52e7e130-d220-4b31-b7a6-154319a20366..jpg

Həmcinslərin intim əlaqəsi: Bakı İslam Universitetinin dekanı niyə killer tutdu? – FOTO

Baxış sayı: 498 dəfə baxılıb.

Həmcinslərin intim əlaqəsi: Bakı İslam Universitetinin dekanı niyə killer
tutdu? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2011-ci il oktyabrın 31-də Bakının Xətai rayonu, NZS qəsəbəsi Sovxoz küçəsində
qətl hadisəsi baş verib. Məlumatla əlaqədar dərhal polis və prokurorluq
əməkdaşları hadisə yerinə cəlb olunurlar. 1974-cü il təvəllüdlü İlkin
Qurbanovun meyiti 1 nömrəli evin 2-ci blokunun girişində tapılır. Faktla
əlaqədar Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanılır. Məhkəmə-tibbi ekspertizasının
rəyinə görə, İlkin Qurbanovun bədənində 12 ədəd bıçaq yarası aşkar edilir.

11 ildən sonra, 2022-ci il avqustun 22-də Penitensiar Xidmətdən istintaq
orqanına göndərilən məktubda göstərilib ki, Cinayət Məcəlləsinin 177-ci
(oğurluq) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Anar Mansurovun
ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun tanışı Əhəd
Salahovun NZS qəsəbəsində adam öldürməsi müəyyən olunub.

Avqustun 26-da Baş Prokurorluq və DİN-i məlumat yayıb ki, 2011-ci il oktyabrın
31-də üzərində zorakılıq əlamətləri ilə İlkin Qurbanovun meyitinin aşkar
edilməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda cinayət işi başlanıb
istintaq aparılsa da, cinayəti törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək
mümkün olmayıb. Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi yenidən
öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Keçirilmiş istintaq-əməliyyat
tədbirləri nəticəsində müəyyən edilib ki, 1961-ci il təvəllüdlü Firudin
Məmmədovun sifarişi ilə Əhəd Salahov evinin yaxınlığında bıçaqla çoxsaylı
xəsarətlər yetirərək, İlkin Qurbanovu öldürüb. İstintaq materiallarına əsasən
hadisədən bir müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı
şəhərinin Xocalı prospektində, avtomaşında sol dirsək oynağını bıçaqla kəsərək
intihar edib. Avqustun 24-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhəd
Salahov şübhəli şəxs qismində tutulub.

Cixisyolu.com Lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını təqdim
edir.

Qətlin törədildiyi bıçaq

İstitnaqla müəyyən edilib ki, Əhəd Salahov dini məsləhətlər verməsi
nəticəsində dərin hörmətini qazanmış, şəxsiyyətinə pərəstiş etdiyi Bakı İslam
Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində işləmiş Firudin
Məmmədovla 2011-ci ilin oktyabr ayında görüşüb. Bu zaman F.Məmmədov tanışı
İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirib. Cavab olaraq Əhəd Salahov
təmənnasız sifarişi yerinə yetirəcəyini söyləyib. Cinayətin törədilməsi üsulu,
yeri və şəraitini dəqiqləşdirmək məqsədi ilə, oktyabrın ikinci yarısında, dəqiq
məlum olmayan tarixdə Firudin Məmmədov ona İlkin Qurbanovun fotoşəklini və
başqa şəxsin adına rəsmiləşdirilmiş mobil nömrə verib. Onu NZS qəsəbəsinə
aparıb, öldürəcəyi insanın yaşadığı küçəni göstərib. Bir neçə dəfə İlkin
Qurbanovun yaşadığı əraziyə gedib, cinayətin törədilməsini başa çatdırmaq və
hadisə yerindən qaçıb yayınmaq üçün əlverişli istiqamət və səmtləri öyrənməklə,
hazırlıq işlərini görüb. Oktyabrın 31-i saat saat 23:02-də Firudin Məmmədovdan
aldığı məlumat əsasında gözlədiyi mövqedən hərəkətə başlayıb, evinə gedən İlkin
Qurbanovu təqib edib. Sovxoz küçəsində yerləşən 19 nömrəli yaşayış binası ilə
üzbəüz qaranlıq ara yolda, arxadan hücum edərək, Qurbanovun kürəyinə, sonra isə
sinəsinə bıçaqla çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə, Əhəd Salahov
zərərçəkmişi həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Əhəd Salahov bildirib ki, Nizami rayonu, Çobanzadə küçəsi
ev 25 mənzil 22-də anası ilə yaşayıb. Orta məktəbi bitirəndən sonra hərbi
xidmətdə olub:

