“Gürcüstan və Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir.
Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür”.
Bu sözləri “Report”a açıqlamasında Gürcüstan parlamentinin deputatı Savalan
Mirzəyev deyib.
Onun sözlərinə görə, dövlət və hökumət başçılarının birgə səyləri nəticəsində
münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Düşünürəm ki, məhz “Gürcü Arzusu” partiyası hakimiyyətdə olduğu dövrdə
Azərbaycanla ikitərəfli münasibətlər daha da inkişaf edib və möhkəmlənib. Hakim
partiyanın nümayəndəsi, parlamentlərarası dostluq qrupunun üzvü olaraq görürəm
ki, bütün sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərilir”.
Deputat, həmçinin bildirib ki, Gürcüstan əhalisi hakim partiyanın siyasi
kursunu yaxşı bilir: “Hər kəs yaxşı bilir ki, bizim əsas məqsədimiz ölkədə
sülhün qorunub saxlanılması və ölkəni inkişaf etdirməkdir”.
“Artıq 12 ildir ki, Gürcüstan xalqının mandatını qazanırıq. Ümidvaram ki,
oktyabrın 26-da da yüksək faizlə xalqın dəstəyini yenidən qazanacağıq. Aparılan
sosioloji sorğuların ilkin nəticələri bu inamı daha da artırır”, – S.Mirzəyev
qeyd edib.
O vurğulayıb ki, bir neçə aydır Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə
şərait yaratmağa çalışır: “Onlar ölkədən kənardakı qüvvələrə müraciət edirlər
ki, hansısa formada xaos yaradılsın, asayiş pozulsun. Amma buna nail ola
bilməyəcəklər”.