b051bcaf-aa11-4405-92f9-1b046eded61b..jpg

Gülüstan Əliyeva: “Həyat yoldaşımla öncədən razılaşmışdıq ki…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 831 dəfə baxılıb.

Gülüstan Əliyeva: “Həyat yoldaşımla öncədən razılaşmışdıq ki…” – MÜSAHİBƏ +
FOTO

“Bir gün məni “Zabitlər bağı”na çağırdı və öz hissini bildirdi. Yaşca məndən
böyük idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırdı”.

Əməkdar artist Gülüstan Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Gülüstan xanım, torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfə
Cəbrayıla getdiniz. Qarabağda konsert proqramı ilə çıxış etmək fikriniz varmı?

– Əlbəttə, hər birimizin arzusu torpaqlarımızın işğaldan azad edildiyi günün
sevincini yaşamaq idi. Bu sevinc bizə nəsib oldu. Təbii ki, sənət adamı kimi
Şuşada, Cəbrayılda, Ağdamda, Qarabağın hər guşəsində konsert proqramı ilə çıxış
etməyin də sevincini yaşamaq istərdim. Qarabağın hər guşəsi bizim üçün əziz,
dəyərli və doğmadır. Bunun üçün ansamblımız, potensialımız və repertuarımız da
var.

– Cəbrayılda həyat yoldaşınız Zahid Əhmədovun məzarını ziyarət etdiniz…

– Cəbrayıl ermənilər tərəfindən işğal edilənə qədər orada yaşamışdıq, 1993-cü
ilə qədər. Həyat yoldaşım Zahid Əhmədov 1991-ci ildə şəhid oldu. 44 günlük
Vətən müharibəsindən sonra həyat yoldaşımın məzarını tapdım və məzar daşını
bərpa etdirdim. Cəbrayıla bir dəfə getmişəm, yenə də getmək istəyirəm. Ölkə
başçımızİlham Əliyevin rəhbərliyi altında Qarabağ abadlaşdırılır, Cəbrayıl da
abadlıq işlərində ön sıradadır. Orada çox böyük əzəmətli işlər gedir. Zəngəzur
dəhlizi Cəbrayıldan keçir.

– Həyat yoldaşınızın məzarı başında hansı hissləri yaşadınız?

– Son dəfə həyat yoldaşımın məzarında 1993-cü ilin yanvarında olmuşdum. Mənə
deyəndə ki, filan tarixdə Cəbrayıla gedəcəyik, orada hərbi hissədə konsert
verəcəyik, bilmirdim sevinim, yoxsa ağlayım. Çox qarışıq hisslər keçirirdim. O
xəbəri alanda həyat yoldaşım gecə yuxuma girdi. Bir daha əmin oldum ki, ruhlar
heç vaxt ölmür, daim yaşayır və bizi izləyir. O bildi ki, mən məzarına
gəlmişəm…

Hələ o zaman, toyumuzdan əvvəl Hacı Qaraman ocağına getmişdik. Bizim
müqəddəslərimiz orada yatır. Həyat yoldaşım mənə əzizlərinin qəbirlərini
göstərirdi. Biz onun nənəsinin məzarının önündə dayandıq və dedi ki, “nənəmin
qəbrinin üstünü götürmək lazımdır, onun ayağı altından mənə yer edərsiniz”.

Aramızda belə bir söhbət oldu, pərt oldum və bilmədim ona nə cavab verim.
Sonra düşündüm ki, zarafat edir. O da sözü yarızarafat demişdi. Amma 11 ay
keçdi, biz onu orada dəfn elədik, dediyi yerdə… Cəbrayıla gedəndə iki dəfə
qəbri axtarmağa cəhd elədik. Düşündük ki, qəbiristanlığı və oraya gedən yolu
tapaq. Xatırlayırdım ki, həyat yoldaşım nənəsinin məzarının aşağı hissəsində
dəfn olunmuşdu. Nənəsinə yaşıl mərmərdən məzar daşı düzəldilmişdi.

Ermənilər qəbiristanlıqda tanınan insanların məzarını dağıtmışdılar,
qəbirlərin altını-üstünə çevirmişdilər. Həyat yoldaşımın məzarını tamamilə
dağıtmışdılar ki, tanınmasın. Qəbiristanlıqda onun məzar daşından böyüyü yox
idi. Əslində həyat yoldaşımı düşmənlərimiz də tanıyırdılar, bölgədə çox önəmli
bir adam idi. Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili,
sonra bölmə rəisi işləmişdi. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşdü.

Qəhrəmanlığı ilə ermənilərə qan uddururdu. Təbii ki, ona görə də məzarını
dağıtmışdılar.

