Güney Azərbaycanda etiraz: Kəfən geyinmiş kəndli – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq bir neçə gündür Güney Azərbaycanın Salmas bölgəsinin Qaraqışlaq kəndində
əhalinin etirazı barədə xəbərlər və görüntülər yayılmaqdadır. Bu etiraz İslam
İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Kave Soda” şirkətinin Qaraqışlaq
kəndinin ərazisində 450 hektarlıq sahədə zavod tikmək qərarı məlum olduqdan
sonra başlayıb.
Zavodun məqsədi şüşə istehsalı üçün zəruri olan sodium karbonat, yaxud natrium
karbonat istehsal etməkdir, bu isə bölgənin ekologiyasına və əhalinin
sağlamlığına ciddi təhdidlər doğurur. Sakinlər, həmçinin narahatdırlar ki,
“Kave Soda”nın planlaşdırdığı 10-12 dərin quyunun qazılması və onların suyundan
hasilat üçün istifadə olunması kənddə və ətraf ərazilərdə su qıtlığı ilə
nəticələnəcək. Eyni zamanda şirkət bu zavodu tikməklə, yerli əhalini əkin və
örüş sahələrinin böyük bir hissəsindən məhrum edəcək.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə deyilib.
Məlumata görə, İran hakimiyyət orqanları Qaraqışlaq əhalisinin haqlı etirazını
və dinc ekoloji aksiyasını qəzəblə qarşılayıb və insanların tələblərini
dinləmək, onlarla dialoq aparmaq əvəzinə, yanvarın 10-da sakinlərin üzərinə
xüsusi təyinatlı qüvvələr göndərib. Etirazçıları dağılışmağa məcbur etmək üçün
onlara qarşı dəyənək və gözyaşardıcı qazdan əlavə, odlu silah tətbiq olunub,
çoxsaylı həbs həyata keçirilib. Xeyli sayda yaralı etirazçı xəstəxanaya
yerləşdirilərək nəzarətə götürülüb. Dünən Güney Azərbaycanlı Siyasi Məhbusları
Müdafiə Assosiasiyası (ADAP) Qaraqışlaq hadisələri ilə bağlı bəyanat yayıb və
hakimiyyət orqanları tərəfindən aralarında yaşlı qadın və kişilərin də olduğu
70 nəfərin həbs edildiyini bildirib. ADAP saxlanılanlardan 22 nəfərin adını
dəqiqləşdirərək qeyd edib, bu siyahıda 70, 80, hətta 85 yaşlı insanlar var.
Daha ətraflı videosüjetdə: