459ce3e0-3e4d-479e-8f6b-4c8119c4054e..jpg

Gürcüstan QHT-lərindən ermənilərə cavab: Azərbaycanın tələbi tam haqlıdır

Baxış sayı: 601 dəfə baxılıb.

Gürcüstan QHT-lərindən ermənilərə cavab: Azərbaycanın tələbi tam haqlıdır

Gürcüstanda fəaliyyət göstərən bir sıra sülhsevər qeyri-hökumət təşkilatları
(QHT) erməni yönümlü QHT-lərin pozucu, qeyri sabitliyə və cəmiyyətdə çaşqınlıq
yaradan bəyanatlarına cavab veriblər.

AZƏRTAC xəbər verir ki, regionda sülhün və sabitliyin tərəfdarı olan QHT-lər
hesab edirlər ki, regionda uzunmüddətli sülh üçün aqressiv separatizmi təşviq
edən və ajiotaj yaradan addımlar deyil, qanunun aliliyinin təmin edilməsinə,
Ermənistan və Azərbaycan arasında danışıqların gündəliyinin həyata
keçirilməsinə yönələn addımlar atılmalıdır.

Həmçinin onların bəyanatında deyilir:

“Çox təəssüf ki, Gürcüstanda fəaliyyət göstərən bir neçə qeyri-hökumət
təşkilatları son günlərdə Gürcüstanın xəbər məkanında guya Azərbaycanın qəsdən
“humanitar böhran” və Qarabağ ermənilərinin “blokadada” saxlaması ilə bağlı
müxtəlif hesabatlar və məlumatlar yayırlar. Həmin məlumatlarda Qarabağda “yemək
çatışmazlığına görə itlərin küçəyə atılması kimi cəfəng fikirlər əksini tapıb.
Lakin bütün bunlar heç bir reallığı və həqiqəti əks etdirmir”.

Vurğulanır ki, fransız soyadlı etnik erməninin soyqırımı cinayətinin
qarşısının alınması haqqında Konvensiyanı xatırlaması və bunun əsasında bəzi
QHT-lərin yalnız bir tərəfin yaydığı rəvayət əsasında bəyanatla çıxış etməsi
bütün etik normalara beynəlxalq hüququn prinsiplərinə tam ziddir.

Sənəddə deyilir ki, heç kimə sirr deyil ki, Gürcüstan, Azərbaycan və
Ermənistanın mehriban qonşusu kimi onların arasında tezliklə sülh müqaviləsinin
bağlanmasında maraqlıdır. Bu məqsədə nail olmaq əsaslı şəkildə daha müsbət
atmosfer yaradacaq və Gürcüstanda münaqişələrin eyni universal əsasda – ərazi
bütövlüyünün bərpası və insan hüquqlarının müdafiəsi nəzərə alınmaqla həlli
üçün yaxşı stimul olacaq.

“Regionda sülhün pozulmasına xidmət edən QHT-lərin bəyanatlarından sonra, biz,
bir sıra gürcü qeyri-hökumət təşkilatları 30 il həllini tapmayan münaqişə
nəticəsində ciddi şəkildə zərər çəkmiş, münaqişənin bütün tərəflərinin
əhalisinə həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istəyirik. 30 ildir
kənardan güc alan, aqressiv separatizmdən doğan münaqişələrdən əziyyət çəkən
Gürcüstandakı QHT-lərin üzvlərinin yaddaşı yaxşı olmalıdır. Onlar
unutmamalıdırlar ki, istər Gürcüstanın işğal olunmuş regionlarında, istərsə də
Azərbaycan ərazilərinin işğalı zamanı münaqişədən həmin rayonların sakinləri
separatçılardan zərər çəkiblər. Hər hansı səbəbdən və ya səbəb olmadan xəyali
“soyqırımı”ndan yazanlar üçün əsl soyqırımı 1992-ci ildə Qaqrada gürcülərə,
Xocalıda azərbaycanlılara qarşı həyata keçirildiyini xatırlatmaq pis olmaz”, –
deyə sənəddə vurğulanır.

