. Rusiyada
biznesmenlərin əksəriyyəti film sənayesinə pul buraxır. Bizdə belə bir şeyi
təsəvvür edirsiniz? Mümkün deyil.

– Son sualımdır: oynamaq istədiyiniz, ürəyinizdə qalan rol var?

– Düzü, yox. Ürəyimdə nəsə qalmayıb. Amma versələr, oynayaram. Söhbət yaxşı,
sanballı roldan gedir. Bilirsən, mən yaradıcılığım boyu elə rollar oynamışam
ki, bundan belə artıq oynayıb-oynamayacağım rolu özüm seçirəm. Sizə deyim ki,
serialdakı obrazım təzədən mənim bütün sinir sistemi oynatdı. Mənim çəkilən
səhnələrdəki həyəcanım, ağlamağım… nəticədə, sakitləşdirici həblər qəbul
edirəm. Yəni belə. Yaşasın sənət!

Gülşad xanımla söhbəti yekunlaşdırırıq. Bizimlə sağollaşıb yenidən parka,
sevdiyi bomboz hava ilə baş-başa qalmağa tələsir.

Bu vaxt ofisiant masaya yaxınlaşır və tərəddüdlə soruşur:

– Deyəsən, Gülşad xanım çayımızı bəyənmədi, hə?

Bayaqdan bəri masamızın ətrafından əl çəkməyən pişiyi sığallaya-sığallaya
ötəri cavab verirəm:

– Belə da…

Ofisiant başını bulayıb məyus halda masanı yığışdırır. Dodaqlarının ucundasa
giley dolu mızıltısı: “Ömründə bircə dəfə belə qonağın ola, onda da…”

Source link