Düşündüm ki, nənəsinin məzarı heç kimə lazım olmayan qəbirdir, yəqin diqqət
çəkməz və onu dağıtmazlar. O istiqaməti götürüb, məzarı taparam. Elə də oldu.
Nənənin məzarını da dağıtmışdılar, amma başdaşı yerində idi. Yoldaşımın məzar
daşından yaşıl rəngdə parça qalmışdı. Bundan tanıdım.

Ziyarətdən bir neçə gün sonra məzar daşı düzəltdirib göndərdim. Düşündüm ki,
müvəqqəti də olsa məzar daşı olsun. Rayona köçəndə layiqli formada
düzəltdirərik. Həyat yoldaşımın məzarı başına onun yaxın dostunun oğlu ilə
getdik, o da polisdir.

O torpaqlardan hələ də qan iyi, şəhid iyi gəlirdi. Hərbi hissədən, Dostluq
bulağından, hər yerdən onların qoxusu gəlirdi.

Cəbrayıla gedərkən həyat yoldaşımın çox yaxın dostunu gördüm, o da müharibədə
yaralanmışdı. Əlil arabasında idi. Çox qəribə adam idi, bu günə qədər heç
kimdən yardım istəməmişdi. Orada çinarın altında həmişə oturar və həyat
yoldaşımla söhbət edərdilər, görüşərdilər. Həmin çinar da orada idi, Dostluq
bulağından bir az aşağıda…

– Həyat yoldaşınız ixtisasca hüquqşünas idi. Sevgi tarixçəniz necə başlamışdı?

– Tələbə vaxtı tanış olmuşduq. Onun əmisi qızı Şəhla ilə həm tələbə
yoldaşıydıq, həm də kirayədə bir otaqda qalırdıq. O isə Şəhlanın qardaşı
Novruzla bir otaqda kirayədə qalırdı. Novruz tez-tez bacısına baş çəkirdi,
həyat yoldaşım da ona qoşulub gəlirdi. Məni o zaman gördü və tanışlığımız belə
başladı.

Bir gün məni “Zabitlər bağı”na çağırdı və öz hissini bildirdi. Yaşca məndən
böyük idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırdı.
Universiteti fərqlənmə diplomu ilə bitirdi. Biz 1987-ci ildə tanış olmuşduq.
Universiteti bitirdikdən sonra Nijni-Novqorodda altı ay təhsil aldı. Kirayə
qaldığım evdə telefon vardı, hərdənbir zəng vururdu, danışırdıq,
məktublaşırdıq. Məktublarını hələ də saxlamışam.

Sevgi üçün sevdiyinin yanında olması şərt deyil, əsas odur, qəlbində qalır.
Zahidin təyinatını Bakıya verirdilər. Başqa şəhər və rayonlara göndərilmək
ehtimalı da vardı. Çünki çox savadlı insan idi. O, öz torpağını çox sevirdi və
çətinliklə də olsa, təyinatını Cəbrayıla ala bildi.

Müharibə dövrü idi, rayona gedəndən od-alovun içində idi. Cəbrayıla təyinatı
1988-ci ildə almışdı. O vaxt nizami ordumuz, hərbi gücümüz yox idi. Sərhədləri
polislər qoruyurdular. Yüksəkliklərdə postlar qurmuşdular, 30 nəfər gecədən
səhərə qədər növbədə olurdu.

Silahları növbəti dəstəyə təhvil verib geri qayıdırdılar. Gündəlik silah
təhvilini həyat yoldaşım aparırdı. Həmin günlərin birində Cəbrayılda öz
avtomobilində minaya düşdü. Sürücüsü, digər polis işçiləri, sahə inspektorları
da avtomobildə idi.

– Həyat yoldaşınız dünyasını dəyişəndə oğlunuz Rüfət heç iki aylıq da
deyilmiş… Oğlunuzla bağlı nə kimi arzuları vardı?

– Oğlumun qırx günü bir həftə idi çıxmışdı. Valideyn kimi onun da arzuları
vardı. Gecə saat 3-də, 4-də, bəzən səhərə yaxın evə gəlirdi. Gecə nə vaxt gəlsə
oğlumuzu yuxudan oyatmalı, danışdırmalı idi. Rüfəti qoxulayıb işə gedirdi.
Axırıncı gedişində məni həyətdən çağırdı. İkinci mərtəbədə yaşayırdıq. İndi də
qonşularımız onu xatırlayırlar, həmişə danışırlar. Məni adımla yox, “Dilbər”
deyə çağırırdı. Deyirdim ki, niyə Dilbər? Cavab verirdi ki, sən mənim
Dilbərimsən. Çox həssas, musiqi duyumu dərin olan insan idi.

