Gürcü politoloq: “ABŞ Qafqazı öz oyununa alət edə bilməyəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ-nin qərarının arxasında nələr dayanır? Niyə Azərbaycana humanitar və
texniki yardım etməkdən imtina edir? Bunun yalnız bir cavabı var – sülh içində
olan Qafqazı öz oyun və məqsədlərinə alət etmək. Amma bunu edə bilməyəcək”.
Bu sözləri “Report”un yerli bürosuna Gürcüstan Strateji Planlaşdırma
Mərkəzinin rəhbəri Levan Mamaladze deyib.
“Qafqazda münaqişə olmağını istəyənlər öz məqsədlərinə çatmağa çalışırlar.
Çünki Qarabağ məsələsi öz həllini tam tapdığı üçün regiona müdaxilə üçün səbəb
qalmır. Qafqazda sülhün olması Azərbaycan, Gürcüstan və Ermənistan üçün çox
vacibdir. İki ölkə arasında sülh müqaviləsinin imzalanması bölgədə sülhün
təsdiq olunması deməkdir. ABŞ-nin qəbul etdiyi qərar isə sülhə qarşıdır. Bunu
başa düşmək olmur. Çünki bir tərəfdən, ABŞ deyirdi ki, biz Azərbaycanın ərazi
bütövlüyünü tanıyırıq. Rəsmi Bakı ərazi bütövlüyünü bərpa edəndən sonra isə
belə qərar qəbul edir”.
Levan Mamaladzenin sözlərinə görə, oxşar addımlar Gürcüstan üçün də qəbul
olunub:
“Belə ki, ABŞ 2024-cü il parlament seçkilərində Gürcüstana daimi müşahidə
missiyasını göndərmək istəyir. Bu nə deməkdir axı? Bu hərəkətlərdə biz onların
məkrli planlarını görə bilərik. Qafqaza təsir gücünə malik olmaq üçün hər
vəchlə çalışırlar ki, sülhə mane olsunlar. Ona görə də tək Gürcüstan və
Azərbaycan üçün yox, həm də Ermənistan üçün bu siqnal olmalıdır. Sülh
müqaviləsini imzalayıb xalqların rifahına zidd addımlar atılmasına yol verməmək
gərəkdir”.
“İlham Əliyevin siyasəti bir daha sübut etdi ki, ərazi bütövlüyü necə bərpa
olunur. Təbii ki, bu siyasət həm bizə, həm də Ermənistana nümunə olmalıdır”, –
deyə L.Mamaladze qeyd edib.