07c06f7a-3578-47e0-9e0b-809e8515bf58..jpg

Həbsxanadakı “söhbət”ə görə iki nəfər öldü – Bakıda kütləvi davanın TƏFƏRRÜATI + FOTO

Baxış sayı: 697 dəfə baxılıb.

Həbsxanadakı “söhbət”ə görə iki nəfər öldü – Bakıda kütləvi davanın TƏFƏRRÜATI
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 fevral 2023-cü il Bakının Nizami rayonu, Keşlə qəsəbəsində ölümlə
nəticələnən kütləvi dava olur. Məlumatla əlaqədar polis və prokurorluq
əməkdaşları hərəkətə keçirlər. Məlum olur ki, hadisə yeri Keşlə qəsəbəsi, fərdi
yaşayış evlərinin yanında, avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş
meydançadır. “Ravon” markalı avtomobilin yanında, asfalt üzərində, arxası üstə
uzanıqlı vəziyyətdə qana bulaşmış halda kişi meyiti aşkar edilib. Şəxsiyyət
vəsiqəsinə əsasən məlum olub ki, ölən şəxs İlkin Rzayevdir.

Həmin gün dava zamanı yaralanan Xəyal Rəhimov səhər saat 7-də Kliniki Tibbi
Mərkəzdə vəfat edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki meyitdən götürülmüş qanda metamfetamin aşkar edilib.

Şübhəli şəxs qismində Rauf Hüseynov, Ceyhun İsayev, Ramin İsayev, Orxan
Fətəliyev tutulublar. Fevralın 13-də Fətəliyevin barəsində ev dustaqlığı
qətimkan tədbiri seçilib.

Nizami RPİ 23-cü PB-nin məsul növbətçisinin raportuna əsasən, fevralın 11-i
gecə saat 02:02-də vətəndaş İlahə Həsənova evlərinə basqın olması barədə
məlumat verib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Rauf Hüseynov 2018-ci ildə Penitensiar Xidmətin
17 saylı Cəzaçəkmə Müəssisəsində birgə cəza çəkdiyi Xəyal Rəhimovu söyüb və
aralarında narazılıq yaranıb. Buna aydınlıq gətirmək məqsədilə 2023-cü il
fevralın 11-nə keçən gecə Xəyal Rəhimov tanışı Orxan Fətəliyevlə birlikdə
Raufun kirayə yaşadığı, Ceyhun İsayevə məxsus Keşlə qəsəbəsi, Kəndçi küçəsi,
dalan 1, ev 2-nin qarşısına gəlib, evin pəncərəsini döyməklə onu və ev sahibini
səsləyib. Rauf Hüseynov və Ceyhun İsayev küçəyə çıxandan sonra, aralarında dava
başlayıb. Rauf Hüseynov üzərində gəzdirdiyi, açılıb-qatlanan bıçaqla Xəyal
Rəhimovun sol əlinə xəsarət yetirib. Orxan Fətəliyevlə Ceyhun İsayev
bir-birinin üzünə yumruqla zərbələr vurublar. Xəyal Rəhimov həmin ünvana
gəldiyi “Ravon” markalı avtomobildən dəmir dəyənəyi götürüb, üzərinə gələndə
Ceyhun İsayev aləti əlindən alıb və yaşadığı evin həyətinə tullayıb.

Onların tələbi ilə Xəyal Rəhimovla Orxan Fətəliyev ordan uzaqlaşsalar da,
təxminən 1 saatdan sonra ümumi tanışları İlkin Rzayevlə birlikdə yenidən Ceyhun
İsayevin evinin qarşısına gəliblər. Xəyal Rəhimov digər dəyənəklə evin
pəncərələrini vurub sındıranda, Rauf Hüseynov, Ceyhun və Ramin İsayev
qardaşları hər biri bıçaqlarla çölə çıxıblar. İctimai yerdə, qrup halında baş
vermiş dava zamanı Ramin İsayev bıçaqla İlkin Rzayevin qarın nahiyəsinə xəsarət
yetirib. Səs-küyə evdən küçəyə çıxan Raufun anası Qızqayıt Hüseynova onların
arasına keçib, münaqişənin qarşısını almaq istədikdə Xəyal Rəhimov dəyənəklə
qadının qoluna və ayağına zərbələr vurub. Rauf Hüseynov İlkin Rzayevin ürək
nahiyəsinə bıçaqla bir dəfə zərbə endirərək, onu qətlə yetirib. Ceyhun İsayev
baş nahiyəsinə güclü zərbə vuraraq, Xəyal Rəhimovu yerə yıxıb. Sonra yerdə, üzü
üstə uzanıqlı vəziyyətdə olan Rəhimovun bədəninin müxtəlif nahiyələrinə 8 dəfə
zərbə endirib. Həmin gün səhər Xəyal Rəhimov Klinik Tibbi Mərkəzdə aldığı
xəsarətlərdən ölüb.

