Hərbi xidmətə çağırışla bağlı qanun pozuntularının RƏSMİ STATİSTİKASI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində
(SHXÇDX) vəzifəli şəxslərin qanunazid əməlləri barədə araşdırmanın nəticələrini
açıqlayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Prokurorluq orqanlarına SHXÇDX tərəfindən təqdim olunan məlumatlar və vətəndaş
müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazid əməllərin törədilməsində
vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma
aparılıb.
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə
qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material
üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş
müraciəti üzrə araşdırılıb).
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq
aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə
digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə
hazırda araşdırma davam etdirilir.
Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə
SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun
pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə
isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18
material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i
isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər
materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Qurumdan bildirilib ki, hərbi xidmətə çağırışla bağlı törədilən
qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə
bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın
verilməsi təmin olunacaq.