Həbs edilən qalmaqallı direktorun mənimsədiyi məbləğ açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təhsil müəssisələrində korrupsiya hallarına qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, 2017-2022-ci
illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr
2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil
İdarəsinin müdiri vəzifəsində işləmiş Rüfət Malik oğlu Hacıyevin qanunsuz
əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Rüfət Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması,
məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların
keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi
məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən
rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və
311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə
ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.