209f0fe1-81ef-44b9-a6ee-a7d5ba23bf94..jpg

Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edilib

Baxış sayı: 886 dəfə baxılıb.

Hərbi Elmi Tədqiqat İnstitutunun Adyunkturasına qəbul elan edilib

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutu 2023-2024-cü tədris
ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi
və dissertantlıq yolu ilə qəbul elan edir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid aşağıdakı
ixtisaslar üzrə elan olunur:

– Hərbi nəzəri elmlər;

– Hərbi xüsusi elmlər;

– Hərbi təbabət;

– Milli təhlükəsizlik.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya ali təhsil pilləsinin magistratura
səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona
bərabər tutulan (tibbi təhsildə isə həkim-mütəxəssis), Silahlı Qüvvələrdə
həqiqi hərbi xidmətdə olan zabitlər və dövlət orqanlarında işləyən mülki
işçilər, həmçinin dövlətlərarası müqavilələrə əsasən xarici ölkələrin Silahlı
Qüvvələrinin zabitləri qəbul edilirlər. Mülki ali təhsil müəssisələrini bitirən
zabitlər iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-
pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa
qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan hərbi
qulluqçular (mülki işçilər) qəbul edilirlər.

Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya qiyabi təhsil üçün müraciət etmiş
namizədlər xarici dildən (ingilis, alman və ya fransız dillərindən biri, rus
dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), ali təhsil
pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində
fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dil üzrə
imtahanda iştirak etməyən namizədlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə
imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
(DİM) tərəfindən keçirilir və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. DİM
tərəfindən müəyyən edilən keçid balını toplayan namizədlər növbəti imtahanlara
buraxılırlar.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL,
Test-DaF, DELF, DALF və STANAG 2.2.2.2) malik olan namizədlər xarici dil üzrə
qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan
nəticələrinin keçid balına ekvivalentliyi Müdafiə Nazirliyi ilə
razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna tədqiqat
sahəsində müəyyən nailiyyətləri olan, ən azı iki il elmi və ya elmi-pedaqoji iş
stajına malik və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və ya
təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müraciət
edən namizədlər digər namizədlər kimi xarici dil üzrə yuxarıda göstərilən
qaydalar əsasında DİM keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər.

Dissertantlıq yolu ilə “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə
doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil
müəssisəsi, elmi müəssisə və ya təşkilat olan elmi və elmi-pedaqoji kadrlar
müraciət edə bilərlər.

Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 01.04.2023-cü il
tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və
hərbi təşkilatların, alı təhsil müəssisələrinin rəislərinə təqdim edilməlidir.

Fəlsəfə doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün
aşağıdakı sənədlər təqdim edilir:

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (mülki işçilər) üçün
təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);

– ali təhsilin magistr pilləsini bitirdikdən sonra adyunkturaya daxil olanlar
üçün ali təhsil müəssisəsinin elmi şurasının vəsatəti (əgər varsa);

– xidməti (iş yerindən) xasiyyətnamə;

– kadrların şəxsi-qeydiyyat vərəqi və ya arayış-məlumat;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

– cari il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə edilməsi barədə
arayış (əyani təhsil almaq istəyənlər üçün (bu arayış imtahanlardan öncə də
təqdim edilə bilər));

– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (azı 2
elmi məqalə).
Hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin
və həmçinin təşkilat rəisləri adyunkturaya daxil olmaq istəyən zabitlərin
(mülki işçilərin) raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 1 may
tarixinədək komanda üzrə nəzdində adyunktura olan ali təhsil müəssisəsinin
(elmi təşkilatın) rəhbərliyinə göndərirlər.

Elmlər doktoru hazırlığı üzrə adyunkturaya (doktoranturaya) qəbul üçün
aşağıdakı sənədlər təqdim edilir:

– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq
edilmiş surəti (xarici ölkələrdə təhsil almış hərbi qulluqçular (mülki işçilər)
üçün təhsil sənədlərinin tanınması haqqında şəhadətnamə);

– “Fəlsəfə doktoru” elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş
surəti (bu diplomu xarici ölkələrdə almış hərbi qulluqçular (mülki işçilər)
üçün təkrar attestasiya (nostrifikasiya) diplomu);

– çap olunmuş elmi işlərin siyahısı;

– dissertasiyanın açıq planı;

– dissertasiyanın aid olduğu sahə üzrə iki elmlər doktoru elmi dərəcəsi olan
mütəxəssisdən alınmış yazılı rəy;

– xidməti (iş yerindən) xasiyyətnamə;

– əmək kitabçasından çıxarış (mülki işçilər);

– kadrların şəxsi-qeydiyyat vərəqi;

– tərcümeyi-hal;

– 2 ədəd fotoşəkil (3×4 ölçüdə);

– şəxsiyyəti təsdiq edən sənədin surəti.

Hərbi hissə komandirləri, hərbi-elmi (elmi tədqiqat) və hərbi təşkilatların,
ali təhsil müəssisələrinin rəisləri adyunkturada təhsil almaq üçün müraciət
etmiş namizədlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 15 aprel
2023-cü il tarixinədək Milli Müdafiə Universitetinin rektoruna göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi 136, “Qızıl Şərq” hərbi şəhərciyi.
Milli Müdafiə Universiteti.

Əlaqə telefonu:

(051) 863-43-54;

(055) 700-52-64;

(012) 404-18-49

Source link