Məlumata görə, həbsxanada aralarında yaranan münaqişəyə görə Rauf Hüseynov və
Xəyal Rəhimov hər ikisi 10 gün müddətinə cərimə təcridxanasına keçiriliblər.

İyunun 13-də Emil Hacıyev və Ramin Həsənovun əməlində Cinayət Məcəlləsinin
307.1-ci (ağır cinayətin hazırlanması və ya törədilməsi barəsində xəbər
verməmə) maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinə xitam
verilib. Xuliqanlıq faktı üzrə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə Orxan
Fətəliyev və qeyrilərinin barəsində cinayət işi ayrılıb.

Məhkəmə iclasında Rauf Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.
Xəyal Rəhimovla 2008-2009-cu illlərdə avtomobil təmiri sexlərindən birində
təsadüfən tanış olub:

“Onunla birlikdə narkotik vasitələrdən istifadə edirdik. 2018-ci ildə üzərimdə
narkotik maddə ilə, Xəyal isə saxta pul hazırlamasına görə tutulmuşuq. 17 saylı
CÇM-də birgə cəza çəkmişik. Əvvəl münasibətimiz yaxşı idi, amma günlərin bir
günü, orda tanış olduğum Elnur Qədeşovun ailə üzvləri barəsində Xəyal Rəhimov
əsassız nalayiq ifadələr işlətdiyinə görə, hamısının qarşısında, davranışına
görə irad bildirib, onu söydüm. 2019-cu ildə azadlığa buraxıldım. Xəyal
Rəhimovun həbsdən nə vaxt çıxdığını bilmirəm. Anam Qızqayıt Hüseynova ilə
birlikdə kirayə ev axtararkən, yeznəm Dilavər Məlikov mənə Keşlə qəsəbəsində,
qonşusu Ceyhun İsayevin həyətində kirayə ev verildiyini dedi. Bundan sonra, ev
sahibi ilə danışıb, həmin ünvana keçdik. 2023-cü il fevralın 11-də gecə həyətdə
olarkən Ceyhun İsayevin arvadı İlahə İsayeva pəncərəsinin qarşısında, küçədə
iki nəfərin söyüş söyüb, ərini çağırmalarını dedi.

Pəncərədən baxanda söyüş söyənin Xəyal Rəhimov olduğunu gördüm və evdə
qadınlar olduğunu söyləməklə, ondan nalayiq ifadələr işlətməməsini tələb etdim.
Buna baxmayaraq Xəyal daha da uca səslə söyüş söydü, səsə Ceyhun yuxudan oyandı
və mənimlə birlikdə küçəyə çıxdı. Mübahisə zamanı Xəyalın əlindən beysbol
taxtasını alıb, üzərimdəki bıçaqla ona zərbə endirdim. Xəyal bıçağı tutanda,
əli kəsildi. Məhlədə səs-küyə çıxan qonşular, yeznəm, mənim və Ceyhunun anası
hamını sakitləşdirdi. Ceyhunun anası Xəyalın əlini sarıdı. Gedərkən Orxan
Fətəliyev söyüş söyəndə, Ceyhun ona yumruq atdı. Mübahisənin bitdiyini düşünsək
də, təxminən gecə saat 2-də Xəyal Rəhimov yanında 7-8 nəfərlə birlikdə qayıdıb,
evin pəncərələrini sındırdılar. Əllərində beysbol bitaları və polis dəyənəkləri
vardı. Evdəki qadınlar kütləni görüb, evdən çıxmağımıza mane oldular. Ceyhunun
qardaşı Ramin səs-küyə həyətə çıxıb, evin sahibi olduğunu və nə istədiklərini
soruşanda, Xəyal dəmir dəyənəklə başına zərbə endirdi. Ramin yerə yıxıldı,
başından qan axırdı. Onu içəri, evə çəkməyə çalışanda, kimsə çiynimdən və
kürəyimdən taxta ilə zərbə vurdu. Həmin vaxt anam Qızqayıt Hüseynova davanın
qarşısını almağa çalışırdı. Xəyalla İlkinin anama bita ilə zərbə vurduqlarını
görəndə, qəzəbləndim. Bıçaqla əvvəl İlkinə, ardınca da Xəyala xəsarətlər
yetirdim. Heç kimi öldürmək məqsədim yox idi, yalnız özümü və yaxınlarımı
müdafiə edirdim”.

