Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya
çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma
mərasimi keçirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Sərhədçi” İdman Mərkəzində davam edən tədbirdə qaliblərə
kubok, tutduqları yerlər üzrə qızıl, gümüş, bürünc medallar və fəxri diplom
təqdim edilib.
Çempionatın ikinci günü 7 güləşçimiz (5 kişi, 2 qadın) 2 qızıl, bir gümüş və 2
bürünc medal əldə edərək Dövlət Himnimizi səsləndirib, zəfər bayrağımızı
zirvəyə ucaldıb.
Mübarizənin sonunda güləşçilərimiz Orxan Abbasov (79 kq) qızıl, Ceyhun
Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) bürünc, qadınlardan isə
Ruzanna Məmmədova (59 kq) qızıl, Gültəkin Şirinova (53 kq) bürünc medal
qazanaraq fəxri kürsüdə layiq olduqları yeri tutublar.
Bununla da hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında kişilərdən
ibarət sərbəst güləş üzrə millimiz 5 qızıl – Əli Rəhimzadə (65 kq), Hacı Əliyev
(70 kq), Turan Bayramov (74 kq), Orxan Abbasov (79 kq), İbrahim Yusubov (92
kq), bir gümüş – Ceyhun Allahverdiyev (61 kq) və bir bürünc – Fərid Cabbarov
(86 kq) medal qazanaraq dünya çempionu kubokunun sahibi olub.
İran millisi çempionatda ikinci, Türkiyə millisi isə üçüncü yerdə qərarlaşıb.
“Sərhədçi” İdman Mərkəzində davam edən, ölkəmizin 26 güləşçi ilə təmsil
olunduğu çempionat dekabrın 3-də başa çatacaq.