“Qayıdandan sonra, fərdi qaydada elektrik ustası işləyirdim, kikboksinglə
məşğul olmuşam. Firudin Məmmədovu 2005-ci ildə, əsgərliyə getməmişdən əvvəl,
Rövşən adlı tələbəsi olmuş şəxsin vasitəsilə tanımışam. Firudin müəllimə bir
din adamı, ağsaqqal insan kimi hörmətim getdikcə artdı, atalıq etməklə, mənə
dəyər verdi. Firudin Məmmədov İslam Universitetində dekan işləyirdi, mənim kimi
Nizami rayonunda yaşayırdı. Tez-tez ona baş çəkirdim. Ailə üzvləri olmuş arvadı
və 2 oğlu ilə tanış olmuşdum. Firudin Məmmədovun ölümündən sonra, evində təmir
işi görən zaman onun arvadı Səkinənin bacısı qızı Hürünü görüb, bəyənmişəm.
2016-cı ildə onunla evləndim. O vaxta qədər qeyri-rəsmi Tahirə Xuduyeva ilə
yaşayırdım. 2011-ci ildə Firudin Məmmədov mənə bir neçə dəfə adam öldürə
bilib-bilməyəcəyini soruşanda, hədsiz məhəbbətim olduğuna görə onun xətrinə
istənilən şəxsi öldürməyə hazır olduğumu dedim. Hadisədən bir həftə əvvəl
Firudin müəllim məni yaşadığı evinə çağırıb ilk dəfə olaraq açıq şəkildə,
səbəbini açıqlamadan İlkin Qurbanovu öldürmək lazım olduğunu bildirdi. Həmin
şəxsi heç vaxt görməmişdim.

Əhəd Salahov

Yadımdadır ki, razılıq verəndən sonra Firudin İlkinin hansısa toy məclisində
çəkilmiş fotoşəkilini göstərdi. Birlikdə taksi ilə NZS qəsəbəsinə getdik.
Avtomobil hərəkətdə ola-ola İlkinin yaşadığı evi göstərdi. Bundan sonra bir,
yaxud iki dəfə özüm cinayətə hazırlaşmaq məqsədilə həmin ərazini gəzərək,
Qurbanovun əsas yoldan piyada gələcəyi və mənim gizlənə biləcəyim yerləri
dəqiqləşdirib. Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün
mənə yeni mobil nömrə vermişdi. 15, ya 20 manata “20 Yanvar” dairəsinin
yaxınlığında, dükanlardan birində açılıb-bağlanan bıçaq alıb, hadisə gününə
qədər evdə saxladım.

Oktyabrın 31-də telefonla danışanda, Firudin İlkini evdən çıxardıb, özü ilə
harasa aparacağını və qayıdanda, evinin yanında, mənə göstərdiyi küçədə
taksidən düşürəcəyini dedi. Plana əsasən, bıçağı gödəkçəmin cibinə qoyub evdən
çıxdım və dostum Anar Mansurovla görüşərək, ondan sadə modelli mobil telefonunu
aldım. Qayıdıb, özümə məxsus telefonu işlək vəziyyətdə evdə qoydum. Bunu
etməkdə məqsədim cinayətin izini itirmək və guya, evdə olmağım barədə mənzərə
yaratmaq idi. 30 nömrəli avtobusla NZS qəsəbəsinə gələrək, orada yeni nömrəni
Anardan götürdüyüm mobil telefona yerləşdirdim və zəng edib, Firudin Məmmədova
artıq hadisə yerində olmağım barədə məlumat verdim. Xeyli vaxt keçəndən sonra
markasını və rəngini xatırlamadığım avtomobil məndən təxminən 20 metr aralıda
dayandı və İlkin Qurbanov maşından düşdü. Həmin an Firudin zəng edib, mənə
həmin şəxsin gəldiyini dedi. Bundan sonra təxminən 100 metr İlkinin ardınca
getdim”.

