Hərbçilərin mübadiləsi: Tərəflərin sülhə real töhfəsi – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması məqsədi ilə vacib
humanitar addım atılıb. Azərbaycanın iki əsirinin Ermənistanın 32 hərbçisi ilə
mübadiləsi prosesi uğurla başa çatıb.
Əvvəllər də Ermənistanla Azərbaycan arasında meyitlərin, girov və əsirlərin
mübadiləsi həyata keçirilib, bu istiqamətdə danışıqlar olub. Həmin illərdə
Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı qruplaşmaların girov
götürdüyü şəxslərin, yaxud onların qətlə yetirdiyi azərbaycanlıların nəşinin
geri qaytarılması prosesi baş verib. Həmin ərəfədə beynəlxalq ictimaiyyət,
münaqişənin həllində heç bir faydası olmayan ATƏT-in keçmiş Minsk qrupu, onun
həmsədrləri regiona səfər edir, tərəfləri atəşkəsə riayət etməyə çağırırdılar.
Bu proses düz 30 il ərzində davam edib.
Ümumiyyətlə, əsir və girovların mübadiləsi o zaman da alqışlanırdı, lakin
indiki qədər regional və qlobal miqyasda dəyərləndirilmirdi. Odur ki, dekabrın
13-də baş verən mübadilə bir çox baxımdan fərqlidir:
– ortada ATƏT-in Minsk qrupu və həmsədrlər yoxdur;
– ovaxtkı işğalçı Ermənistan Azərbaycanla diktə edən tərəf kimi danışmır;
– Azərbaycan torpaqlarını işğaldan azad edib;
– Rəsmi Bakı və İrəvan birbaşa ikitərəfli görüşə, danışıqlara razılıq verib;
– iki ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi işçi qrupun sərhədyanı
ərazidə toplantısı keçirilib, yeni görüşlərin reallaşacağı gözlənilir;
– Erməni mediasının yazdığına görə, Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla 2024-cü ilin yanvarında
ABŞ-də görüşü gözlənilir;
– Ermənistan rəhbərliyi Qarabağı birmənalı olaraq Azərbaycanın tərkib hissəsi
olaraq qəbul edir;
– keçmiş vasitəçilərin əvvəlki rol üçün canfəşanlığı azalıb;
– liderlərin birbaşa təkbətək görüşlərinin mümkünlüyü realdır və s.
Bu mübadilə tərəflər arasında etibarın artmasına səbəb olan amillərdəndir.
Məlum aksiya qarşılıqlı razılaşdırılmış fəaliyyət sayılsa da, daha çox
Azərbaycan tərəfinin atdığı humanist addım kimi qiymətləndirilə bilər. Bu,
dəyişdirilən hərbçilərin sayında da özünü göstərir – 2 azərbaycanlı hərbçi
qarşılığında 32 erməni…
Rəsmi Bakının bu addımı Ermənistan hökuməti və cəmiyyəti üçün həm də sülhə
çağırışdır. Belə qənaətə gəlmək olar ki, Azərbaycan mübadilə ilə iki ölkə
arasında sülhün yaranmasında maraqlı olduğunu, bu istiqamətdə addımlar atmağa
hazırlılığını bəyan edib.
Ermənistanın baş naziri Nikol Paşinyan 32 hərbçinin təhvil verilməsini
İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə”si adlandırıb: “Bundan sonra
biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını
artıracaq xəbərlərin artmasına səy göstərməliyik”.
O, sosial şəbəkədəki səhifəsində hərbçilərin adlarını da açıqlamışdı. Mübadilə
onun ictimai rəydə nüfuzunun artmasına müsbət təsir göstərər. Bu, Ermənistan
cəmiyyətinə sülhün xülyalardan, işğalçı müharibədən, qonşu dövlət və millətlə
müharibə etməkdən daha faydalı olduğunu göstərməkdir.
Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real
hesab edib. O qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılması
üçün səmərəli və konkret addımlar atmağa hazırdır. Ermənistan hökumətinin
başçısı ölkəsinin Türkiyə və Azərbaycanla nəqliyyat kommunikasiyalarının
açılmasının mümkünlüyünü müzakirə etdiklərini də bildirilib.
Mübadilə aksiyası sübut etdi ki, tərəflər arasında birbaşa, ikitərəfli dialoq
normallaşma prosesi üçün mühüm amildir. Bu hadisə tərəflərin bir çox
məsələlərdə razılığa gələ bilmələrinin imkanlarını da aşkarladı.
Beləliklə, hərbçilərin dəyişdirilməsi tərəflərin sülh sazişinə inamını
artırır, perspektivdə yeni təkliflərin müzakirəsini aktuallaşdırır. XİN
başçılarının görüşünün planlaşdırıldığı, sərhədlərin delimitasiyası üzrə
ikitərəfli komissiyanın reqlamentini Azərbaycan və Ermənistan hökumətlərinin
təsdiqləməsi və s. istiqamətdə sənədlərin hazırlanması, eləcə də digər səylər
sülh sazişinin imzalanması, normallaşma istiqamətində yeni addımların atılacağı
inamını artırır.
“Report” İnformasiya Agentliyi