Çinin Uhan şəhərində keçirilən hərbçi idmançılar arasında VII Dünya Oyunları Azərbaycan üçün başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün boksçumuz Salman Əlizadə (-49 kq) yarımfinal görüşünə çıxıb.
İdmançımız finala çıxmaq uğrunda daha təcrübəli hindistanlı Dipakla qarşılaşıb və 0:5 hesabı ilə uduzub. Bununla da Azərbaycanın altıncı medalının bürünc olduğu müəyyənləşib.
Stend atıcılarımız – Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, eləcə də Nurlana Cəfərova və Riqina Meftəhəddinova bu gün final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Azərbaycan bu yarışa 24 idmançı ilə qatılıb. Bunlardan beşi cüdonu, yeddisi boksu (altı kişi, bir qadın), yeddisi güləşi (altı kişi, bir qadın) və beşi atıcılığı (üç kişi, iki qadın) təmsil edir. Komandamız iki gümüş və dörd bürünc medal qazanıb.
Səbuhi Musayev