Məni çağırdı, pəncərənin qarşısına çıxdım. Dedi, papağım evdə qalıb. Papağını
eyvandan verdim. Sonra dedi, uşağı gətir, görüm. Uşağı pəncərənin önünə
gətirdim, bir az dayandı, düşündü və getdi. Bu, onun sonuncu gedişi oldu.
Minaya düşdü, sonra xəstəxanaya gətirdilər. Üç gün sonra dünyasını dəyişdi. Bu
da bizim nakam sevgi hekayəmiz…

– Hekayəniz qısa olsa da, bir ömrə bəs edərdi, elə deyilmi?..

– Bəli, bir ömrə bəs elədi, 317 gün…

– O hisslər hələ də qalırmı?

– Əlbəttə. İllər nəyisə dəyişir, sevgi isə qalır. Yaşa dolduqca sevgi hissi də
fərqli forma alır. Kökdə qalan isə sevgidir…

– Həyat yoldaşınızın sənətlə bağlı qadağası vardı?

– Ümumiyyətlə, xaraktercə sərt adam idi. Muğam sinfinin ilk məzunu olaraq
təyinatım Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına verilmişdi. Ali
təhsilli ilk muğam ifaçısı idim. Bir çox tədris ocaqlarında istəyirdilər ki,
dərs verim. Amma mən ailəni seçdim. Biz həyat yoldaşımla öncədən razılaşmışdıq
ki, işləməyəcəyəm, uşaqların anası və onun həyat yoldaşı olacağam.

Hara gedirdi, mənə kaset alıb gətirirdi, Arif Babayevin muğam dəsgahları,
Canəli Əkbərovun, Alim Qasımovun muğamlarını alırdı. Deyirdi ki, Dilbər, həmişə
bunlara qulaq as, darıxma. Bilirdi ki, şəhərdən getmiş adamam. Çox sonradan
öyrəndim ki, iş üçün İcra Hakimiyyətində danışıb və istəyirmiş ki, musiqi
məktəbində dərs deyim. Yəqin görüb, sənət üçün çox darıxıram və gizlin-gizlin o
işləri görüb. Həyatdır… Əvəzsiz bir insan idi.

Gənc olanda sevdiyim insan olduğu üçün ağlayırdım, təəssüflənirdim. İllər
keçdikcə, yaşa dolduqca tamamilə başqa tərəflərini kəşf etdim. Onun Azərbaycan
üçün, cəmiyyətimiz üçün nə qədər dəyərli, lazımlı bir insan olduğunu anladım.
Görün, Azərbaycan belə oğulların timsalında kimləri itirib… Neçə-neçə belə
qəhrəmanlarımız şəhid olublar.

– Özünüzü qadın kimi xoşbəxt hiss edirsiniz?

– Xoşbəxtlik nisbi məfhumdur. Mən də öz seçimlərimi yaşamışam. Qəhrəman,
torpağını sevən, vətənpərvər bir insanı sevmişəm, seçmişəm. Sevgimin arxasınca
Bakıdan Cəbrayıla getmişəm. Sevib seçdiyim oğlan qəhrəman, igid, vətənpərvər
olub.

Təbii ki, ondan sonra mənə çətin olacaqdı. Çünki öz seçimimin nəticələrini
yaşamalı idim. Ölkəmiz, Azərbaycanımız hansı çətinliklərlə, ağır vəziyyətlə
üz-üzəydisə, hər bir vətəndaş kimi, mən də o çətinlikləri yaşayırdım. Üstəlik
şəhid ailəsi olaraq… Bir neçə ay sonra şəhid bacısı da oldum. Qardaşım da
Tərtər yaxınlığında, Qırmızıkənddə şəhid oldu.

Təbii ki, mənəvi, fiziki, həm də bir qadın kimi mənə çox çətin idi. Amma insan
güclü olmaq məcburiyyətində qalır. Bunu bacaranlar həyatı qazanırlar. Mən də
yəqin o şanslı insanlardan oldum. Mübarizə əzmi, prinsipiallıq, həyata sinə
gərmək, heç nə düşünmədən yürümək… Həyatı ancaq belə qazana bilərsən.
Yaşadıqlarım məni güclü insana çevirdi.

Sənət adamı kimi çox xoşbəxtəm. Cəmiyyətdə sevilirəm, həmişə hörmətlə
qarşılanıram. Ailəmdə hörmət görürəm. Düşünürəm ki, bir insan üçün bunlar
kifayət edir. Onu da deyim ki, xoşbəxtliyi axtarmaq lazım deyil, yarada bilmək
lazımdır. Əsas məsələ budur…

– Cəmiyyətimizdə ikinci dəfə ailə quran qadınlar çoxdur. Siz necə, ikinci dəfə
ailə qurmaq düşündünüzmü?