Ceyhun İsayev ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində, Xəyal
Rəhimovu tanıdığını göstərib:

“Hadisədən bir neçə gün əvvəl qəsəbədə, məscidin yanında olanda Xəyal idarə
etdiyi maşınla yanıma gəldi. Əyləşib söhbət edəndə Xəyal məndən Raufla görüşünü
təşkil etməyimi istədi. Cəzaçəkmə müəssisəsindən ədavətləri olmasını
bildiyimdən, ona qan tökülməsini istəmədiyimi dedim. Mübahisə düşəcəyindən
Raufa Xəyalın onu axtardığını söyləmədim. Gecə saatlarında yatanda pəncərələrın
qırılması səsinə oyandım. Mətbəxdən özümlə bıçaq götürüb çölə çıxdım. Xəyal
yanında 6-7 nəfərlə həyətimin darvazasından içəri daxil olanda, onlara mane
olmağa çalışdım. Raufun anası və qardaşım Raminə dəyənəklə zərbələr vuruldu.
Bıçaq əlimdən yerə düşdüyündən, ancaq dəmir dəyənəkdən istifadə etdim”.

Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq ibtidai istintaqda Ceyhun İsayev
bildirib ki, Ramin yerdən qalxaraq, gödəkçəsinin cibindən bıçaq çıxarıb və
İlkin Rzayevə zərbə vurub. Anasına kömək edən Rauf üzərindəki açılıb-bağlanan
bıçaqla İlkinin sinəsinə, sonra isə Xəyala xəsarətlər yetirib.

Ramin İsayev ittiham üzrə özünü təqsirli bilməyib. Xəyal Rəhimovdan çıxıb,
getmələrini tələb edəndə, həmin şəxs əlindəki dəmir dəyənəklə başına zərbə
vuraraq, onu yerə yıxıb:

“Huşumu itirdim. Ayılanda qadınların qışqırdığını, Xəyal və qeyrilərinin
yaxınlarımı döydüyünü gördüm. İlkin Rzayevlə qarşı-qarşıya gələndə, əlimdəki
mətbəx bıçağını ona tərəf atıb, geri çəkdim. Niyyətim onu qorxutmaq idi.
Anasının vurulduğunu görən Rauf qəzəblənərək, cibindən bıçağını çıxartdı. Rauf
İlkinin sinəsinə, altdan yuxarı zərbə vurdu. Bundan sonra Xəyal və digər
şəxslər geri çəkilməyə başladılar. Ceyhun və Rauf arxalarınca getdilər. Küçədə
Ceyhun Xəyalın başına dəyənəklə zərbə vurdu. Xəyalın yerə yıxıldığını görən
Rauf onu bıçaqladı. Bu zaman anası Qızqayıt Hüseynova oğlunu arxadan dartıb,
ondan araladı”.

Zərərçəkmiş Orxan Fətəliyev ifadəsində göstərib ki, 2 il əvvəl İlkin Rzayev
bacısı Nərmin Fətəliyeva ilə ailə həyatı qurub:

“Fevralın 10-da mən, İlkin və digər dostlarımla həyətdə olan zaman, Xəyal zəng
edib, bizi restoranda yeyib-içməyə dəvət etdi. Spirtli içki qəbul etdik. Dava
zamanı Xəyal əlindəki dəmir dəyənəklə evdən çıxan Ramin İsayevi və Qızqayıt
Hüseynovanı vurdu. Qadınlardan biri 102 xidmətinə zəng etdiyindən qaçmaq
istədik. Qaranlıq və içkili olduğumdan hər şey dəqiq yadımda deyil. Yaralanan
Xəyalı və İlkini hadisə yerindən mən çıxardım. Emil yanımda bir az dayansa da,
sonradan oradan uzaqlaşdı”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban İbrahimova ifadəsində göstərib ki,
oğlu İlkin Rzayev 2020-ci ilin noyabr ayında Daxili İşlər Orqanına qəbul
olunaraq, Xətai RPİ Post Patrul Xidmətində işləyib:

“Oğlum Nərmin Fətəliyeva ilə ailə həyatı qurduqdan sonra kirayədə
yaşayırdılar. Hesab edirəm ki, İlkini fevralın 11-də hadisə yerinə Nərminin
qardaşı Orxan Fətəliyev aparıb. Orxanın barəsində narkotiklərlə əlaqədar
cinayət işi olduğunu bildiyimdən, oğlumdan uzaq durmasını istəyirdim. Xəyal
Rəhimovla da İlkini hadisədən 1-2 gün əvvəl Orxan tanış edib. Fevralın 11-də
saat 12-də qızım mənə zəng vurub, qardaşının mobil nömrəsinə zəng çatmadığını
dedi. Polis bölməsindən zəng edib, oğlumun öldürülməsi barədə məlumat
verilməyib. Özüm saat 15 radələrində axtara-axtara İlkinin meyitinin
AzərSu-Tikinti xəstəxanasının morqunda olmasını bildim”.