Aralarındakı ara məsafəni azaldıb ona yaxınlaşaraq, bıçağı çıxarıb hazır
vəziyyətdə sol əlində tutub. Ətraf qaranlıq olub. Arxadan, ilk zərbəni üstdən
aşağı kürək nahiyyəsinə vurub. İlkin ona tərəf çevrildikdə, dərhal sinəsinə və
qarnına ardıcıl bıçaqla zərbələr endirib. Yerə yıxılan şəxs ona tərəf təpik
ataraq, yaxınlaşmasına mane olub, həmçinin qışqıraraq, kömək istəyib:

“Ətrafdakı evlərin pəncərələrində işıqların yandığını görüb oradan uzaqlaşdım.
Yaralanan İlkinin yerdən qalxıb, təxminən 20 metr aralıda yerləşən 2 mərtəbəli
binanın blokuna doğru qaçdığını gördüm. Taksi ilə Neftçilər xəstəxanasının
qarşısına gəldim. Başqa taksi ilə “Xalqlar Dostluğu” metrostansiyasının yanına,
oradan ara yollarla evimə tərəf getdim. Yolda mobil nömrəni sındırıb
xatırlamadığım yerə atdım. Evə çatandan sonra Firudin Məmmədov mənə zəng etdi.
Danışıq zamanı üstüörtülü şəkildə “tapşırdığınız işi həll etdim” dedim. Növbəti
günlərdə ifşa olunmamaqdan ötrü Firudinlə əlaqə saxlamadım və görüşmədim.
Hadisəni ürəyimdə saxlamaq ağır gəlirdi. Firudin intihar etmək istəməsi haqda
mənə heç nə deməmişdi. Ölümündən bir müddət sonra Anar Mansurova NZS
qəsəbəsində bir adamı öldürdüyümü dedim. Firudin intihar edəndən sonra bulvara
gedib, bıçağı dənizə tulladım”.

Ə. Salahov deyib ki, Firudin Məmmədovla intim əlaqədə olmayıb. Onun başqa
cinayətlə əlaqəsi olub-olmaması barədə xəbərsizdir.

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnar Qurbanova ifadəsində göstərib ki,
İlkin Qurbanovla 2005-ci ildə rəsmi qaydada ailə həyatı qurub, nikahdan iki
övladları dünyaya gəlib. NZS qəsəbəsində kirayədə yaşayıblar:

“İlkin dərzi fəaliyyəti ilə məşğul olurdu, eyni zamanda işləyə-işləyə Bakı
İslam Universitetinin ruhanilik fakültəsinə qəbul olunmuşdu. 2010-cu ildə
təhsilini bitirərək diplomunu alsa da, ixtisası üzrə işləmədi. İlkinin
Universitetdə müəllim işləyən Firudin Məmmədovla çox yaxın münasibəti vardı.
Hətta Firudin müəllim evimizə İlkinin elçiliyinə gəlmişdi, toyumuzdan sonra
dəfələrlə yoldaşıma pul verib. Həmin illərdə İlkin Əmlak Məsələləri Dövlət
Komitəsində sürücü işləyən Namiq adlı tanışının vasitəsi həmin qurumda yüksək
vəzifədə çalışan Rüstəm Şahbazovla tanış olmuşdu.

