Gülüstan Əliyeva: Nəsiminin qəzəllərinə cılız mahnılar qoşub, həm bizi, həm də özlərini biabır edirlər

Gülüstan Əliyeva: Nəsiminin qəzəllərinə cılız mahnılar qoşub, həm bizi, həm də özlərini biabır edirlər

Baxış sayı: 2. 206 dəfə baxılıb.

“Səviyyəsiz formada hansısa şairimizin sözlərinə mahnı bəstələyib tamaşaçılara təqdim edirlərsə, bu, kənardan çox biabırçı və iyrənc görünür. Mahnını dinləmək belə, insanın könlünü bulandırır”.

Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva ÇıxışYolu.Com-ın əməkdaşı ilə söhbətində dilə gətirib. O, dahi şair Nəsiminin qəzəlinə mahnı bəstələyib toylarda, el şənliklərində ifa edənlərə sərt ismarıc yollayıb.

“Bildiyimiz kimi, bu il Nəsimi ili elan olunub. Nəsimi ili ilə əlaqədar böyük konsert proqramı hazırlayıram. Nəsiminin sözlərinə yazılmış əsərləri simfonik orkestrin müşayiəti ilə televiziya layihəsi formatında oktyabr ayının sonunda tamaşaçılara təqdim edəcəyəm. 

“Nəsiminin qəzəllərinə cılız mahnılar qoşub, həm bizi, həm də özlərini biabır edirlər. Bu isə yolverilməzdir. Bəstəkarlar İttifaqının Nəsimiyə aid keçirdiyi elmi-bədii konfranslarda dəfələrlə iştirak etmişəm. Şairimizin sözlərinə həsr olunmuş İctimai televiziya tərəfindən lentə alınan “Mahur-Hindi” dəstgahını ifa etmişəm. Bu konsert “Youtube” video platformasında da var. 

Dediyim budur ki, əsərlər səviyyəli şəkildə təqdim edilməlidir ki, şairimizin ruhu inciməsin, tamaşaçıların da ürəyincə olsun. Amma bəzi səviyyəsiz müğənnilər də var ki, qəzəli hansısa işlənmiş musiqinin üzərinə oturdaraq hər yerdə utanmadan ifa edirlər. Heç oxuduğu toy səviyyəsində də deyil. Çünki o səviyyədə Azərbaycanda toy mahnısı olmur. İnanmıram ki, özünə hörmət edən xalqımızın bir nümayəndəsi aparıb həmin müğənnini o səviyyədə oxutsun və qonaqlarına təqdim etsin”.

“Bayağı ifaçıları görüb-eşidəndə şəxsən mən anında reaksiya verirəm. Ya o ifaçının işlətdiyi sosial şəbəkə hesabında,  ya da öz səhifəmdə yazıb, öz etirazımı bildirirəm” söyləyən Gülüstan Əliyeva bu cür müğənnilərin olmasının onun qismində olan sənətkarlara yeni əsərlər yaratmaqda rəvac verdiyi bildirdi.

“Bayağı ifaçılar tək indi yox, əvvəllər də olub. Zamanın süzgəcindən keçərək, sənətdən uzaqlaşmalı olublar. Bayağı ifaçıları bədiiləşmiş formada bu cür qələmə verirəm. Sənət dünyasını operanın səhnəsinə bənzədirəm. Səhnədə tamaşa getdiyi zaman dekorlar necə dəyişirsə, həmin o “müğənniciklər” də, musiqilər də dekorlar kimi səhnənin fonunda zaman-zaman dəyişirlər. Qalan isə yalnız sənət, sənətkarlar və Azərbaycan musiqisi olur. Bayağı ifaçılar isə təsadüfi kəmiyyətdirlər. Aktyorlar hər zaman səhnədədirlər, dəyişən isə yalnız dekorasiyadır. Onlar isə mutasiya edərək, hər zaman müvəqqəti xarakter daşıyırlar. Onların varlıqları əslində bizə yeni əsərlər yaratmağa, dərindən çalışmağa rəvac verir.

Əməkdar artistin Xalq artisti Güyanaq Məmmədova ilə sosial media hesabında paylaşdığı foto səs-küyə səbəb olub. Belə ki, şəkildə sənətçinin bir gözünün digərindən böyük görünməsi izləyicilərin “Bu uğursuz əməliyyatın fəsadı”dır kimi şərhlərlə qarşılanıb. G.Əliyeva redaksiyamız vasitəsi ilə məsələyə bu cür aydınlıq gətirdi.

“Heç bir estetik və plastik əməliyyatdan söz gedə bilməz. Sadəcə həmin zaman bir az yorğun olmuşam. Ümumiyyətlə, plastik əməliyyata çox müsbət baxıram. Qadın hər yaşda gözəl olmalıdır. Xüsusi ilə söhbət xanım sənətçilərdən gedirsə. Biz efir adamlayırıq. Hər zaman gözəl, baxımlı və formada olmalıyıq. Hazırda isə pəhrizdəyəm. Yeni mövsüm üçün daha da gözəl görünmək üçün bir neçə kiloqram arıqlamalıyam. Amma ehtiyac yaranarsa, mən də bizim digər sənətçilər kimi estetik və ya plastik əməliyyat etdirərəm. Burada isə ayıb bir şey görmürəm”.

Rəşad Əliyev