725fc5a6-716a-4077-b8ed-bbda4c514c8f..jpg

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? – FOTO

Baxış sayı: 523 dəfə baxılıb.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri
gözləyirlər? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə
qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.

Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən
tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab
mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük
məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi
universitetlərinin ərazilərində tələbələr üçün velosiped kirayəsi pulsuzdur.
Rusiya isə tələbələri üçün ictimai nəqliyyatda gediş haqqını azaltmaqla yanaşı,
muzey, teatr və kinoteatr biletlərində böyük endirimlər tətbiq edir. Yayda isə
onlar tələbə düşərgələrində ödənişsiz dincələ bilərlər. Yaponiyada tələbələrə
onların ali məktəbdə oxuduqlarını təsdiqləyən biletlə yanaşı ikinci bir kart
verilir: onun vasitəsilə gənclər universitetin yerləşdiyi prefekturanın fərqli
məkanlarında güzəştlər əldə edə bilirlər.

Azərbaycanda isə tələbələr üçün təhsil haqqında müəyyən güzəştlər tətbiq
olunur. Şəhid ailəsi statusunu almış ailənin üzvü, valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş, I və II dərəcə əlilliyi olan, habelə
sağlamlıq imkanları məhdud tələbələr dövlət ali, orta ixtisas və peşə təhsili
müəssisələrində təhsil haqqından azad olunurlar.

Tələbələrdən daha hansı güzəştlərin tətbiq olunmasını istədiklərini soruşduqda
isə onlar ictimai nəqliyyatda gediş haqqında, idman zallarında, təhsil
müəssisələrinin yeməkxanalarında endirimlər edilməsini, həmçinin
maarifləndirici tədbirlərin, layihələrin, alimlərlə və ixtiraçılarla görüşlərin
ödənişsiz təşkil olunmasını məqbul saydılar.

Maraqlıdır, ölkəmizdə tələbələr üçün başqa hansı güzəştlər tətbiq oluna bilər?

Təhsil eksperti Məzahir Məmmədli Cixisyolu.com-a açıqlamasında bildirib ki,
tələbələrimiz bu məsələ ilə bağlı təhsil aldıqları universitetlərin
rəhbərliyinə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, təəssüf ki,
cavab ala bilməyiblər:

“Düşünürəm ki, universitet tələbələrini ictimai nəqliyyatda gediş haqqında
güzəştləri ehtiva edən kartlarla təmin etməlidir. Həmçinin, həftədə bir neçə
dəfə fərqli muzeylərimizdə “açıq qapı” günləri təşkil olunmalıdır ki, tələbələr
bunlardan rahatlıqla yararlana bilsinlər”.

Ekspert sovet vaxtı tələbələr üçün tətbiq olunan sistemin (ildə bir dəfə 2
manat 50 qəpik ödəniş etməklə bütün nəqliyyat vasitələrində ödənişsiz istifadə
hüququ) müəyyən dəyərlər nisbətini nəzərə alaraq yenidən nəzərdən keçirilməsi
fikrini irəli sürüb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu fikirdədir ki, tələbələrin ən
çox ictimai nəqliyyatda güzəştlərə ehtiyacı var:

“Bir çox Avropa ölkələri tələbələrini müəyyən güzəştli kartlarla təmin
edirlər. Bu kartlar vasitəsilə tələbələr, xüsusən ictimai iaşə və digər
müəssisələrdə endirimlərdən yararlana bilirlər.

Ölkəmizdə tələbələr üçün təhsil haqqı ilə əlaqədar müəyyən güzəştlər tətbiq
edilsə də, ictimai nəqliyyatda heç bir güzəşt yoxdur. Düşünürəm ki, ictimai
nəqliyyatda endirimli kartların tətbiqi yaxşı olardı”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) mətbuat katibi Fidan
Həsənova isə Cixisyolu.com-a açıqlamasında bildirib ki, orta statistik tələbənin
birgünlük xərci təxminən 10 manat təşkil edir:

“Bu məbləğin də əsas hissəsini yol və qidalanma xərcləri təşkil edir. ATGT
Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC-yə yol xərcinin yarıya
endirilməsi istiqamətində layihə təklifləri göndərib. Layihəyə görə, tələbə
biletini təqdim etməklə endirimdən yararlana bilməlidir. Həmçinin, bəzi təhsil
müəssisələri ilə danışıqlar aparılıb və onların bufetlərində satılan qidalara
endirim edilməsinə nail olunub”.

F.Həsənova qeyd edib ki, tələbələr asudə vaxtlarını səmərəli keçirməli,
əyləncəyə də zaman ayırmalıdırlar, buna görə də müvafiq məkanlarda onlara
endirimlər edilməsi arzuolunandır:

“Gənclərin bəyəndikləri ulduzların Bakıdakı konsertlərində, müxtəlif
festivallarda tələbələrə özəl promokodlar vasitəsilə endirimlər etmək olar.
Düzdür, bəzi kinozallarda, muzeylərdə, kitabxanalarda onlara müəyyən güzəştlər
edilir. Ancaq təəssüf ki, ölkəmizdə hətta ödənişsiz fəaliyyət göstərən bəzi
muzeylərə maraq göstərilmədiyinin şahidi oluruq. Düşünürəm ki, bunun da səbəbi
həmin məkanlarla bağlı tələbələrin məlumatının olmamasıdır. Bu xüsusda təklif
edə bilərəm ki, ölkədə tələbələr üçün yaradılan güzəştlər barədə
informasiyaları onların ən çox istifadə etdikləri platformalarda mütəmadi
işıqlandırmaq faydalı olar”.

Sevinc Əliyeva

Source link