Həkimə veriləsi qurğuya görə rüşvət alan keçmiş xəstəxana direktoru bəraət
istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun
barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Əziz Seyidovun sədrliyi
ilə araşdırılacaq.
Mübariz Zeynalov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Məhkəmənin
ilkin hazırlıq iclası noyabrın 29-na təyin edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Zeynalov yeddi il
müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına
əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm apellyasiya şikayətinə
münasibətdə dəyişdirilib.
Hökmdən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 308.2-ci maddəsi ilə
təqsirli bilinməsi, ona CM-in 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və həmin
cəzanın CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla
qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılıb.
Mübariz Zeynalova verilmiş ittihamın CM-in 308.2-ci maddəsi ilə olan hissəsi
ittihamdan xaric edilib.
Təqsirləndirilən şəxs üzərində CM-in 311.1-ci maddəsi ilə iki il müddətinə
dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma
hüququndan məhrum edilməklə beş il altı ay müddətinə azadlıqdan məhrumetmə
cəzası saxlanılıb.
Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, xəstəxana direktoru 2021-ci il oktyabrın 19-da xidməti otağında
1 000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi
şəxsin direktoru Mübariz Ağakərim oğlu Zeynalov həmin tibb müəssisəsinin
həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının
xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına
salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi
2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi
rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı
xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.