Hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən şəxs ifşa edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri
davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil
almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ
rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz
əməlləri ifşa edilib.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
aparılan araşdırma zamanı Fuad Elçin oğlu Xəlilov tərəfindən 2023-cü ildə
müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə
iki nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya
Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun
müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300
manat pul almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2
(dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama
və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün
aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı
kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.