b285b22e-19eb-419c-88be-e83d8ce6bf76..jpg

Hər şeyin təzəsi, kinonun köhnəsi: Niyə yeni filmlər keçmişdəkilər qədər baxımlı deyil?

Baxış sayı: 484 dəfə baxılıb.

Hər şeyin təzəsi, kinonun köhnəsi: Niyə yeni filmlər keçmişdəkilər qədər
baxımlı deyil?

Demək olar ki, hamımızın dəfələrlə izləməkdən yorulmadığı və hər dəfə eyni
həzlə izlədiyi filmlər var. Lakin elə filmlər də var ki, əksəriyyətimiz hər
dəfə televiziyada yayımlandıqda, yaxud hər hansı fraqmentləri sosial
şəbəkələrdə qarşımıza çıxdıqda əvvəlki maraqla ona tamaşa etməkdən özümüzü
saxlaya bilmirik.

Xüsusən də, köhnə Azərbaycan filmlərini bu kateqoriyaya aid edə bilərik.
Maraqlıdır ki, hətta o dövrdə yaşamayan gənclər belə keçmiş filmlərimizi
təkrar-təkrar izləyirlər. Son dövrlərdə çəkilən kinolara eyni formada izləyici
marağının olduğunu deməksə çətindir.

Bəs bu gün kino sənəti niyə belə vəziyyətdədir?

Xalq Artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva
Bizim.media-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda kino, demək olar
ki, yox dərəcəsindədir.

Buna səbəb, keçmiş kinoların çox ciddi rejissorlar tərəfindən çəkilməsi və
onlara çox ciddi münasibət göstərilməsi idi:

“Keçmişdə çəkilən kinolar sənət əsərləri idi. Əsl kino çəkmək üçün şərait də
var idi, yüksək sənət sahibi olan aktyorlar da. Ona görə onların oyun tərzi,
ssenari, rejissor işi, operator işi, rəssam işi hamısı vəhdət təşkil edirdi. Ən
sonda da bunun sayəsində gözəl, monumental sənət əsərləri, eləcə də tamaşalar
yaranırdı”.

Xalq artisti Azərbaycan gəncliyinin köhnə filmləri bəyənməyib, yeni çəkilən
“filmləri” şedevr saydığına görə məyus olduğunu, buna görə yeni filmlərə
çəkilmək istəmədiyini deyir:

“Son dövrlər bir-iki filmdən başqa mən normal film görmürəm. İstənilən çəkiliş
“kino” adı ilə tamaşaçıya təqdim olunursa, bu onların yaxşı film olması demək
deyil. İstedadlı aktyorlarımız var, ancaq onlara da rejissor, operator,
ssenarist lazımdır ki, yaxşı bir iş alındırsınlar. Bildiyim odur ki, bu filmlər
sabun köpüyüdür, sabun köpüyü isə heç vaxt yadda qalmır.

Çox təəssüflər olsun ki, ssenarist, operator, rejissorumuz da var, ancaq bu
formada filmlər çəkilir. Mən müasir filmlərdən təklif alsam da, sənətimə hörmət
edərək çəkilmək istəmirəm. Çox istərdim istedadlı rejissorlar üzə çıxsın.
Hazırkı vəziyyət sübut edir ki, mütləq istedadlı insanlar yetişdirilməlidir.
Çox təəssüf ki, istedadların çoxu da ya xaricə gedib Azərbaycana qayıtmır,
yaxud şərait olmadığı üçün film çəkə bilmir. Bəlkə də var, biz onları görmürük.
Çünki arada qığılcım görünsə də, onlar üçün şərait və imkan yaradılmalıdır”

Xalq artisti Şamil Süleymanlının fikrincə, indiki filmlər, keçmişdəkilər kimi
insanlığa mesaj ötürmür.

Kinonun əvvəli, sonluğu bilinmirsə, mənası yoxdur və əlbəttə ki, həmin filmlər
tez də unudulacaq:

“Kino sanki bir danışıq dilidir. Onun dilini bilmədən uğur qazanmaq
mümkünsüzdür. İncəsənət fərqlilik və ustalıq tələb edir, eynilə kino da
belədir. Keçmiş kinolarda kino sənə nəsə deyirdi. Rejissor da çalışırdı ki,
kino vasitəsilə sənə nəsə ötürsün. Təəssüf ki, indi bunu görmək olmur.

Kino sirli aləm kimidir, əvvəlcə onun sirrini öyrənmək lazımdır. Bunun adı
peşəkarların dilində montaj, operator işi, aktyor sənətidir. Kino, aktyor
sənəti tamam başqadır. Köhnə aktyorlar, məsələn Rasim Balayev və bir çoxları
başdan ayağa kino aktyorlarıdır. Buna görə də keçmişdə görülən işlər, oynanılan
obrazlar heç vaxt yaddaşlardan silinməyəcək”.

Tanınmış aktyor, rejissor, ssenari müəllifi və videobloqer Taleh Yüzbəyovun
mövzuya yanaşması isə Xalq artistlərindən fərqli olub.

Onun sözlərinə görə, kino büdcə tələb edən sahələrdən biri olduğuna görə,
hazırda bu sahədə ən böyük çətinliklərdən biri məhz maddiyyatdır:

“Səthi nəzər salsaq, görmüş olarıq ki, sovet dövründə və əvvəl çox yaxşı
kinolarımız olub. Çünki kino bizdə 1898-ci ildə yaranıb. Arada çox böyük zaman
kəsiyi var. Ona görə də müqayisə ədalətsizdir. Kino Sovet dövründə birbaşa
dövlət tərəfindən maliyyələşdirilən bir sahə olub. Yəni bunun üçün pul ayıran
bir qurum vardı. 80-ci illərin ortalarından isə kinomuzda hazırkı problemlər
yaranmağa başladı. İndiki dövrdə çox istedadlı insanlar var, onlara keyfiyyətli
işlərin görülməsi üçün sadəcə maddi dəstək lazımdır.

Bundan əlavə, film çəkmək üçün birdəfəlik və ya kreditlə pul ayıran Kino
Fondumuz da yoxdur. Hazırda müstəqil kino çəkənlər sponsorların və yaxud öz
hesablarına müəyyən qədər cəhdlər edirlər. Lakin vəziyyət ürəkaçan deyil”.

Taleh Yüzbəyov sonda vurğulayıb ki, kino sahəsinə universitetdən başlayaraq
diqqət yetirilsə, eləcə də maddi yatırım edilsə, nəticə əldə edə bilərik:

“Universitetlərdə tədris yeni forma almalıdır. Çünki mən təhsil alanda, biz
hələ də çox köhnə aktyor məktəbi kitablığından dərs alırdıq. Dünyada bu
istiqamətdə çox böyük inkişaf gedib, yəni təzə metodikalar, üsullar yaranıb.
Ona görə də, ilk növbədə tədrisin yüksək aparılmasına nail olmaq lazımdır.
Problemlər aradan qalxarsa, kinomuzda müsbət mənada böyük dəyişikliklər olar”.

Source link