Hərbi Hava Qüvvələrində MAXE olmaq istəyənlərin DİQQƏTİNƏ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi
xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli
həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2024-cü il
mayın 13-dən iyunun 14-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində
fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na
qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən
hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə
Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim
Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər
qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin
fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən
imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır
və onlar ixtisaslarına uyğun mühəndis hərbi hissələrində müvafiq vəzifələrə
təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim
etməlidir:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
– şəxsiyyət vəsiqəsinin surəti (1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin surətləri (uşaq olduqda, 1
nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və
yaşayış yeri haqqında arayış (1 nüsxədə);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6
sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji
və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi
barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu,
Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun
Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 13 may 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixədək
hər gün (bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə
haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə)
müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun
ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul
üçün müraciət etməmələri xahiş olunur.