Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov Gürcüstana buraxılmayacaq.
REN TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər naziri Georgi Qaxariya bəyanatla çıxış edib.
S.Qavrilovun yenidən Gürcüstana səfər etmək arzusunu şərh edən DİN rəhbəri konkret cavab verib: “Buraxılmayacaq!”
Onun sözlərinə görə, rus deputat hazırda onu hər şeydən az maraqlandırır.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun həmin vaxt Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.
Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb və vəzifəsindən istefa verib.