O düşünür ki, Ceyhun İsayevin ədavəti olduğu üçün onun oğlunu qətlə yetirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülayə İsayeva ifadəsində göstərib ki,
fevralın 10-da maşının qapı və pəncərəsini niyə açıq qoyduğunu soruşanda oğlu
Xəyal Rəhimov deyib ki, avtomobildə dostu Emil var:

“Oğlumla telefonla bir dəfə əlaqə saxladım. Saat 22-dən sonra yatdığımdan
Xəyal barədə məlumatım olmadı. Oğlumun öldürüldüyünü mediadakı xəbərlərdən
öyrəndim. Oğlumun yas mərasimindən sonra Emil Xəyalın telefonunu gətirib mənə
verdi. İlkinin anası Mehriban xanımı axtarıb, tapdım və onunla təqsirləndirilən
şəxslərin evinə getdim. Rauf Hüseynovun anası Qızqayıtla danışdıq. Xəyalın
mobil telefonundakı audio-video fayllarına baxdım. Xəyal Orxana videogörüntülü
zəng edərək harda olduğunu soruşub və onu yeyib-içməyə çağırıb. Xəyal hadisədən
bir həftə əvvəl Ceyhuna deyib ki, evində kirayədə qalan Rauf narkomandır. Hətta
Orxan Fətəliyev Ceyhun İsayevgilin məhəlləsinə narkotik vasitə almağa gedib”.

Şahid Nərmin Fətəliyeva ifadəsində göstərib ki, mərhum əri İlkin Rzayevin
anası Mehriban İbrahimova onu gəlin kimi qəbul etmək istəməyib:

“Fevralın 11-i gecə saat 1 radələrində yoldaşımın “Whatsapp” tətbiqinə səsli
mesaj göndərən Xəyal Rəhimov ona deyib ki, yaxınlıqdakı marketin yanına gəlsin.
Xəyal İlkinə onu kimlərləsə dalaşmağa apardığını bildirməyib”.

Şahid Tərlan Abdulov ifadəsində göstərib ki, Xəyal Rəhimovu maşın alveri edən
vaxtlardan tanıyır:

“Fevralın əvvəllərində Keşlə qəsəbəsində, futbol meydançasının qarşısından
keçəndə “Ravon” markalı ağ rəngli avtomobildə, Xəyalı və Orxanı gördüm. Gedib
bir obyektdə oturub çay içdik. Söhbət zamanı Xəyal mənə həbsxanada aralarında
yaranan mübahisəyə görə, Rauf Hüseynovla görüşmək istədiyini bildirdi. Xəyalı
fikrindən daşındırmağa çalışdım. Onunla sağollaşarkən belə bir hadisə baş
verəcəyini düşünmədim. Hadisənin necə baş verməsi barədə məlumatım yoxdur”.

Şahid Ramin Həsənov bildirib ki, Rauf Hüseynovu “Elşən” adı ilə tanıyıb:

“Fevralın 11-nə keçən gecə “Koroğlu” metrosunun yanında, avtomobilə oturanda
heç kimin əlində bita və ya başqa alət görməmişdim. Sərxoş olan Xəyalı
fikrindən yayındırıb, Emillə birlikdə evinə aparmağa çalışdıq. Maşına
əyləşəndən sonra Orxanla İlkini gördüm. Maşının ön oturacağında əyləşən Orxan
Xəyalı qızışdırıb deyirdi ki, onun qanı bata bilməz, bu gecə söhbət həll
olunmalıdır”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban İbrahimova və
Gülayə İsayeva təqsirləndirilən şəxslərin hər birinə ömürlük cəza verilməsini
xahiş ediblər.

Zərərçəkmiş Orxan Fətəliyev bildirib ki, Hüseynovdan və İsayev qardaşlarından
şikayətçi deyil.

Məhkəmə hesab edib ki, Rauf Hüseynovun və Ceyhun İsayevin əməlləri Cinayət
Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə),
120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 228.4-cü (qanunsuz olaraq
soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri, Ramin İsayevin əməli
Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə
edilən əşyalarla törədildikdə) maddəsi ilə düzgün tövsif olunub. Onlar həmin
maddələrin sanksiyası həddində, təqsirli bilinməli və cəzalandırılmalıdırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Hüseynov ömürlük, Ceyhun
İsayev 20 il və Ramin İsayev 5 il müddətinə azadlıqdan məhrum olunublar.

Source link