Gürcü politoloqu İrakli Qaribaşvilinin istefasının səbəbini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefası və hökumətdə baş verən
dəyişikliklər Bidzina İvanişvilinin siyasətə qayıdışı ilə bağlıdır”.
Bunu “Report”a açıqlamasında gürcü politoloq Levan Mamaladze deyib.
Onun sözlərinə görə, B.İvanişvilinin qayıdışı özü ilə birlikdə hansısa formada
dəyişikliklər gətirəcək: “Məqsəd korrupsiya ilə mübarizə xarakteri daşıyır və
gürcü ictimaiyyətinə qayıdışın hər şeyi müsbətə doğru dəyişəcəyi mesajı
çatdırır”.
L.Mamaladze qeyd edib ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan”
Partiyasının hazırkı sədri İrakli Kobaxidze Baş nazir, indiki Baş nazir İrakli
Qaribaşvili isə partiya sədri vəzifəsini tutacaq: “Bundan başqa, nazirlərin də
dəyişməsinin şahidi olacağıq. Baş verən dəyişikliklər islahatların hələ
başlanğıcıdır”.
Politoloq hesab edir ki, dəyişikliklər mərkəzi idarəetmə sistemindən
özünüidarəetmə sisteminə keçidə kömək edəcək: “Bu addım isə vətəndaşla
məmurları daha da yaxınlaşdıracaq və yaranmış problemlərin həllinə daha tez
nail olmağa xidmət edəcək. Hakim partiya hesab edir ki, bu cür dəyişikliklər
xalqa daha əlçatan olmağa kömək edəcək. Bir sözlə, idarəetmə sistemi daha sadə
forma alacaq”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün istefa verib.
Qərarın səbəbi hələ ki, açıqlanmayıb. O, 2013-cü ildən 2015-ci ilə qədər
hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə
yenidən Baş nazir vəzifəsinə qayıdıb.