Əxlaqsızlıq faktlarının aşkar edilməsi və aradan qaldırılması üçün Fəvvarələr meydanından sonra növbəti obyektlər qismində Bakının gecə klubları yoxlanılmalıdır.
Bunu ÇıxışYolu.Com-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov Bakıda ərəb turistləri arasında seks ticarəti nümayəndələrinə tələbatın artması problemini şərh edərkən deyib.
Onun sözlərinə görə, polis tədbirlər görməlidir, çünki bu biabırçılığı sakit müşahidə etməyə artıq güc qalmayıb:
“Mən əsl fahişəxanaya çevrilmiş gecə klublarının adını çəkmək istəmirəm. Paytaxt polisinin ərazi bölmələrində söhbətin hansı obyektlərdən getdiyini yaxşı bilirlər. Bu klublar ərəb turistlər arasında o qədər populyardır ki, onlar bura konkret olaraq fahişələr üçün gəlirlər. Buna görə də həmin obyektlərin sahiblərini məsuliyyətə cəlb etmək lazımdır ki, ölkədə fahişəliyin artımına yardım etməsinlər”.
Taksi sürücüləri dünyada “ən qədim peşə”nin inkişafına yardım etməkdə gecə klublarının sahiblərindən heç də geri qalmırlar. Əlbəttə, bunu bütün taksi sürücülərinə şamil etmək olmaz, lakin onların müəyyən qismi bu işə kömək edirlər. Bundan başqa, taksi sürücüləri turistlərin boş vaxtlarının təşkilində və ərəblərə fahişələrin çatdırılmasında iştirak edirlər.
Bu məlumatı ÇıxışYolu.Com-a Bakı şəhər Baş Polis İdarəsindən də təsdiq ediblər. İdarədən qeyd ediblər ki, ərəb dilində fikrini başa salan bir çox taksi sürücüsü var.
Turizm agentlərinin əməkdaşlarından əldə edilmiş məlumata əsasən, taksi sürücüləri gecə klublarının sahiblərindən də öz paylarını alırlar. Belə ki, gecə klubuna gətirilmiş hər bir ərəbə görə taksi sürücüsü sahibkardan 10 manat alır.
N.Bağırov qeyd edib ki, polisin bu günlərdə şəhərin mərkəzində gördüyü tədbirlərdən sonra “Torqovaya” kimi tanınan ərazidə seks ticarətinin nümayəndələrinin sayı azalıb:
“Eyni addımları gecə klublarında da atmaq lazımdır. Əgər əxlaqsızlığı minimuma endirmək istəyiriksə, fahişəliklə məşğul olan klubları bağlamaq lazımdır”.
Onun sözlərinə görə, bununla kompleks şəkildə mübarizə aparmaq lazımdır:
“Elə şeylər var ki, onları satmaq olmaz – bunlar şərəf və ləyaqətdir. Taksi sürücüləri başa düşməlidir ki, fahişələrin çatdırılması pul qazanmaq üçün yaxşı üsul deyil. Axı bütün bunlar yekunda ölkəmizin imicinə xələl yetirir”.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
Nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir:
“Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa, 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa, 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında onlayn xidmət yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir. Yəni hoteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər”.
Polisdən bildiriblər ki, bu qayda, həmçinin hotellərdə fahişələrin iştirakı ilə qeydə alınan xoşagəlməz məqamları aşkar etməyə kömək edəcək.
Ramella İbrahimxəlilova