Bir neçə dəfə sürücüsünün işi olduğundan ərim xidməti avtomobilini idarə
edərək Şahbazovu Gəncə şəhərinə və Cəlilabad rayonuna aparıb. İlkinin həm
Firudin Məmmədov, həm Rüstəm Şahbazovla olan tanışlığı dostluğa çevrilmişdi.
Bayram və ad günlərində bir-birilərinin evinə gedib-gəliblər, çox mehriban
münasibətləri yaranıb. 2010-cu ildən İlkin Sabunçu rayonunun Bakıxanov
qəsəbəsində yerləşən “Bakı Qeyri Parça Materialları” ASC-yə faktiki rəhbərlik
edib. ASC-nin səhmlərinin 67,7%-i İlkinə, 30%-i isə Əmlak Məsələləri Dövlət
Komitəsinə məxsus idi. Zavodu İlkinin adına Rüstəm Şahbazov keçirib və rəhbər
vəzifəsinə görə rəsmi 500 manat əmək haqqı alırdı. Maştağa qəsəbəsində 4000
dollara beş sot torpaq sahəsi alaraq, orada ev tikməyə başladıq. İlkin məndən
ayrı, digər otaqda yatırdı. Bunun səbəbini isə uşağın ağlaması ilə izah edirdi.
Ərimin müxtəlif kişilərlə intim münasibətdə olmasını bilmirdim. Bu barədə mənə
bölmədə polis əməkdaşı dedi. 2011-ci il oktyabrın 31-də gün ərzində İlkinin
əhvali-ruhiyyəsi yaxşı deyildi. Saat 20 radələrində Firudin Məmmədov evimizə
gəldi. Bir qədər söhbət edib, çay içdik. Ərim telefonla Rüstəm Şahbazovla
danışandan sonra Firudinlə birlikdə Rüstəmin Həzi Aslanov qəsəbəsində yerləşən
evinə getdi. Həmin günlərdə Rüstəm Şahbazovun ailəsi Londona getdiyinə görə o,
evdə tək idi. Gecə yarısında polis əməkdaşı zəng edib, məni 37-ci Polis
Bölməsinə dəvət etdi. Bölməyə çatanda İlkinin naməlum şəxs tərəfindən
bıçaqlanaraq, öldürüldüyünü öyrəndim. Firudin Məmmədovun və Əhəd Salahovun
yoldaşımı nə üçün qətlə yetirdiklərini bilmirəm”.

Şahid Zamir Məmmədov bildirib ki, oktyabrın 31-i saat 23 radələrində atası
Firudin Məmmədov evə qayıdan kimi, kimsə mobil telefonuna zəng edib, İlkinin
bıçaqlandığını deyib və buna görə onu bölməyə çağırılıb:

“Sonra atam İlkinin Xaçmazda keçirilən yas mərasiminə getdi. Bundan 4-5 gün
sonra atam vəfat etdi. Onun intihar etməsini mənə müstəntiq dedi. Firudin
Məmmədovun İlkin Qurbanovun qətlini qohumumuz Əhəd Salahova sifariş verməsindən
xəbərim olmayıb. Sonra polis əməkdaşları evimizə gələrək, atamın və İlkinin
fotoşəkillərini “ölüm işi” ilə əlaqədar götürüb, aparıblar”.

Şahid qismində dindirilmiş Rüstəm Şahbazov bildirib ki, 2020-ci ildən
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini
vəzifəsində işləyir:

“Bakı qeyri-parça materialları” ASC-nin İlkin Qurbanovun adına
rəsmiləşirilməsinin mənə heç bir aidiyyəti yoxdur. Hadisə baş verən gün İlkin
zəng edərək, Firudinlə birlikdə mənə baş çəkmək istədiklərini dedi. Ailə
üzvlərim İngiltərədə idi. Dostlarım 1 saat oturub, söhbət edəndən sonra çıxıb
getdilər. İlkin Qurbanovun öldürülməsi barədə mənə polis əməkdaşları məlumat
verdilər. Firudin Məmmədova zəng etdikdə o, İlkinin taksidən evinin yanında
düşdüyünü demişdi. Ölümündən sonra İlkinin ailəsinə dəfələrlə maddi yardım
göstərmişəm”.

Solda, İlkin Qurbanov

Məhkəmə iclasında Əhəd Salahov ittiham üzrə özünü təqsirli bilməyərək,
ifadəsində göstərib ki, İlkin Qurbanovu Firudin Məmmədov qətlə yetirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini
xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Əhəd Salahovun əməli Cinayət Məcəlləsinin
120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O,
həmin maddənin sanksiyası həddində təqsirli bilinərək qanunla müəyyən edilmiş
qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Salahov cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum
olunub.

Source link