Həsən bəy Zərdabinin anım günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy
Zərdabinin anım günüdür.
Cixisyolu.com xatırladır ki, Həsən bəy Məlikov (Zərdabi) 28 iyun 1837-ci ildə keçmiş
Göyçay qəzasının Zərdab kəndində anadan olub.
O, ilk təhsilini Zərdab kəndindəki mədrəsədə alıb. Burada ərəbcə və farsca
öyrənən Həsən bəy Zərdabi 1852-ci ildə Şamaxı şəhərində rusca dünyəvi təhsil
verən məktəbə yazılıb.
1861-ci ildə məktəbi uğurla bitirərək dövlət təqaüdü ilə Moskva Universiteti
Fizika-Riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa göndərilib.
1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirib. Ali təhsil ocağını
əla qiymətlərlə başa vurduğuna görə elmi iş üçün universitetdə saxlanılması
qərarı qəbul edilib. Lakin xalqına, millətinə xidmət etmək arzusu onu
Azərbaycana gətirib.
Zərdabi universiteti bitirdikdən sonra Bakıda məktəbdə təbiət elmləri üzrə
müəllim kimi işə düzəlib.
Bununla da onun həyatında yeni dövr – maarifçilik, xalqın savadlanması, ana
dilində təhsil uğrunda mübarizə mərhələsi başlayıb. Lakin problemin çətinliyi
onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada
çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Həmin
dövrdə burada azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da Həsən
bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat
aparmağı qarşısına məqsəd qoyub. O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə
Bakıda “Cəmiyyəti-xeyriyyə” yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi
gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov
(Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə
“Cəmiyyəti-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olub.
Həsən bəy Zərdabi həm də Azərbaycan peşəkar teatrının yaradıcılarındandır.
Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirovla Əsgər ağa Adıgözəlovun
fəal iştirakı ilə 1873-cü ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” və “Lənkəran
xanının vəziri” komediyaları tamaşaya qoyulub.
O, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verib. 1901-ci
ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək
göstərib.
Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap
etmək üçün hökumətə müraciət edib. Bununla əlaqədar böyük mütəfəkkir
İstanbuldan hürufat gətirib və nəhayət, xeyli zəhmətdən sonra 1875-ci il iyulun
22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin
nəşrinə müvəffəq olub. Bu mətbu orqanla Azərbaycan milli mətbuatının əsası
qoyulub.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam
etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində
qəzetin 56 nömrəsi işıq üzü görüb.
Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokrat
naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında
görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə
xalqa çatdıra biliblər.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub.
Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki il yaşasa da,
xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb. Zərdabi
ölümünə yaxın iflic keçirib. Lakin o, ömrünün sonuna qədər “Kaspi” qəzetindəki
vəzifəsini davam etdirib. 28 noyabr 1907-ci ildə vəfat edib.
O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da,
1957-ci ildə Həsən bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən qəbri
Fəxri xiyabana köçürülüb.