Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı” saxlanılıb –
VİDEO
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli
kəndində 14 yaşlı “həyat yoldaşı” Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli
bilinən 1996-cı il təvəllüdlü Alim Sadiqov üç günlük axtarışlardan sonra
saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər
Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis cinayətdə istifadə edilmiş silahlı dəlil kimi müsadirə
edib.
Aytac Şahmarovanın anası bildirib ki, qızı iki ay əvvəl Alim Sadiqov
tərəfindən “evlənmək” məqsədilə qaçırılıb. Yerli KİV-in məlumatına görə,
azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə
qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac
Şahmarova “ər evi”nə qaytarılıb.
Qeyd edək ki, cinayəti törətməsi sübuta yetirilərsə, şübhəlini 20 ilədək həbs
cəzası gözləyir.
Xatırladaq ki, hadisənin oktyabrın 5-də gecə saatlarında, “cütlüyün”
qohumlardan birinin toyuna hazırlaşdığı ərəfədə baş verdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, A.Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac
Şahmarovaya odlu silahdan üç dəfə atəş açaraq qətlə yetirib.