31d66608-8c09-4909-8484-e80f55729c83..jpg

Gürcü müxalifəti lider axtarışında – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 699 dəfə baxılıb.

Gürcü müxalifəti lider axtarışında – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir vaxtlar postsovet məkanında ən uğurlu dövlət, demokratiya modeli kimi
qələmə verilən Gürcüstan bu gün mürəkkəb siyasi durumdadır. 20 il öncə baş
verən “qızılgül inqilabı” ölkənin siyasi, iqtisadi həyatına və xarici
siyasətinə köklü dəyişikliklər gətirdi. İnqilab və onun hakimiyyətə gətirdiyi
şəxs – Mixail Saakaşvili yoxsul, təcrid olunmuş ölkə üçün yeni ümid çırağı idi.
Lakin Saakaşvilinin hakimiyyətdən getdiyi 2012-ci ildən bəri ölkədə mürəkkəb
siyasi vəziyyət hökm sürür. Ölkə nə vəd edilən Qərb strukturlarına (Avropa
İttifaqı, NATO) üzv qəbul edilib, nə də torpaqları işğaldan azad olunub.
Əksinə, torpaqlarında qondarma qurumlar yaradılıb və onlar Rusiya tərəfindən
müstəqil dövlət kimi tanınıb. Hakim “Gürcü Arzusu” Partiyası 12 ilə yaxındır
parlament, prezident və yerli seçkilərdən qalib çıxır. Bununla yanaşı, siyasi
gərginlik qalmaqdadır. Prezidentlə hökumət arasında gərginlik məhkəmə
səviyyəsinə yüksəlib. Hakimiyyət hələ ki, uğurla müxalifətin öhdəsindən gəlməyi
bacarır. Əsas müxalifət partiyası – Vahid Milli Hərəkata gəldikdə, bu siyasi
təşkilat çətin günlərini yaşayır.

“Kaspi”

qəzetinin Gürcüstandakı müxalifət barədə hazırladığı məqaləni təqdim edirik:

Saakaşvilinin partiyasında qarşıdurma

Artıq neçə vaxtdır ki, həm iqtidaryönümlü, həm də müxalifət mediası əsas
müxalifət partiyasındakı hay-küylü daxili ziddiyyətlərdən bəhs edir. Bu da
hakim “Gürcü Arzusu” Partiyasına əl-qol açmağa, fəaliyyətini genişləndiməyə
imkan verir. Bəziləri iddia edirlər ki, müxalifət razılığa gəlməsə, gələn il
parlament seçkilərində iqtidarda olan partiya yenidən böyük fərqlə qalib
gələcək. Məsələ ondadır ki, Vahid Milli Hərəkat növbəti parçalanma ilə üzləşib.

Sabiq prezident Mixail Saakaşviliyə tabe olmaqdan imtina edən keçmiş sədr Nika
Melia partiya sıralarından xaric edilib. Müvafiq qərarı partiyanın hazırkı
rəhbəri Levan Xabeişvili Formula TV kanalında canlı yayımda imzalayıb.
Partiyanın bəyanatında deyildiyi kimi, təşkilat “həlledici seçki rejiminə”
daxil olur və Melia da artıq onu təmsil etmir. Mühacirətdə olan siyasətçinin
tərəfdarları Levan Xabeişvilinin hərəkətini biabırçılıq və qorxaqlıq hesab
edirlər. Xüsusilə, bunu Melianın müttəfiqi Georgi Pataraya bəyan edir. “Yalnız
Sovet İttifaqı dövründə bir adamı partiya yoldaşlarını tənqid etdiyinə görə
qovmaq olardı. Melia uzun illərdir ki, müxalifətin qələbəsi, rifahı və uğuru
üçün mübarizə aparır”, – deyə müxalifətçi bildirib. Partiyanın digər nüfuzlu
üzvü Georgi İmedaşvili isə sədr Levan Xabeişvilini istefaya çağırıb. “Bu, gürcü
siyasətçilərinin indiyə qədər məruz qaldıqları ən biabırçı, təhqiredici və
alçaldıcı hərəkətlərdən biri idi”, – İmedaşvili bildirib. Eyni zamanda o
vurğulayıb ki, Xabeişviliyə müraciət etmir, çünki onu müstəqil fiqur hesab
etmir.

Köhnə və yeni sədrin mübarizəsi

Müxalifət partiyasının siyasi katibi, Gürcüstanın keçmiş müdafiə naziri Georgi
Baramidze də Xabeişvilinin tənqidçiləri sırasına qoşulub. Onun sözlərinə görə,
bütün fikir ayrılıqları daxili demokratik müzakirələr çərçivəsində həll
edilməli idi. Eyni zamanda, Baramidze bildirib ki, o, Saakaşvilinin tərəfdarı
olaraq qalır, lakin partiya rəhbərliyi onun da getməli olduğu qənaətinə gəlsə,
gecikmədən bunu edəcək. Digər funksioner Ana Tsitlidze deyib ki, “Melia bir il
ərzində partiyanı söyməklə məşğul idi. O, mövqeyi ilə özünü kənarlaşdırdı”.
Tina Bokuçava adlı partiya veteranı da hesab edir ki, eks-sədr tezliklə başqa
siyasi qüvvəyə qoşulacaq. “Melia Saakaşvilinin təklifini rədd edəndə və birlik
sənədini imzalamayanda qərarını verdi”, – Bokuçava bildirib.

Xatırladaq ki, Saakaşvili Gürcüstana qayıdandan (2021-ci il) və həbs
olunduqdan sonra partiyada keçmiş prezidenti nə dərəcədə fəal dəstəkləmək
barədə qızğın müzakirələr başlayıb. O dövrdə partiyaya rəhbərlik edən Melia
passivliyinə görə tənqid edildi və o, əksinə, Saakaşvilinin tərəfdaşlarını onu
devirməyə cəhd etməkdə ittiham etdi. 2023-cü ilin yanvarında partiyada sədr
seçkiləri keçirilib. Saakaşvilinin dəstəklədiyi Xabeişvili partiya
yoldaşlarının 52,58%-nin səsini qazanıb, Melia isə cəmi 40%-lə kifayətlənib.
Keçmiş sədr əvvəlcə məğlubiyyətini etiraf etsə də, tezliklə partiyadaxili
müxalifətə keçərək Xabeişvilinin və onun bütün siyasi şurasının qeyri-legitim
olduğunu bəyan edib.

Saakaşvili manifesti

Bu qarşıdurmaya son qoymaq üçün Saakaşvili yoldaşlarını partiya manifestini
imzalamağa dəvət edib. Lakin Melia manifesti imzalamayıb.

Beləliklə, gürcü müxalifəti hazırda həsəd aparılacaq vəziyyətdə deyil.
Proseslər əvvəlki seçkilərdən öncəki dövrü xatırladır. Yenə də müxalifət
sırasında ikitirəlik hökm sürür, iqtidar da bundan məharətlə istifadə edir.

Source link