e49f272e-0ab1-42d2-9159-5d9babc42382..jpg

Həkimlərin danışmağı qadağan etdiyi Xalq artistinin məzarına gül qoyan naməlum qadın kim idi? – FOTO

Baxış sayı: 692 dəfə baxılıb.

Həkimlərin danışmağı qadağan etdiyi Xalq artistinin məzarına gül qoyan naməlum
qadın kim idi? – FOTO

Bu gün aktyor, Xalq artisti Hamlet Xanızadənin anım günüdür. Kulis.az bu
münasibətlə aktyor haqqında on maraqlı faktı təqdim edir.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. Orta
məktəbi bitirəndən sonra atası Bəbir kişinin etirazlarına baxmayaraq indiki
İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə oranı başa vuraraq
Akademik Dram Teatrına aktyor kimi işə düzəlib.

Dostu Kamal Xudaverdiyevin evinə gedəndə onun qonşuluğunda yaşayan Nailə adlı
qadına vurulub. Aktyor 1971-ci ildə Nailə ilə ailə qurub. Onların iki qızı
dünyaya gəlib.

Teatr səhnəsində ən unudulmaz obrazı “İblis” tamaşasındakı İblis obrazı olub.
Bu tamaşada aktyorun dublyoru Həsən Turabov olub. Hər iki aktyor rolu gözəl ifa
etsələr də, İblis əsasən Hamlet Xanızadənin ifası ilə yaddaşlarda qalıb. Lakin
bu obraz aktyorun teatrdakı son rolu olub. Bu tamaşadan sonra Hamlet Xanızadə
həmişəlik teatrdan gedib.

Teatrdan uzaqlaşandan sonra baş verən 20 Yanvar hadisələri də aktyorun
səhhətinə pis təsir edib. 20 Yanvar hadisələrinin səhəri günü Hamlet Xanızadə
dostları ilə birgə şəhərin mərkəzinə gedib. Oradakı yaralıların daşınmasına,
meyitlərin tapılıb ailələrinə verilməsinə köməklik edib. Lakin aktyorun qəlbi
baş verən hadisələrə tab gətirməyib.

Ölümündən iki gün əvvəl ailə üzvlərini də götürüb doğulub boya başa çatdığı
Şağan kəndinə gedib. Qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edib, hətta
20 Yanvar hadisələrindən danışıb, ağlayıb. Növbəti gün yenidən Şəhidlər
xiyabanına gedəndə orada qəfildən halı pisləşib, başından ağrı tutub. Dostları
onu evə gətirəndə məlum olub ki, aktyorun beyninə qan sızıb. Həmin günü
xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-də 48 yaşında dünyasını
dəyişib.

Hamlet Xanızadə dünyasını dəyişənə qədər qohumları ilə münasibəti çox yaxşı
olub. Lakin onun ölümündən sonra ən yaxın qohumları belə onun ailəsini tək
qoyublar.

“Qətl günü” filmi onun son çəkildiyi film olub. Filmdən əvvəl isə Hamlet
Xanızadə Fuad Poladov və Nəsir Sadıqzadə ilə birlikdə qəzaya düşüblər. Aktyor
çox ağır əməliyyat keçirib. Həkimlər ona danışmağı və ağır işi qadağan etsələr
də, o, buna əməl etməyib və rejissor Gülbəniz Əzimzadənin dəvəti ilə “Qətl
günü” filminə çəkilib və filmdə üç fərqli rol ifa edib.

Aktyorun evində uzun illər telefon olmayıb. Bir dəfə bu barədə məmurlardan
birinə müraciət etsə də, onun xahişini nəzərə almayıblar. Buna görə də o, bir
də heç vaxt bu barədə heç kimə müraciət etməyib. Aktyora kimsə zəng vuranda,
qonşularına zəng vurub, onu telefona çağırıblar. O, da qonşuya gedib telefonla
danıb. Dünyasını dəyişəndən sonra isə Fuad Poladovun köməkliyi ilə aktyorun
evinə telefon çəkilib.

Fuad Poladovla çox yaxın dost olublar. “Qətl günü” filminin çəkilişləri
bitəndən sonra aktyorun ölməsi filmin səslənməsini yarımçıq qoyub. Onun
obrazını səsləndirmək Fuad Poladova tapşırılanda xeyli tərəddüd edib, deyib:
“Mən səsimi Hamletin səsinə oxşada bilmərəm. Oxşatsam belə, Hamletə baxa-baxa
bunu etmək mənim üçün çox çətin olar…”

Deyilənə görə, aktyorun qəbri üstünə mütəmadi olaraq bir qadın tərəfindən
qırmızı güllər qoyulub. Bu barədə aktyorun ailəsi heç bir məlumata sahib olmasa
da, kənd adamlarının dediyinə görə, hər dəfə hündürboylu bir qadın avtomobillə
gəlib gülləri düzüb, bir müddət orda ağlayıb gedib. Aktyor öləndə onun üçün ən
çox və yanıqlı-yanıqlı ağlayan qadınlardan biri rejissor Gülbəniz Əzimzadə,
digəri isə aktrisa Zərnigar Atakişiyeva olub. Onların hər ikisi Hamlet
Xanızadənin qırx mərasiminə qədər evlərinə gedib gəlib.

Source link