Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı vətəndaşlara xəbərdarlıq
edib.
Lent.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici
Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi üzrə məsul Vüsal Cahangiri
məlumat verib.
Şöbə müdiri deyib ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının
sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox
ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini
yaradıb:
“Elektron viza birillik və çoxgirişli verilir. Bəzi işbaz şirkətlər və yaxud
fərdlər isə vətəndaşların başını aldadaraq elektron viza ilə Həcc ziyarətinə,
daha ucuz qiymətə aparacaqlarını bildiriblər. Bizdə olan məlumata görə, hazırda
təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanıdır. Keçən il də belə
işbazların çoxlu qurbanı olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər,
xeyli vətəndaşın pulları batıb. Bununla bağlı bizdə dəqiq məlumatlar var, həmin
şəxslərin əlaltıları bu il eyni vizalarla vətəndaşları aldadıblar.
Həcc ziyarəti üçün xüsusi viza alınır. Krallıqda Həcc ziyarətinə getmək üçün
xüsusi sahələr və ərazilər var – Ərəfat, Mina, Müzdəlifə. Bu yerlərə yalnız
Həcc vizası ilə daxil olmaq mümkündür.
Vətəndaşlardan xahiş edirik ki, bu cür təşviqedici təkliflərə aldanmasınlar.
Səudiyyə Ərəbistanı Krallığının müvafiq nazirlikləri bundan tam xəbərdardırlar
və bu barədə tədbir görməyə hazırlaşırlar. Elektron vizalarla Həcc ziyarətinə
getmək istəyənləri deportasiya və cərimələr gözləyir”.