“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun 100 milyon manata yaxın pulu mənimsəməsinin yeni təfsilatları və buna vasitəçilik edənlərin adları məlum olub. Müəyyən edilib ki, sən demə, Emin Zeynalov bu “qanunsuz pul dövriyyəsi” sxemini təkbaşına gerçəkləşdirməyib. İriməbləğli fırıldaqda ona atası – Zakir Zeynalov köməklik edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Haqqın.az” bank sferasında olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Mənbə əmin edir ki, Zakir Zeynalov 15 gün ərzində oğlunu istintaqdan gizlədib və yalnız “Günay Bank” ətrafında fırıldağın böyük ictimai rezonans doğurmasından sonra hüquq mühafizə orqanlarına təhvil verib.
“Bir müddət əvvəl ölkənin iri banklarının birindən yüksək vəzifəni əldən verən Zakir Zeynalov hər vəchlə əvvəlki nüfuzunu qaytarmağa çalışıb. O hətta, müxtəlif müəlliflərin əsərlərini tərcümə etdirərək, öz əsəri kimi çapdan çıxarıb.
Özü “Günay Bank”da “fırıldaq piramidasına” rəhbərlik etdiyi bir vaxtda, hamını müflis olduğuna inandırmağa çalışıb.
Onun sözlərinə görə, Zakir Zeynalov “Günay Bank” rəhbərliyi ilə əlbir olaraq aldadılmış əmanətçilərin pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı öz planını gerçəkləşdirib.
“Zakir Zeynalov bildirir ki, bank qarşısında bütün borclarını ödəyib qurtarıb. Bu arada oğlunun oğurladığı pullar hesabına alınmış bütün daşınmaz əmlakı bankın aktivlərinə keçirir və aldadılmış əmanətçilərdən öz pullarını bankdan tələb etmələrini tövsiyə edir. Zakir Zeynalov çox yaxşı anlayır ki, heç kim onun oğlunun oğurladığı pulları bankın adına rəsmiləşdirilmiş əmlaklar şəklində geri qaytara bilməyəcək.
Başqa cür desək, uzun müddət ölkənin ən iri banklarından birinə başçılıq etmiş və müxtəlif maliyyə maxinasiyalarında iştirak etmiş Zeynalov öz çoxmilyonluq sərvətini heç kimlə bölüşmək istəmir.
Bütün aktivlərini bankın adına keçirməklə, Zakir Zeynalov “qeyri-şəffaf oyun” aparır, elə bir oyun ki, qaydalarını özü müəyyən edir. Onun oğlu Emin isə sadəcə atasının planının icraçısıdır”, -deyə mənbə diqqətə çatdırıb.
“Qızıl oğlanlar” sırasından olan və maliyyə incəliklərinə o qədər də bələd olmayan 30 yaşlı Eminin təkbaşına belə hiyləgər fırıldaq sxemi qurması inandırıcı deyil.
Ata-balanın hazırda bankın adına rəsmiləşdirilmiş daşınmaz əmlakı bir müddət sonra geri qaytaracağı və ailənin kapitalını daha da artıracağına heç bir şübhə yoxdur.
“Günay Bank” Azərbaycanda 1992-ci ildən bəri fəaliyyət göstərir. 2015-ci ilin böhranına baxmayaraq, bank “ayaq üstə” qalmağı bacarıb və fəaliyyətini davam etdirib. Bundan başqa “Günay bank” ötən ili ziyansız başa vurmuş azsaylı banklardandır.
Bankın əsas səhmdarları Mahmud Məmmədov və onun həyat yoldaşı Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89,76 faizinə sahibdir. Mahmud Məmmədov bankın müşahidə şurasına başçılıq edir.
2017-ci ilin məlumatlarına görə, bakın ümumi aktivləri 186 milyon manat təşkil edir. Beləcə, Emin Zeynalov faktiki olaraq bankın xəzinəsini boşaldıb.