36465930-905a-48fe-a8a3-f2500df92cb0..jpg

Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı – TƏHLİL + FOTO

Baxış sayı: 534 dəfə baxılıb.

Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı – TƏHLİL + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq olaraq növbəti tarixi anlara şahidlik etməkdəyik. 2020-ci il
müharibəsindən sonra Azərbaycanın suveren ərazilərinə yerləşdirilən Rusiya
sülhməramlı qüvvələri artıq ölkəmizi tərk etməyə başlayıb. Özü də vaxtından
əvvəl…

Mövzu ilə bağlı “Kaspi”

qəzeti məqalə dərc edib.

Birincidə itirdik, ikincidə isə…

Son 30 ildə postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, Rusiyaya məxsus
hərbi birləşmələri iki dəfə beynəlxalq səviyyədə tanınan ərazilərindən
çıxartmağa nail olub. Əgər müstəqilliyimizin ilk illərində Rusiya hərbi
bazalarının çıxarılması ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın və
məcburi köçkün ordusunun yaranması hesabına başa gəldisə, budəfəki prosesdə
qeyd olunanların tam əksinin şahidi olduq. Artıq ölkəmizdə separatizm və etnik
qarşıdurma təhlükəsi sıfırlanıb. Ərazilərimiz işğaldan tam azad edilib,
sərhədlərimiz bütövləşib. Azərbaycan suveren ərazilərində qanunun aliliyinin
təmin edilməsində üçüncü qüvvələrin yardımına ehtiyac duymur. Təbii ki, 30 il
əvvəlki ilə indiki Rusiya arasında elə də ciddi fərq yoxdur. Sovet İttifaqının
dağılması, ərazisində müharibənin getdiyi o zamanın Rusiyası ilə Ukraynada
müharibəyə cəlb edilən indiki Rusiyanın düşdüyü beynəlxalq vəziyyət eynidir.
Dəyişən sadəcə Azərbaycandır, xalqın müdrik seçimi, həmrəyliyi və müzəffər Ali
Baş Komandana, dahi liderə sahib olmasıdır.

Kremlin dəyişən baxışı

Əgər müstəqilliyimizin ilk illərində Moskva ölkəmizə özünün keçmiş
müstəmləkəsi kimi yanaşırdısa, indi vəziyyət tam fərqlidir. İki ölkə arasında
qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və bir-birinin milli maraqlarını
nəzərə alaraq məsələləri diplomatik danışıqlar yolu ilə həll etməyi hədəfləyən
siyasi iradəyə əsaslanan ikitərəfli münasibətlər mövcuddur. Alınan qərarlar
məhz bu prinsiplərə söykənir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də vurğuladığı kimi “2020-ci il
noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası
sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər
iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses
başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə
bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Hədəfə doğru addım-addım

Təbii ki, 2020-ci ildə əldə edilmiş tarixi zəfərdən sonra ölkəmizin qarşısında
dayanan başlıca vəzifə bütün ərazilərimiz üzərində suverenliyimizin tam
təmininə nail olmaq idi. Rusiya sülhməramlıları bu istiqamətdə başlıca
əngəllərdən biri kimi dəyərləndirilirdi. Bir neçə il əvvəl geosiyasi və
beynəlxalq məqamları nəzərə alan rəsmi Bakı rus sülhməramlılarının ərazimizdə
müvəqqəti yerləşdirilməsinə razılıq verdikdə müəyyən tənqid hədəflərinə də tuş
gəlirdi. Lakin keçən müddət ərzində biz tamamilə başqa mənzərənin şahidi olduq.
Mövcudluqları zamanı istər separatçılarla yaxın münasibətlərin qurulması,
istərsə də qanunsuz silah daşımaları ilə bağlı iradlar ən ali səviyyədə açıq
şəkildə bəyan edildi. Həyata keçirilən “Qisas”, Fərrux əməliyyatları, Laçın
yolunda gömrük nəzarət postunun qurulması hələ o zamandan Bakının siyasi iradə
və qətiyyətinin göstəricisi kimi dəyərləndirildi. Zaman göstərdi ki, Azərbaycan
qarşısına qoyduğu hədəflərə addım-addım, səbirlə, lakin inam və qətiyyətlə
addımlayır. Unutmayaq ki, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsini
nəzərdə tutan üçtərəfli bəyanatda konkret müddətin əksini tapması məhzİlham
Əliyevin israrı və qətiyyəti nəticəsində mümkün olmuşdu.

Dünyanın hesablaşdığı lider

Bir reallığı da xüsusi qeyd etməliyik. Azərbaycan tam müstəqil siyasət yürüdür
və heç bir qüvvə onun iradəsinə, mövqeyinə təsir edə bilməz. Qərb aləminin
Ermənistana tam dəstəyini ifadə etdiyi Brüssel görüşü ərəfəsində dünyanın ən
böyük dövlətini faktiki olaraq idarə edən ABŞ dövlət katibi Antoni Blinkenin
Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələni müzakirə etməsi,
ardınca dünyaya meydan oxuyan Rusiya Prezidenti Vladimir Putinin sülhməramlı
qüvvələrin ölkəmizdən dinc şəkildə çıxması ilə razılaşması Azərbaycanın dövlət
başçısının beynəlxalq aləmdəki nüfuz və təsir imkanlarının, avtoritetinin
göstəricisidir.

“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”

Bəli. Artıq Azərbaycanın istər qonşu, istərsə də beynəlxalq səviyyədə
ayrı-ayrı dövlətlərlə qarşılıqlı münasibətlərinə mənfi təsir göstərən Qarabağ
problemi mövcud deyil. Bu problemin aradan qalxması regional əməkdaşlıq, sülh
və sabitliyin təmini yoluna da yaşıl işıq yandırıb. Prezident İlham Əliyevin
uzaqgörən siyasətinin nəticəsi olaraq meydana çıxan bu reallıq özlüyündə
problem kimi görünən digər məsələlərin də təmkin və qarşılıqlı əməkdaşlıq
fonunda həllinə imkan verib. Elə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan
çıxarılması prosesinə başlanılması kimi. Azərbaycan xalqı 30 illik münaqişənin
yaratdığı çətinliklərin üç il kimi qısa bir müddətdə ardıcıl olaraq milli
maraqlarımıza, təhlükəsizliyimizi təhdid edən çağırışlara cavab olaraq ortadan
qaldırılmasının əyani şahididir. Bu xronoloji ardıcıllıq Azərbaycan
Prezidentinin məşhur “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”
bəyanatının əməli addımlarla nə dərəcədə uzlaşdığını, zərgər dəqiqliyi ilə
üst-üstə düşdüyünün isbatıdır. Artıq müstəqil Azərbaycan dövlətinin suveren
ərazilərində yad ölkələrin heç bir hərbi birləşməsi olmayacaq. Bu reallıq
dünyanın ayrı-ayrı ölkələrindən rus hərbçilərinin çıxmasını israrla tələb edən,
hansısa ölkəyə hərbi müdaxilə zamanı Moskvaya qarşı ardıcıl sanksiya qərarları
verən ABŞ, ermənidən daha çox erməni olmağa çalışan Fransa və digər Qərb
dövlətləri, eləcə də tarixi qələbələrimizə hər vəchlə kölgə salmaq istəyən sapı
özümüzdən olan baltalara ən layiqli cavabdır.

Source link