83939048-62af-41d0-b411-0b6d1684d300..jpg

Günay İbrahimlidən Dil Komissiyasına etiraz: “Konstitusiyanı oxuyun“

Baxış sayı: 706 dəfə baxılıb.

Günay İbrahimlidən Dil Komissiyasına etiraz: “Konstitusiyanı oxuyun“

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən
istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları
təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların
siyahısında müğənni Günay İbrahimlinin “O kimdir ki?” nəğməsi də yer alıb.

Müğənni bu barədə sosial şəbəkə hesabında yazaraq dərc olunmuş siyahıya etiraz
edib:

“Azərbaycan Respublikasının Konstitusiyası Maddə 51. Yaradıcılıq azadlığı I.
Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və
başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Bu gün
mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı
siyahıda mənim də adımın yer aldığını gördüm.

Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi
əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamın və adımın o siyahıya
salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti,
özünəqəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir
siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab
edirəm.

Nədənsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa
kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o
kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu
addımı atıb.

Hər nə isə. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, “ziyalı”,
guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi, mənim “O
kimdir ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə
qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya intihar səviyyəsinə çatıb? Əllərində
statistika və rəqəmlər varmı?”

İfaçı bunu çirkin böhtan adlandırıb:

“Təbii ki, bu yanaşma mənə qarşı çirkin böhtandır. O şəxsləri Azərbaycan
Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimisə təftiş edərkən
ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını
əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var.

Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını
şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm.

Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə,
kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa, bu
işi görməsə yaxşıdır”.

Source link