3562fcc4-8602-4d85-88ad-d8f2e08fcf79..jpg

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Baxış sayı: 764 dəfə baxılıb.

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və
davranışı ilə insanı valeh edirdi”

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (Gürcüstan Respublikası)
qəzetində “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar
dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi əbədilik
qazanıb” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidzenin
fikirlərinə geniş yer verilib.

Səfir müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər
Əliyevin anadan olmasının 100 iliyini dost ölkələr olan Azərbaycan və Gürcüstan
üçün əlamətdar tarixi hadisə adlandırıb:

“Çox xoşbəxtəm ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfir
işləmək mənə nəsib olub. Heydər Əliyevlə işləmək çox böyük məsuliyyət tələb
edirdi, həm də qürurverici idi. Biz istər dövlətçilik, istərsə də qonşuluq,
dostluq sahələrində ondan çox şey öyrəndik. Bu gün mən Heydər Əliyevin dahi,
təcrübəli siyasətçi və şəxsiyyət olmasından bir səfir kimi yüksək ehtiram hissi
və iftixarla danışa bilərəm”.

Diplomatın sözlərinə görə, Heydər Əliyev hər zaman Azərbaycanla Gürcüstan
arasında siyasi-iqtisadi məsələlərin həllinə xüsusi diqqət yetirirdi. Həmin
illərdə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları Heydər Əliyev,
Süleyman Dəmirəl və Eduard Şevardnadze ortaq iqtisadi problemlərin həllində
müstəsna rol oynayıblar. Xəzər dənizindən Qara dənizədək qlobal enerji və
nəqliyyat layihələrinin həyata keçirilməsinin bilavasitə təşəbbüskarı olan
Heydər Əliyev Azərbaycanın Avropada etibarlı tərəfdaşa və regionun lider
dövlətinə çevrilməsi naminə misilsiz xidmətlər göstərib.

“O, sülhün və sabitliyin bərqərar olunmasında daim Gürcüstana dəstək olub.
Gürcüstanı tarixən Azərbaycanın qonşu və dost ölkəsi hesab edirdi. Buna görə də
qədirbilən gürcü xalqı tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevi
çox sevirdi və indi də hörmətlə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini
qazanan öndər kimi əbədilik qazanıb. O, ölkəsinin maraqları naminə bütün
problemləri tez bir zaman kəsiyində həll etməyə qadir şəxsiyyət kimi ünsiyyət
zamanı öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”.

Z.Qumberidze nəzərə çatdırıb ki, dünya siyasətçiləri arasında özünəməxsus yer
tutan Heydər Əliyevin vaxtilə Gürcüstan haqqında söylədiyi çox səmimi sözlərin
şahidi olub:

“Yadımdadır, 1998-ci il fevral ayının 25-də Eduard Şevardnadzenin 70 illik
yubileyinin keçirilməsi nəzərdə tutulurdu. Yubiley ərəfəsində Heydər Əliyevin
Gürcüstana səfər edəcəyi barədə söz-söhbət gəzirdi. Tədbirlərin birində cürət
edib bu barədə onun planlarını öyrənməyə çalışdım. Heydər Əliyev mənə zarafatla
dedi: “Mən dostumun yanına gedirəm, bunun heç kimə aidiyyəti yoxdur, xüsusilə
səfirliyə”. Heydər Əliyev nümayəndə heyəti ilə Gürcüstana səfər etdi və
E.Şevardnadzenin yubiley tədbirinə qatıldı. Onlar uzun müddət keçmiş
xatirələrini bölüşdülər. Bu hadisə Heydər Əliyevin dostlara və həmkarlarına
olan həssas münasibətinin bariz nümunəsi idi”.

Diplomat bildirib ki, Gürcüstan daim Azərbaycanın ən etibarlı dostu olaraq
qalacaq:

“Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu layiqincə davam
etdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki,
Prezident İlham Əliyev ümummilli liderin yaratdığı dövlətin daha da
qüdrətlənməsində böyük rol oynayan dövlət başçısıdır”.

Source link