Həmid Həmidov Qərb mediasında münaqişələrin işıqlandırılmasındakı ikili
standartlardan danışıb – VİDEO
“Ağ Ev qeyd-şərtsiz İsraili dəstəkləsə də, ABŞ, eləcə də Avropa mətbuatı Yaxın
Şərqdəki hadisələri hərtərəfli işıqlandırır. Lakin Azərbaycana münasibətdə
Qərbin davranışı yalnız birtərəflidir ki, bu da ikili standartların növbəti
təzahürüdür”.
Bu fikirləri “Global Media Group” şirkətinin media direktoru, tanınmış
jurnalist Həmid Həmidov səsləndirib.
O bildirib ki, nə Qərb, nə də Rusiya heç vaxt Qarabağ münaqişəsinin həllinin
və Azərbaycanın öz suverenliyini bərpa etməsinin tərəfdarı olmayıb.
Jurnalist dünya mediasında Cənubi Qafqazda baş verən proseslərə qərəzli
yanaşmanın mövcudluğunu dilə gətirib.
“Xarici ölkələrin rəsmiləri bir yana, onların mətbuatı da bölgəmizdə baş
verənləri daim birtərəfli işıqlandırıb. Burada əlbəttə ki, erməni diasporu və
onun nümayəndələrinin dünya mediası ilə əlaqələri mühüm rol oynayır. Məsələn,
biz çox sayda erməni əsilli şəxslərin Rusiya mediasında çalışdığını bilirik.
Həmçinin, Fransa və ABŞ mediasında da məhz erməni əsilli jurnalistlərin yazdığı
birtərəfli məqalələri görmək mümkündür”, – deyə H.Həmidov qeyd edib.
O vurğulayıb ki, Qərb mediasının Azərbaycana münasibətini bizim uğursuz
fəaliyyətimiz və ya yanlış yanaşmamızla əlaqələndirmək doğru deyil. Belə ki, bu
ilk növbədə həmin ölkələrin rəhbərliyinin Azərbaycana münasibətini əks etdirir
və erməni diasporunun geniş əlaqələrindən qaynaqlanır.
Daha ətraflı BakuTV-nin videomaterialında: