6e920233-ca00-4d17-bf04-acc9524d66aa..jpg

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib – FOTO

Baxış sayı: 674 dəfə baxılıb.

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi
keçirilib – FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi,
Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına
təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ardınca
layihəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Elm və
təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, özəl sektor
əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova təqaüd proqramlarının əhəmiyyətindən
danışaraq hazırda ən vacib sahələrdə təhsil almaq istəyən qızların sözügedən
proqramlar sayəsində arzularına çatdıqlarını bildirib.

Bu gün ailələrdə qızların təhsilə, idarəetməyə cəlbi ilə bağlı mövcud
problemlərin aradan qaldırılmasında bütün cəmiyyətin iştirakının önəminə diqqət
çəkən Bahar Muradova çıxışının sonunda təqaüdə layiq görülən gənc qız
tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin
Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza
atan Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer
tutur.

Təqaüd proqramlarının əhəmiyyətindən söz açan Emin Əmrullayev qızların təhsilə
cəlb edilməsi, bu prosesə dəstək göstərilməsinin prioritet vəzifələrdən
olduğunu vurğulayıb, qadınların təhsilli, geniş dünyagörüşlü olmasının uşaq və
gənclərimizin də nümunəvi tərbiyə və təhsilinin formalaşmasına təsir
göstərəcəyini bildirib.

Sonda təqaüd qalibləri olan gənc qız tələbələri təbrik edən Emin Əmrullayev
onların da öz növbələrində daha çox insanın yaxşı təhsil alması üçün əllərindən
gələni edəcəklərinə əminliyini vurğulayıb.

Çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu
il üçün təqaüd alan gəncləri təbrik edib. Növbəti illərdə sayın daha da
artacağına inamını ifadə edən komitə sədri bildirib ki, bu gözəl təşəbbüsə
bütün təşkilat və sahibkarların qoşulması, dəstək göstərənlərin sayının
çoxalması önəmlidir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqaüd alan
qızların əksəriyyətinin yüksək bal topladıqlarını bildirib. Fondun indiyədək
həyata keçirdiyi layihələr, təqaüd proqramlarından söz açan sədr bu sahədə
əməkdaşlığın genişləndirildiyini vurğulayıb.

Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “British
Petroleum”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasına təşəkkürnamələr verilib. Bununla yanaşı, dəstək göstəriləcək
54 tələbəyə sertifikat və gül dəstələri təqdim edilib.

Source link