Güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələr siyahısına bir sıra
əlavələr edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən
istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda
dəyişiklik edib.
APA-nın xəbərinə görə, əmtəə operatorları, nasos qurğularının maşinistləri,
dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın
yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji
boru kəmərlərinin quraşdırıcıları siyahıya daxil edilib.
Dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları,
dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri,
dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist
köməkçiləri, parovozların qazanlarının isti yuyulması ilə məşğul olan
qazançılar, parovozların depo ocaqçıları, kükürdlü nefti və aşındırıcı
maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və
təhvil verənlər və parovozların qazan yuyucuları siyahıdan çıxarılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının
altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə
məlumat verməlidir. Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli
şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması
hallarına münasibətdə nəzərə alınır.
“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,
peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12
nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar
nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının
təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Güzəştli şərtlərlə (5 il erkən)
pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35
hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir.
Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi,
eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya
hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişiklikləri
zəruri edir.
Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər
Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş
yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.
Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilmiş
iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları
yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə
olunub.
Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və
hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək
pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.