Bəyanatı imzalayan QHT-lər Gürcüstanda yayılan birtərəfli rəvayətlərdə
Azərbaycanın guya Ermənistandan Qarabağa gedən yolda sərhəd nəzarəti tətbiq
etməklə beynəlxalq hüquq normalarını pozması barədə fikirlərə də münasibət
bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycan tərəfinin haqlı olaraq qeyd
etdiyi kimi, bütün sərhəd perimetri üzərində nəzarət dövlətin qeyd-şərtsiz
preroqativ və suveren hüququdur. Sərhəd xəttindəki deşiklər, onun ərazisinə
nəzarətsiz daxil olmaq isə bütün hüquq normalarının pozulmasıdır. Bu məsələ ilə
bağlı fikir formalaşdırmaq üçün sizə Gürcüstanın “İşğal olunmuş ərazilər
haqqında” qanununun 4-cü maddəsini yenidən oxumağı tövsiyə edə bilərik.

Ermənistan Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmaq
qərarının qanuniliyini Beynəlxalq Ədalət Məhkəməsində mübahisələndirməyə
çalışıb və məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsini
istəyib. Ermənistan, Azərbaycana “2023-cü il 23 aprelindən sonra, Laçın dəhlizi
boyunca yerləşdirdiyi şəxsi heyəti çıxarmaq və sonrakı yerləşdirmədən çəkinmək”
əmrinin verilməsini tələb edib. Lakin, bu ilin 6 iyul tarixli qərara əsasən,
beynəlxalq məhkəmə Ermənistanın tələbini yekdilliklə rədd edib.
Hüquqşünaslardan başqa nə isə gözləmək çətindir, çünki sərhədə nəzarət hüququ
dövlətlər arasında münasibətlərdə əsas hüquqlardan biridir. Onun həyata
keçirilməsi isə heç bir halda vətəndaşların hərəkət hüququnun
məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

“Biz dərindən əminik ki, Ermənistan tərəfinin bu ilin aprelin 23-dək törətdiyi
qanun pozuntuları ilə bağlı Azərbaycanın arqumentləri də tamamilə adekvatdır.
Belə ki, 2021-ci ildə, 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi başa
çatdıqdan sonra, humanitar dəhliz olaraq elan edilmiş Laçın yolu ilə
silah-sursat, o cümlədən minaların daşınması həyata keçirilib. Nəticədə 2020-ci
ilin noyabr ayından bu günədək ikisi jurnalist olmaqla 303 azərbaycanlı mina
partlayışları nəticəsində həlak olub. Hesab edirik ki, Ermənistanın baş
nazirinin özünün dəfələrlə Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Qarabağdan
Ermənistan silahlı qüvvələrinin tam çıxarılmasının təmin edilməsi ilə bağlı
Azərbaycanın tələbi tam haqlıdır. Düşünürük ki, bu məsələyə obyektiv və
qərəzsiz yanaşan və onu anlamaq üçün ən azı minimum səy göstərən heç kəs şübhə
etmir ki, əcnəbi hərbi qulluqçuların dövlət ərazisindən qanunsuz çıxarılması
tələbləri, sərhəd nəzarəti təmin etmək tamamilə qanunidir. Hesab edirik ki,
Gürcüstan cəmiyyəti Qarabağın erməni əhalisinin reinteqrasiyası baxımından
Azərbaycanın uğurlu təcrübəsində maraqlı olmalıdır. Bunun üçün biz barışıq,
reinteqrasiya və gələcək inkişaf məqsədlərini köhnəlmiş münaqişə ritorikasının
xeyrinə torpeda edən birtərəfli təbliğat alətinə çevrilməzdən əvvəl düşünsək,
daha yaxşı olardı”.

Qeyd edək ki, bəyanata Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondu,
“Tatsreli” fondu, Gürcüstan – Qafqaz Strateji Araşdırmalar İnstitutu,
Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyası, Qələbə – Tərəfdaşlıq
Alyansı, Mülki Müdafiə Liqası və Gürcüstan Veteranlar Federasiyası təşkilatları
imza atıblar.

Məlumat üçün bildirək ki, bundan öncə Gürcüstanda fəaliyyət göstərən bir neçə
qeyri-hökumət təşkilatı “Qarabağın erməni sakinləri humanitar böhranla üzləşib”
kimi bəyanat yayıb.

Source link