– Həmişə deyirəm ki, onlar şəhid oldular, əbədiyyatı qazandılar. Biz də diri
şəhidlər olduq. Mən o şəhidin adını uca tutmaq üçün, əlbəttə, bu addımı
atmadım. İkinci dəfə ailə qurmaq heç ağlımdan keçmədi. Bir oğlum vardı. Həyata
bağlanmaq üçün stimulum vardı. Oğlum hər şeyim oldu, övladım, qardaşım, həyat
yoldaşım, sirdaşım… Bütün bunların hamısını o balaca çiyinlərinə yüklədik.

– Cəmiyyətimizdə qadınların rolunu necə dəyərləndirirsiniz?

– Bu gün şükürlər olsun ki, Azərbaycanda qadına çox böyük yer verilir. Dövlət
qurumlarında yüksək vəzifədə çalışan qadınlarımız var. Gender bərabərliyi
qorunur. Cəmiyyətimizdə qadına xüsusi hörmət göstərilir. Hər bir sahədə öz
sözünü deyən, öz ayaqları üstündə dura bilən qadınlarımız az deyil.

– Oğlunuz Rüfət polis kimi fəaliyyət göstərir?

– Bəli, oğlum polisdir və atasının işini davam etdirir.

– 23 yaşınızda həyat yoldaşınızı itirdiniz. İndi necə yaşayırsız?

– 44 günlük Vətən müharibəsindən demək olar ki, hər həftə bir şahid ailəsinə
gedirəm. Elə olub ki, bir gündə üç şəhid ailəsinə baş çəkmişəm. Tədbirlərdə
iştirak etmişəm, qazilərimizlə və onların ailələri ilə görüşmüşəm. Şəhid olan
qardaşlarımızın həyat yoldaşlarının əksəriyyəti məndən yaşca kiçikdirlər.
Bəzilərinin övladı körpəydi, bəzilərinin isə atasının şəhadətindən sonra
doğulub.

Həmişə onlara deyirəm ki, siz çox şanslısınız, həyat yoldaşlarınız,
atalarınız, əmiləriniz, dayılarınız torpaqlarımızı azad edərkən şəhid olublar.
Onlar ən uca zirvəyə ucalıblar. Bir də ona görə şanslısınız ki, Azərbaycan
inkişaf edib. Ölkəmiz qızıl dövrünü yaşayır. Hər bir şəhid ailəsinə, xanımına
deyirəm ki, ürəkli, qürurlu olun, başınızı daim uca tutun. Sizin balanız
torpağımızı azad edərək şəhid olub.

– Yaradıcılığınızda nə kimi yeniliklər var?

– Artıq 20 ilə yaxındır Azərbaycan Milli Konservatoriyasının müəllimiyəm,
dosentiyəm, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. 27 ildən artıqdır Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistiyəm. Özümü xoşbəxt hiss
edirəm ki, məhz bu mədəniyyət ocaqlarında çalışıram. Azərbaycan Milli
Konservatoriyasının rektoru Siyavuş Kərimi hər bir əməkdaşa xüsusi diqqətlə
yanaşır. Həmişə deyir ki, Azərbaycanın üzüsünüz, brendisiniz ki, burada
çalışırsınız. Konservatoriya çox xoşbəxtdir ki, siz burada işləyirsiniz.

Biz də bu diqqətə, qiymətə önəm verərək burada çalışırıq. Bu günə qədər yeddi
solo konsert vermişəm. İnşallah, bu il sentyabrda yeni solo konsert vermək
istəyirəm. Layihəm var və onu həyata keçirəcəyəm. Konsertimin ikihissəli
olmasını istəyirəm. Çox maraqlı proqram təqdim edəcəyəm.

Əlbəttə, yeni mahnılar, yeni kliplər də var. Yaxın günlərdə “Təşəkkür” və
“Sevdiyim adam” klipimi təqdim etdim.

Səfərlərimiz gözlənilir. Yaxın günlərdə ulu öndər Heydər Əliyevin 100 illiyi
qeyd olunacaq. Mən ulu öndərin imzası ilə Yevlaxdan seçilib, Bakıya gətirilən,
musiqi təhsili verilən və konservatoriya tarixində ilk dəfə açılan muğam
sinfinin ilk tələbəsiyəm. Ona görə bir ömür ulu öndərə Heydər Əliyevə
minnətdaram.

Source link