7b4f8666-d3fd-4a6c-82eb-fccfc95f0091..jpg

Hərbi hospitalın rüşvət alan əməkdaşlarının cəzaları artırılıb

Baxış sayı: 2. 155 dəfə baxılıb.

Hərbi hospitalın rüşvət alan əməkdaşlarının cəzaları artırılıb

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və
hospitalın digər əməkdaşı Hüseyn Ağayev barəsindəki hökmdən verilmiş protestə
baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən
iclasda qərar olunub.

Hakim Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti dövlət ittihamçısı
tərəfindən verilmiş protesti qismən təmin edib.

Qərara əsasən, təqsirləndirilən şəxslər – Vüsal Eyvazov və Hüseyn Ağayevin hər
birinin cəzası bir il artırılıb.

Hərbi hospital əməkdaşları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs
olunublar.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik
Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin
icrası zamanı həmin hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun
vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən
birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində
aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini
rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və
Hüseyn Ağayev cinayət başında yaxalanıblar. Vüsal Eyvazov Cinayət Məcəlləsinin
311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5,
311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə
təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsi ittiham olunan şəxslərə münasibətdə Cinayət Məcəlləsinin
62 (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Hökmə əsasən, Vüsal Eyvazov iki il, Hüseyn Ağayev bir il altı ay müddətinə
azadlıqdan məhrum edilib.

Source link