Gürcü politoloqlar: “Fransa Cənubi Qafqazda yeni münaqişə yaratmaq istəyir” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zirehli texnikanın Gürcüstan ərazisindən Ermənistana tranziti rəsmi Bakı ilə
Tbilisi arasında müdafiə sahəsində bu il aprelin 24-də Bakıda imzalanan
əməkdaşlıq haqqında sazişin məzmununa ziddir”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında “Şəffaf Qafqaz” Yenidənqurma və
İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev deyib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti bu məsələ ilə bağlı öz mövqeyini
bildirməli və bu faktla bağlı tutarlı arqumentlər gətirməlidir:
“Çünki Azərbaycanla imzalanan sazişin məqsədi tərəflər arasında müdafiə
sahəsində əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək, habelə hərbi əməkdaşlıq
proqramlarının həyata keçirilməsi üçün praktiki əsas yaratmaqdır. Yəni qarşı
tərəfin hərbi texnika ilə təmin edilməsinə şərait yaradılmamalıdır. Əgər
hadisələr belə davam etsə, Qafqazda geosiyasi dəyişikliklər sabitliyi pozacaq
və region ölkələrinin maraqlarına zərər verəcək. Ümid edirəm ki, region
ölkələrinin liderləri Qafqazda sabitliyin qorunması və möhkəmləndirilməsi üçün
hər şeyi edəcəklər”.
Yeni Xristian Demokratlar Partiyasının sədri, siyasi şərhçi Levan Çxeidze isə
bildirib ki, Fransanın Ermənistana silah göndərməsinə daha geniş aspektdən
nəzər yetirmək lazımdır:
“Fransa dünyada yaranmış geosiyasi vəziyyətdən istifadə edib Qafqazda yeni
müharibə yaratmaq istəyir. Başa düşməliyik ki, güc Azərbaycan tərəfindədir.
Fransa silah göndərməklə tək Azərbaycanı hədəf almayıb. Bununla İrana və
Türkiyəyə də mesaj göndərmək istəyir. Rəsmi Paris regionda aktiv rol oynamağa
başlayıb. Bu səbəbdən deyə bilərəm ki, atılan addımı tək Azərbaycan-Ermənistan
müstəvisindən yox, dünyada baş verən geosiyasi fonda digər ölkələrə olan
münasibətlərdən incələmək lazımdır. Fransa elə bir dövlət deyil ki, kimə gəldi
silah satsın. Burada tək iqtisadi yox, həm də siyasi layihələrdən söhbət gedir.
İlk olaraq bu sual bizi maraqlandırmalıdır. Qarabağ münaqişəsinin bitdiyi,
Gürcüstan sülh müqaviləsinin imzalanacağı məkan olacağını açıqladığı zaman
Fransa niyə bizim regiona silah satır?”
Ekspert Vaso Kapanadze vurğulayıb ki, Qəzzada müharibə getdiyi zamanda
İsrail-Azərbaycan münasibətlərini nəzərə alaraq Paris Təl-Əvivin diqqətini
çəkmək istəyir:
“Türkiyənin də hazırkı vəziyyətdə İsraillə gərgin münasibətlərini nəzərə alan
Emmanuel Makron hökuməti regionda çaxnaşma yaratmaq istəyir. İrəvana silah
göndərilməsi məsələsində ilk olaraq Fransanı tənqid etməliyik. Çünki onlar
bilirdilər ki, bu addım ölkələr arasında münasibətlərə ziyan vura bilər.
Ermənistanı silahlandırmaq heç doğru hərəkət deyil. Regionda sülh müqaviləsinin
imzalanmasına şərait yaratmaq əvəzinə, İrəvan silahlandırılır. Bu, çox səhv
addımdır. Fransa öz problemləri ilə məşğul olmaq əvəzinə, Qafqazda aranı qatmaq
üçün çalışır. Fransada erməni lobbisi güclü olmasına baxmayaraq, ölkə
rəhbərliyinin etdiyi heç doğru hərəkət deyil”.