Hərbi güc tətbiqi ssenarisi masaya qayıdır – ŞƏRH
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan
ərazilərində separatçılığı dəstəkləyən, gələcək üçün hərbi təxribatlar
hazırlayan əməllər davam etməkdədir.
Azərbaycan Müdafiə Nazirliyi martın 11-də açıqladığı məlumatda Ermənistan
silahlı bölmələrinin və qeyri-qanuni erməni dəstələrinin şəxsi heyətinin
sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərə daşınmasını bəyan etdi.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun hərəkət marşrutu kimi seçilməsi
Rusiyanın Ermənistana dəstəyinin nəticəsi kimi ortaya çıxır. Çünki ermənilərin
hərbi avtomobil karvanlarını Rusiya sülhməramlılarının döyüş maşınları müşayiət
edir.
Məlumatda diqqəti çəkən başqa bir məqam Ermənistanın silahlı qüvvələrinin
prosesdəki iştirakına dair ötürülən informasiyadır.
Bu o deməkdir ki, Azərbaycan 10 Noyabr Bəyanatının icrasında yaranan
problemləri aradan qaldırmaq üçün öz ərazilərinə silah daşınan mənbələri də
aradan qaldırmaq hüququna malikdir.
Üstəgəl, Ermənistana dəstək və ya belə dəstək üçün əsaslar verən dövlətlərə
çatdırılmalıdır ki, onlar hərbi-siyasi xarakterli, təcavüzkar separatizmlə
şərtlənən qüvvələri ayaqlandırırlar.
Yəni Azərbaycanın mənəvi və hüquqi haqları var ki, prosesi ayrı-ayrı
dövlətlərin separatçı meyilləri qızışdırmaq cəhdləri kimi təsnif etsin.
Bu, daxili sabitliyə, ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş
terrorçu fəaliyyətdir. Bakı danışıqların mənasız olduğunu görüb, güc tətbiq
etməklə qanunazid fəaliyyətlərə son qoymaq haqqını özündə saxlayır.
Çünki Azərbaycana qarşı atılan addımlar işğala geri qayıtmaq, onun
nəticələrini rəsmiləşdirmək cəhdləridir.
Belə olan halda, Azərbaycan antiterror əməliyyatları keçirib qanunsuz silahlı
dəstələri, eləcə də silahların yola çıxdığı mənbəni zərərsizləşdirmək
hüququndan istifadə edə bilər.
Deməli, birinci halda daxili təhlükəsizlik üçün sərhəddən uzaqda, bunun
nəticələrinin daimiliyini təmin etməkdən ötrü isə Ermənistanla sərhəd zolağında
paralel hərbi güc tətbiqi ssenarisi masaya qayıdır. Bu, Şərqi Zəngəzurla
Qarabağ iqtisadi rayonu arasındakı təhlükəsizlik bağlarının bərkidilməsi
üçündür.
Hələlik Azərbaycan siyasi, diplomatik yollarla Ermənistanla sərhədin Laçın
yoluna daxil olan hissəsində sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasına
çalışır.
Ancaq bu vasitə ilə nəticə əldə etmək müşkülə çevrilir, ona görə də Azərbaycan
qısa müddətdə alternativ variantı işə salıb istədiyini əldə edə bilər.
Azərbaycan dövləti Müdafiə Nazirliyi səviyyəsində yaydığı məlumatlar və
xəbərdarlıqlar, Xarici İşlər Nazirliyi səviyyəsində diplomatik-siyasi
bəyanatlarla bu tezisi üstün saxladığını nümayiş etdirir.
Aqşin Kərimov