ad535425-11b8-44f2-9924-256de10153e2..jpg

Gürcüstan “agent” axtarışında: Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında yeni çağırış – TƏHLİL

Baxış sayı: 816 dəfə baxılıb.

Gürcüstan “agent” axtarışında: Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında yeni
çağırış – TƏHLİL

Gürcüstanda hökumətlə prezidentin dərinləşən ixtilafı yeni qanun layihəsinin
qəbulu fonunda daha da dərinləşir.

Rusiyanın əsib-coşdurduğu və təlimatlar verdiyi “Xalqın gücü” hərəkatı
Gürcüstan parlamentinə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi
təqdim edərək onun qəbuluna nail oldu.

Qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən,
beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə
edən media qurumları və qeyri-hökumət təşkilatları (QHT) Gürcüstandakı “xarici
təsir agenti” kimi reyestrdən keçməli olacaqlar.

Rusiya burada yaxşı oynayıb, sənəd ABŞ-nin analoji qanununun bazasında
hazırlanıb və Moskva prosesin Gürcüstandakı “Xalqın gücü” hərəkatının müstəqil
iradəsi kimi görüntüsünün yaranmasında maraqlıdır.

Ancaq Gürcüstanda Qərbə inteqrasiya tərəfdarı olanlar qanunun Rusiyanın
narrativlərinə xidmət etdiyini və ya edəcəyini başa düşərək etiraz edirlər.
Prezident Salome Zurabişvili etirazçılara dəstək verməklə faktiki olaraq
təsdiqləyir ki, ölkənin idarəetmə panelində ciddi çatlar var.

Bir sözlə, Gürcüstanın “başı” (dövlət başçısı) Qərbdə, “bədəni” isə (hökumət)
Rusiyadadır.

Gürcüstanda Rusiyanın direktivləri ilə siyasətə böyük təsir imkanları qazanan
Bidzina İvanişvili ölkənin təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir.

İvanişvili Gürcüstanda hökuməti Rusiyanın xəttində saxlamağa nail olub,
Nazirlər Kabinetinin idarəetmədəki üstün səlahiyyətləri Prezidentin Qərbə
meylinin qeyri-effektiv siyasi nəticələr hasil etməsinə yardımçı olur.

Belə qarışıq vəziyyət Rusiyaya imkanlar yaradır ki, Qərbi Gürcüstandan
sıxışdırsın, hərçənd ki, Tbilisinin Avropanın siyasi-hüquqi dəyərlərinə
inteqrasiyasının təməli çoxdan atılıb.

Hökumətin Rusiyanın tərəfində durması təhlükəsizlik narahatlıqları ilə
əlaqədardır, yəni inteqrasiyanın əleyhinə yönələn addımlara əsaslanmır.

Bununla belə, Tbilisidəki ehtiyatlı duruş Moskvanın Cənubi Osetiya və
Abxaziyadakı münaqişələri idarə edib, təsir etmək imkanlarını genişləndirir.

Gürcüstandakı hadisələr, siyasi qalmaqallar onun tərəfdaşı Azərbaycan və
Türkiyəni də narahat etməlidir, prinsip etibarı ilə Bakı ilə Ankara Tbilisinin
Qərbə meyillənməsinin əleyhinə deyillər.

Rusiyanın Gürcüstanın üstünə qaldırdığı toppuz Bakı ilə Ankaraya Moskva ilə
danışıqlarda əlavə mövzu üzrə istiqamət verəcək.

Düzü, Münhen Təhlükəsizlik Konfransından sonra Gürcüstanın üzərini qara
buludlar alacağı gözlənilən idi.

Gürcüstanın öz təşəbbüsü ilə deyil, daha çox Qərbin təlimatları ilə
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki moderatorluğu Rusiya
üçün siqnal idi.

Düzdür, Gürcüstanda baş verən etiraz aksiyaları daha böyük siyasi problemlərin
qalaqlanmasının nəticəsidir.

Ancaq məsələni həm də Tbilisinin Qərbin əli ilə Bakı-İrəvan gündəliyinə təsir
etmək imkanları çərçivəsində nəzərdən keçirmək olar. Bu, Rusiya üçün
qəbuledilməz bir presedentdir, ona görə də düşünmək mümkündür ki, Moskva
Tbilisini öz təlimatları əsasında Bakı-İrəvan proqramına ürcah etməyə çalışır.

Gürcüstandakı böhran regiona təsir edir, onun Rusiya ilə Qərb arasında
rəqabətin xəttinə çevrilməsi Cənubi Qafqaz və Qara dəniz regionuna təhlükələr
yaradır.

Rusiya-Ukrayna müharibəsi fonundakı yeni risklər isə başağrısıdır, sülh və
təhlükəsizliyin ziddinə çevrilə bilər.

Gürcüstanda hökumətlə prezidentlik təsisatı arasında xarici siyasətə
münasibətdəki mövqelər bir-birindən daha sürətlə aralanmaqda davam edəcək.

Azərbaycan və Türkiyə proseslərin qaranlıq dalana itələnməməsi üçün Qərblə
Rusiya arasında incə manevrləri davam etdirmək çağırışı ilə üzləşəcəklər.

Aqşin Kərimov

Source link