“Əqli Mülkiyyət Agentliyi Gürcüstanın “1TV.CE”, “İMEDİ” və “Rustavi”
telekanallarında Azərbaycana məxsus “Basqalı” rəqsinin “Somxuri şalaxo – erməni
şalaxosu” kimi təqdim edilməsi, eləcə də “Bu qala, daşlı qala” adlı Azərbaycan
xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın
adının göstərilməməsi ilə bağlı göndərilən etiraz məktubuna cavab gözləyir”.
Bunu “Report”un əməkdaşının sualına cavab olaraq Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ermənilər tərəfindən müəllif hüquqlarının oğurlanması faktları
ilə bağlı Əqli Mülkiyyət Agentliyi araşdırmalar aparır və ona reaksiya verir:
“Bütün plagiat materiallar istər tarixi, istərsə də etimoloji və ya hüquqi
cəhətdən ifşa edilir. Gürcüstan bizə dost ölkədir. İndi seçkiyə görə gürcülərin
başı bir az qarışıb. Bizə verəcəkləri cavab və təklifləri gözləyirik”.